Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:56
«TƏKCƏ DÜKANI DAĞITMAQ İŞİNƏ BAXDILAR»

«Mənim yoldaşımın heç ölüm işinə baxmadılar. Təkcə dükanı dağıtmaq işinə baxdılar. Əvvəldən yazmışdılar ki, 250 manatlıq ziyan vurulub, onlar buraxılan gün 40 manatlıq ziyan yazdılar, guya ora 40 manatlıq ziyan vurulub».

Danışan bu ilin fevral ayında intihar etmiş Şəki sakini, sahibkar Hikmət Səlimovun həyat yoldaşı Nailə Səlimovadır. Hikmət Səlimov fevralın 3-də özünü Kiş çayının üzərindəki körpüdən ataraq intihar edib. Buna səbəb də rəsmi qurumların göstərişiylə mağazasının bir hissəsinin uçurulması olub.

Hikmət Səlimovun intiharından sonra Şəki rayon İcra Hakimiyyətinin iki vəzifəli əməkdaşı həbs olunmuşdu. Onlardan biri icra başçısının şəhər təsərrüfatı üzrə müavini Eldəniz Qəhrəmanov, ikincisi isə tikinti və memarlıq şöbəsinin müdiri - baş memar Yusif Abdurahmanov idi. Hadisədən 3 gün sonra Şəki Rayon Polis İdarəsindən AzadlıqRadiosuna bildirmişdilər ki, icra hakimiyyəti rəsmiləri vəzifə səlahiyyətlərini aşmaqda və intihara çatdırmaqda ittiham olunurlar. Amma bundan bir gün sonra Baş Prokurorluğun yaydığı məlumatda deyilirdi ki, həmin şəxslərlə bağlı Cinayət Məcəlləsinin təkcə vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

1 AYA İSTİNTAQI, 2 HƏFTƏYƏ MƏHKƏMƏSİ BİTƏN CİNAYƏT

İstintaq vur-tut bir ay davam edib. Martın ortalarında yekunlaşıb və iş materialları məhkəmə baxışına verilib. İttiham aktında göstərilirdi ki, fevralın 3-də saat 10-da Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldəniz Qəhrəmanov və şəhərin baş memarı Yusif Abdurahmanov xidməti səlahiyyətlərindən kənara çıxan hərəkətlər ediblər. Şəhərin Fuad Abdurahmanov küçəsində inşa edilmiş mağazaya gələrək məhkəmə qərarı olmadan mağazanın və mağaza qarşısında tikilmiş açıq talvarın sökülməsi üçün qanunsuz göstərişlər veriblər. Göstəriş əsasında həmin tikililərin bir hissəsi traktor-ekskavatorla uçurulub-dağıdılıb. Bununla da fiziki şəxsin konstitusiya ilə nəzərdə tutulan hüquq və azadlıqları pozulub.

Eldəniz Qəhrəmanov
Şəki rayon Məhkəməsində hakim Kamran Süleymanovun sədrliyi ilə başlanan məhkəmə prosesi heç iki həftə davam etməyib. Üst-üstə 4 məhkəmə iclası keçirilib. Məhkəmədən AzadlıqRadiosuna verilən məlumata görə, Eldəniz Qəhrəmanova 1 il 6 ay, Yusif Abdurahmanova isə 11 ay şərti cəza verilib, hər ikisi məhkəmə zalından azadlığa buraxılıb.

«EVƏ HƏDƏLİ ZƏNGLƏR GƏLİRDİ Kİ...»


Ancaq sahibkarın həyat yoldaşı Nailə Səlimova məhkəmənin hökmü ilə razı deyil. Deyir ki, ərini məmurlar özünü öldürmə həddinə çatdırsalar da onlara bu maddə verilməyib. Nailə Səlimova hesab edir ki, ərinin ölümünə bais olan məmurlar yalnız dükanı sökdürməkdə təqsirləndirilməklə yüngül cəza alıblar. Nailə Səlimovanın sözlərinə görə, məhkəmə prosesində yalnız bir dəfə iştirak edə bilib. Məhkəmə iclasını izləyə bilməməsinin səbəbi isə deməsinə görə, yaşadığı mənzilə gələn hədəli zənglər olub. Nailə Səlimova: «Bizi qorxutdular, bizi məhkəməyə getməyə qoymadılar. Məhkəmənin birinci günü getdim məhkəməyə, mənim evimə zənglər vuruldu. Uşaqlarıma dedilər ananız orda artıq- əskik nə isə desə, dükanınızı sökəcəyik».

«O KİŞİNİ ƏVVƏLDƏN İNCİDİRDİLƏR»

Mərhumun yaxın qohumu Tərlan Əhmədov deyir ki, Hikmət Səlimov 2003-cü ildən təzyiqlərə məruz qalıb. Keçmiş icra başçısının vaxtında Şəki bazarındakı mağazasını bağlayıblar. Sahibkar da bazardan kənarda tikinti materialları dükanı açıb. Bu dəfə də rayonun yeni icra başçısı dükanın sökülməsi haqda göstəriş verib. Məmurların ərazidə göstərişi yerinə yetirməsi isə sahibkarın ölümünə səbəb olub:

«Bu kişini elə əvvəldən incidirdilər. Çölə mal tökməyə qoymurdular, deyirdilər ki, «qumu dükanın içinə tök». O da deyirdi «dükanın içinə qumu necə töküm, mən qum satıram, kərpic satıram, bunlar da çöldə olan şeylərdi». Bu adam dəli deyil ki, gedib özünü atsın, bu adamı bu həddə çatdırıblar ki, gedib özünü atıb».

Həbsdən çıxmış keçmiş icra başçısı müavini Eldəniz Qəhrəmanov hadisələrlə bağlı geniş danışmaq istəmədi. O, AzadlıqRadiosuna təkcə bunu deməklə kifayətləndi ki: «Mən nə deyə bilərəm, dövlətin qərarıdır, mən də nə qərardırsa, onu qəbul edirəm».

«BU CƏZA GÖZDƏN PƏRDƏ ASMAQDIR»


Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna bildirib ki, Hikmət Səlimovun ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə Şəki rayon Prokurorluğunda başlanmış istintaq hələ də davam edir.

Hüquqşünas Namizəd Səfərov deyir ki, özünü öldürmə dərəcəsinə çatdırma məmurlara verilmiş cinayət işi ilə bağlı olduğuna görə, ayrıca icraata verilə bilməzdi. Namizəd Səfərovun fikrincə: «Gözdən pərdə asmaq üçün yüngül maddə veriblər, özünü öldürmə həddinə çatdırma vəzifə səlahiyyətlərini aşma cinayətindən daha ağır maddə olduğuna görə istəməyiblər ki, onlara daha ağır cəza versinlər. Əksər hallarda da sonradan bu cinayət işi xətm olunur, yəni gedib məhkəməyə çatmır».

Hüquqşünas məmurların həbsinin son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizə aparılması ilə bağlı görüntü olduğunu deyir.«Vəzifəli şəxslərə qarşı istintaq təqibinə başladıq deyə raport verirlər, sonradan isə o ağır maddə ayrılıb bir kənara qoyulur, bunlar haqqında məhkəmə azadlıqdan məhrum etməklə əlaqəli olmayan cəza verir».

Xatırladaq ki, Şəkidə sahibkar Hikmət Səlimovun intiharından bir həftə əvvəl - yanvarın 27-də prezidentin tapşırığı ilə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının toplantısı keçirilmişdi. Həmin toplantıda sahibkarların hüquqlarının pozulduğu, onlardan rüşvət istəndiyi bildirilib.

Şərhləri göstər

XS
SM
MD
LG