Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:21

Məhəmməd Füzuli. Bəngü badə


Ey verən bəzmi-kainatə nəsəq,
Buraxan cami-eşqə nəş'əyi-Həq!
Eşq meyxanəsin qılan mə'mur,
Sunan ondan cəhana cami-qürur
Kim, edib ol qürur camın nuş,
Əhli-nitq ola valehü mədhuş;
Cümlədən məxfi ola əsrarı
Olmaya hiç kim xəbərdan.


ARİZU KƏRDƏNİ-TƏRİQİ-SƏVABI1

Ey sifatında xirə hər müdrik!
"Ma ərəfnakə həqqə mə'rifətik".2
Nəş'eyi-danişin müfərrihi-can,
Ari ol keyfiyyətdən əhli-cahan.
Meyi-eşqindən afəriniş məst,
Bəzmi-şövqündə cüralə badəpərəst.


DƏR MÜNACATİ-FATEH-ÜL-ƏBVAB 3

Ya Rəb, əfsürdəyəm məni-nahl,
Həddən ötdü xumari-badeyi-cəhl.
Qoyma əfsürdəvü pərişanhal,
Eşq odundan mənə hərarət sal.
Bəzmi-eşq içrə sun mənə bir cam,
Leyk cami ki, nəqsim edə təmam.

______________
1 Savab yolu arzulamaq
2 Biz sənı layiqincə tanımadıq
3 Qapılar açanın (Allahın) münacatı



Qıla asari-mə'rifət izhar,
Ola miftahi-məxzənül-əsrar.
Nə şərabi ki, əqli zail edə,
Taətindən könülnü qafil edə.
Ola mütləq fəsadi-din səbəbi,
Bula ondan zəval şər'i-nəbi.


HƏST İN NƏ'Tİ-ƏHMƏDİ-MUXTAR1

Nəbuiyi-Haşimi ki, bəzmi-vücud
Cami-eşqindən aldı nəş'əyi-bud.
Piri-meyxaneyi-qədimü qidəm,
Saqiyi-bəzmü həlqeyi-xatəm.
Hər zaman min səlamü min sələvat,
Onavü ol imamə qıl bizzat.


ŞƏMMEYİ-VƏSFİ-HEYDƏRİ-
KƏRRAR2


Yari-Səlmanü xaceyi-Qənbər,
Valiyi-Rövzə, saqiyi-Kövsər.
Oldur ayinədari-surəti-Həq,
Nə vəsi, varisi-nəbi mütləq.
Nazimi-şər'ü saqiyi-Kövsər,
Babi-Şübbeyrü validi-Şəbbər.


BAŞƏD İN MƏDHİ-PADŞAHİ-ZƏMAN3

Saqiya, sübhdəmdir, eylə şitab,
Dövrə gəlsin çü mehr cami-şərab!
İztirab içrəyəm, xumarım var,
Badəyə xeyli intizarım var.

________________
1 Bu, Əhməd-Muxtarın (Məhəmmədin) nətidir
2 HeydəriKərrarın (Əlinin) sifətlərindən bir neçə kəlmə
3 Bu, zəmanə padşahın mədhidir



Qalib olmuş mənə raəhabəti-bəng,
Vəhm edib eylərəm hər işdə dirəng.
Cami-mey sun ki, ta diliranə
Mədh edim padişahi-dövranə.
Ol səfabəxşi-cami-Cəm ki, müdam
Təxt qeyrinədir çü badə həram.
Ol ki, başlar zamanda bəzmi-fərağ,
Padişahlar başından eylər əyağ.
Cami-feyzin içən, Məsihatək,
Feyzi-ruhül-qüdüs tapar bişək.
Mey kimi ruhi-xəlqə nəş'ərəsan,
Nəş'ətək hökmü el başında rəvan.
Dövrü bir bəzmdir behişti-bərin,
Tac zərrin, sürahi həm zərrin.
Bu sürahidən olmayan xoşhal,
Dürd nisbət müdam ola pamal.
Camtək təlxkam olub əbəda,
Bəngtək təndən ola başı cüda.
Məclisəfruzi-bəzragahi-Xəlil,
Cəmi-əyyam, şah İsmayil.
Ondan asudədir qəniyyü gəda,
Xəllədəllahü mülkəhü əbəda.1
Ol ki, cami-mey olalı bünyad,
Qədəh ondandır, ol qədəhdən şad.


BAŞƏD İN VƏSFT-SAQİYT-DÖVRAN2

Saqiya! Badə sun ki, fürsətdir,
Bizə fürsət bu gün qənimətdir.
Lalətək qoymağıl əlindən cam,
Var ikən fürsət, eylə eyş müdam.
Nərgisi gör ki, nəş'əsi getməz,
Başı gedərsə tərki-can etmez.

_______________
1 Allah onun mülkünü əbədi etsin.
2 Bu, zəmanə saqisinin tə'rifidir.



Sən dəxi aciz olma, canın var,
Canın olduqca badə tut zinhar
İstəsən kim, mey abi-Kövsər ola,
Ol sənə müttəsil müyəssər ola,
Bezmi-ali-Əlidə məskən tut,
Məstlər kimi özgə bəzmi unut.


İBTİDAİ-HEKAYƏTİ-MEYÜ BƏNG1

Saqiya, bilməzəm mənim nəmdir,
Həmdəmim qüssə, məhrəmim qəmdir.
Qəm meyi-lə'l axıtdı yaşımdan,
Qüssə bəngim uçurdu başımdan.
Kəlləxüşk olmağım çü Bəng yetər,
Bir əyağ ilə qıl dimağımı tər,
Ta sənə bir əcəb hekayət edim,
Bəng ilə Badədən rəvayet edim:

* * *

Bir gün əyyami-növbaharda mən
Tutmuş idim çü lalə tərfi-çəmən.
Səbzəvü gül solumda, sağımda,
Bəng başımda, mey əyağımda.
Bəngtək nəş'ə ilə başım xoş,
Bəngü mey hazirü məaşım xoş.
Bağ həm qeyrəti-behişti-bərin,
Bəzm qurmuş cəhana xüld ayin.
Lə'li-tərdən nəsimi-ənbərbu,
Qönçə minasın eyləmiş məmlu.
Nüql ilə dolmuş idi gül təbəqi,
Qürsi-limu töküb səmən vərəqi.
Doldurub saqiyi-səba hər dəm
Cami-gül içrə badeyi-şəbnəm,
Bülbüli-xəstədən aparmış huş,

_________________
1 "Badə və Bəng" hekayəsinin başlanğıcı



Qumriyi-zarı eyləmiş mədhuş.
Yasəmən doldurub sürahiyi-zər,
Zərdcə badə ilə vəqti-səhər,
Səbzəni etmiş eylə layə'qil ki,
düşüb cuya rəxtin etmiş gil.


DƏR SİFATİ-ŞƏRABÜ SÖHBƏTİ-U1

Gördüm ol bəzm içində bir məhbub,
Surəti xubü sirəti mərğub.
Türfə adı zəmanə məşhuri,
Ləqəbi Badə, əsli ənguri.
Sifət ilən qərineyi-xurşid,
Nütfeyi-Cəm, sülaleyi-Cəmşid.
Etmiş ol Badeyi-Süheyl xəvas,
Neçə həmdəmlər ilə söhbəti-xas.
Hazirü cəm' xidmətində çü cam,
Ərəqü Buzəvü Nəbid tamam.
Gərm ikən məclis içrə nuşanuş,
Ötərək məst olub Mey etdi xüruş
Ki: - Mənəm hər nə var ona faiq,
Xidməti-xəlqdir mənə layiq!
Olamı kimsə göstərə cür'ət,
Mənə endirməyə səri-taət?"
Badə qüğac şücaət izharın,
Gərm edib zərqü laf bazarın,


SÜXƏNİ-SAQİYÜ İHANƏTİ-U2

Dizi üstə çöküb rəvan Saqi
Dedi: - Ey Badə, işrətin baqi!
Dün ki, məhrum idim cəmalından,
Düşmüş idim cüda vüsalından;

______________
1 Şərabın sifətləri və söhbəti
2 Saqinin söhbəti və onun etirafı



İstər idim səni gəhü bigah,
Bir əcəb bəzmə uğradım nagah.
Sədri-bəzm olmuş onda bir sərhəng,
Sərkəşü səbzpuşü sufirəng.
Zahirin xub gördüm öylə ki, var,
Batini həm degildi biəsrar.
Də'vi eylər ki: "Xızrdır mənə pir,
Ondan aldım dua ilə təkbir".
Bir zaman mən ona ki, həmdəm idim,
Bitəkəllüf ki, şadü xürrəm idim.
Söhbəti dilgüşa, özü xoşxu,
Leyk qayətdə zərqü lafi ulu.
Urar ol həm yeganəlikdən dəm,
Der ki: - "Aləmdə hər nə var mənəm".
Belə kim, mənlik eylər ol nakəs,
Baş çəkən səndən özgə oldur bəs."
Qatı məğrurü xudpərəst idi Mey,
Axiri-məclis idi, məst idi Mey.
Zuri-dəstinə e'timad etdi,
Nasəza ilə Bəngi yad etdi.
Tündü təlx oldu ol hekayətdən,
Qəzəbü qəhri artdı qayətdən.


QƏZƏBİ-MEY BE SAQİYİ-SADƏ1

Dedi: - Ey saqiyi-rəkiksüxən!
Bu nə sözdür, məgər ki, bəngisən?
Anladım böylə rəngi-ruyindən,
Bu diliranə göftü guyindən
Ki, xəyali-nifaq edibsən sən,
Bəng ilə ittifaq edibsən sən.
Bu aradan məni götürmək üçün,

__________________
1 Meyin sadəlövh Saqiyə qəzəblənməsi

Onu bir dövlətə yetirmək üçün.
Görəyim ol xəyali-xam olsun,
İltifatım sənə həram olsun.
Neçə yerlərdə gördüm, ey ovbaş,
Səni əgri vü qılmadım elə faş.
İmdi naçar üzünə çıxdım,
Səndən oldu ki, könlünü yıxdım.
Durma, dur imdi ər müvafiq isən,
Nüqltək söhbətimdə sadiq isən,
Dedigin serkeşin gətir başın,
Dəstgir eylə yarü yoldaşın!"

***

Saqi ol işdə tapdı heyranlıq,
Çəkdi ol qissədən peşimanlıq.
Qıldı məkr ilə ol şər işdə hiyəl,
Dedi: - Məstəm, aman mənə bu məhəl!
Sübhdəm kim, düşə güzarım ona,
Varayım, yazuyim xumarım ona.
Onu daş ilə səngsar edəyin,
Sındırıb cismini qübar edəyin."
Badə tünd oldu təəllüldən,
Bir qərəz anladı təğafüldən.
Saqiyi tutdu Mey, yaman tutdu,
Belə tutar kimi ki, qan tutdu.
Oldu saqi Meyin giriftarı,
Faş edən böylə olur əsrarı.


ƏZMİ-TƏDBİR KƏRDƏNİ-BADƏ1

Saqiya, qılma tərki-badeyi-nab,
İstəsən, Meydən istə fəthül-bab.
Meydir ayineyi-cəmalül-lah,
Zinhar, ondan eyləmə ikrah!

______________
1 Badanin tədbir görmək cəhdi


Bir qədəh başla, nəş'əm eylə təmam
Ki, tapam qüvvəti-ədayi-kəlam.

***

Saqi olğac əsirü Mey müztər,
Atəşi-fitnə çəkdi şö'leyi-şər.
Yığdı yanına Badə əshabın,
Açdı tədbiri-dövlət əbvabın
Ki, bu dəklü1 fəsada çarə nədir,
Çarə ol zişti-nabəkarə nədir?


MƏSLƏHƏT DİDƏNİ-ƏRƏQ
BA MEY2


Dedi əvvəl Ərəq ki: - Ey Meyi-nab!
Qılma nəş'ə xəyalı ilə şitab!
Şahsan, xəsmə çakər etmə özün,
Bir qulunla bərabər etmə özün.
Surəti-halına nəzər qılma,
Böyüdüb anı mö'təbər qılma!
Düşmə sövdasına, təğafül qıl,
Neçə gün səbr ilən təhəmmül qıl!
Ol sənin qədrü şövkətin nə bilir?
Öz-özündən çürür, ərir, əzilir.


GÖFTÜ GUYİ-NƏBİD HƏM
ƏZ PEY3


Çün Ərəq sozləri tükətdi, Nəbid
Dedi: - Ey nütfeyi-Cəmü Cəmşid!
Dövlət oldur ki, düşmən ola zəbun,
Olmadan bir şərarə şö'lə füzun;

_______________
1 "Kimi" mənasındadır
2 Arağın meyə məsləhəti
3 Ondan sonra Nəbidin (xurma şərabının) söhbəti.



Bir şəbixun ilə həlak edəyin,
Hiddətindən cəhanı pak edəyin.
Olmaya az ikən bu iş çox ola,
Dəxi dəf inə çarəsi yox ola.


SÜXƏNİ-BUZƏ DƏR TƏDARÜKİ-HAL1

Çün Nəbid eylədi sözünü təmam,
Dedi Buzə ki: - Ey Meyi-gülfam!
Nə təğafül, nə cəng qıl pişə,
Bu işə qıl bir özgə əndişə.
Ver ona lütf müjdəsilə firib,
Ola kim, ixtilatı ola nəsib.
Yanına gəlgəc ol fəsadi-zəman,
Eylə məkr ilə dəf ini pünhan.
Nə məsaf eylə kim, yaman ola ad,
Nə təğafül ki, gün-gün arta fəsad.


HƏM İBA KƏRDƏNİ-MEY ƏZ ƏQVAL2


Qılmadı hiç qövlü Badə qəbul,
Gəlmədi hiç söz ona məqbul;
Dedi: - Oldur səlah kim, əvvəl
Qılmayam irtikabi-cəngü cədəl,
Göndərəm qasid ilə, pənd verəm,
Bir neçə pəndi-sudimənd verəm.
Pənd isə tabe olsa, yarımdır,
Olmasa, cəng xud şüarımdır.
Kimdir imdi ki, əzmi-rah qıla.
Sayeyi-dövlətim pənah qıla,
Özünü Bəng məclisinə sala,
Sözümü söyləyə, cəvabım ala?"

__________________
1 Tədbir görülməsində Buzənin (pivənin) məsləhəti.
2 Şərabın danışıqlardan boyun qaçırması



RƏFTƏNİ-BUZƏ
BORDƏNİ-PEYĞAM1


Gəldi göftara Buzeyi-bədnam,
Laflar urdu ol nəməkbəhəram
Kim: - Mənə əmrin olsa, münqadam,
Mən səfər şiddətinə mö'tadam.
Bəngə peyğamın eyləyim iysal,
Görməsəm sülhə onda istiqbal,
Zərb ilən onu sərnigun edəyin,
Əzeyin, yencəyin zəbun edəyin."

* * *

Tutdu Mey Buzənin sözünə qulağ,
Dedi: - Ey Buzə, yaxşısan, üzün ağ!
Yeri, onun şükuhini sındır,
Badipayi-qüruridən endir!


SİFƏTİ-BƏNGİ-ZİŞTÜ
BƏDFƏRCAM2


Söylə məndən kim: ey füsürdə mizac,
Dəlisən, eylə bu cünuna əlac!
Bir əlac eylə, dəf i-sövda qıl!
Başına çarə tap, müdava qıl!
Ey zina kişvərinin övbaşı,
Müttəsil nikbətilərin başı.
Ey əsasi-binayi-hər vəsvas,
Əntə xənnasü fı südurinnas.3
Ey sərasər təsəvvürün batil,
Fisqü iğlamə ruzü şəb mayil!
Qaliba kim, xəmirini təqdir

______________
1 Buzənin sifariş aparçası
2 Çirkin və pis xasiyyətli Bəngin sifətləri
3 Sən insan ürəyinin şeytanısan



Yüz fəsad ilə eyləmiş təxmir.
Der imşsən ki: "Hər nə var mənəm".
Kə'bsən, gər yetər başın göyə həm.
Sən yaman cəhl içində qalmışsan,
Ayın1 öz başına ulalmışsan.
Hiç mə'qul söz deməzsən sən,
Qandadır kim, kötək yeməzsən sən?
Kimə olsan müsahib, ey cahil,
Olur əlbəttə, tənbəlü kahil.
İş məcalı qılırsan, ey sərsam,
Bir zamanın işin bir ildə təmam.
Əkl vəqti sənədir, ey bədşəkt,
Bir ilin quti bir zəmanlıq əkl.
Ey xirəd rəhgüzarının tikəni,
Tanrı xar eyləsin səni əkəni!
Baisi-nikbətü fəlakətsən,
Bəs ki, bədşəklü bədqiyafətsən.
Xah dərviş olavü xah qəni,
Usu2 azar duşunda görsə səni.
Hər səadətsiz olsa yar sənə,
Şəmmeyi qılsa e'tibar sənə,
Məhv olub onda mərdlik əsəri,
Mütləq olmaz şücaətə cigəri.
Xürrəm olma ki, səbzdir sənə rəng,
Sənsən ayineyi-təbiətə jəng.
Səndən olur yünül ağır başlar,
Səni hər kim ələ alır, daşlar.
Əməlindir müxalifi-hikmət,
Xəlqə səndəndir əsli-hər illət.
Bu işə bitməgin gərək naçar
Ki, olasan qapımda xidmətkar.
Ya bu iqlimdən başın al get,
Yoxsa başın götür hüzuruma yet!
Məsttək məndən olma bipərva,

_____________
1 "Çox" mənasındadı.
2 Ağıllı



İttibaimdən etmə istiğna.
Mən əgər razı olmasam səndən,
Başına çox bəla gələr məndən.
Kəlləxüşk olmağı şüar etmə,
Gəl dimağın tər eylə, ar etmə.
Yaxma hirs oduna qurun, yaşın,
Həzər et kim, xətərdədir başın.
Şərm qıl, sərgiranlıq etmə yügüş,
Həddini tam, gəl ayağıma düş.
Yox özündən məgər sənin xəbərin
Ki, nə tərkibsən, nədir hünərin?
Guş qıl, fəzlini bəyan edəyin,
Olan əsrarını əyan edəyin.


QİSSEYİ
DƏR SİFATİ-ƏSRARƏST1


Var idi İsfəhanda bir meykəş,
Bəng manənd müttəsil sərxoş.
Bir əcəb qəsrdə tutub mənzü,
Meyə olmuşdu ruzü şəb mayil.
Bir gün ol rind məclisində şərab
Oldu manəndi-kimiya nayab.
Hasil oldu ona səda'i-xumar,
Yedi dəfinə zərreyi-əsrar.
Əsəri-bəng edib hücumi-təmam,
Tapdı mir'ati-əqli jəngi-zülam.
Şəb idi, leyk mahi-şəbəfruz
Qılmış idi cahanı qeyrəti-ruz.
Rəngi-məhtab idi nümuneyi-ab,
Qəsr ol ab içində şəkli-hübab.
Qəsrdən rind dışra qıldı nigah,

_______________
1Əsrarın (Bəngin) sifətləri haqqında bir hekayə.


Su göründü gözünə pərtövi-mah,
Dedi: - Ey vay, oldu iş müşkil,
Seyl tutmuş cahanı, mən qafil.
Suya, çarəm budur, özüm buraxım,
Dolmadan qəsr bir kənara çıxım.
Özümü qurtarım səbahət ilən,
Bir kənara çıxım fərağət ilən.
Ələ bir taxta parəsin aldı,
Yerə məhtab tək özün saldı.
Lət görüb başı fərş daşından,
Zərblən bəngi uçdu başından.
Dərdi-sər gördü, gəldilər hükəma,
Dedilər dərdinə şərab dəva.
Sənə budur hünər ki, şərh etdim,
Əhli-idrakə sor ki, mən netdim?
Mənim əslim, köküm təfəhhüs qıl,
Hörmətim səndən artıq olmağı bil.


SİFƏTİ-XUBİYİ-MEYÜ
MEYXAR1


Bilmiş ol kim, əzimü cəbbaram,
Sərkəşü sərfərazü sərdaram.
Kim ki, bəhs ilə baş qoşarsa mana,
Gər Firidun isə hərifəm ona.
Gəh olur huş alım dimağından
Ki, başın bilməyə ayağından.
Mən kiməm? - Həmdəmi-Cəmü Cəmşid,
Saflıqla qərineyi-xurşid.
Məhəki-cövhərim təmam əyar,
Laleyi-kuhsari-hilmü vüqar.
Bir binadır vücudi-şər'i-bəşər,
Sirri-təhqiqə olmağa məzhər.
Hər binada ki, yaxşıdır bünyad,
Onu əfzunraq eylərəm abad.
Hər binada ki, süstdür ərkan,

__________________
1 Şərabın və şərab içənlərin yaxşı sifətləri



Onu əslilə eylərəm viran.
Bu səbəbdən mənə yetən əshab,
Kimi xoş vəqtdir, kimisi xərab.
Düşdü Davuddan zəmirimə zövq,
Hüsni-avazə hasil etdim şövq.
Ərz qıldım Kəlimə surəti-hal,
Rifqimi qıldı ümmətinə həlal.
Qövmi-tərsayə mən tanıtdım rah,
K'etdilər1 İqtidai-Ruhullah.
Mən həqiqətdə əhli-irfanəm,
Deməsinlər şəriki-şeytanəm.
Adəmə səcdə qılmayıb şeytan,
Tapdığında qürur ilə üsyan;
Məndən olsaydı nəş'əsi bir dəm,
Min gəz eylərdi səcdeyi-Adəm.
Riqqətəfzayi-aşiqi-zarəm,
Çöhrə-əfruzi-hüsni-dildarəm.
Nəzəri-aşiqü rüxi-məhbub,
Biri talib durur, biri mətlub.
Hicr ilə müşkil ikən onlara hal,
Mən buraxdım araya tərhi-vüsal.
Gərçi düşmənligimdə fitnəm çox,
Dustluqda dəxi misalım yox.
Hər nə dərd olsa, mən dəva verərəm,
Təb' güzgüsünə cila verərəm.
Bir xirədmənd aliməm mahir,
Batin əhvalın eylərəm zahir.
Məktəbi-meykədəmdə şamü səhər
Şərhi-təcrid oxur müdərrislər.
Padişahları, istəsəm, asan
Qılıram bir gəda ilə yeksan.
Gər gədaları, istəsəm filhal
Qılıram padişahi-bizərü mal.
Mənəm ərbabi-rif'əti-dərəcat,
Baisi-xeyrü daxili-həsənat.

______
1 Ki etdilər


Mənəm ol şəhryari-həft iqlim
Ki, mənə şahlar qılır tə'zim.
Hər kim olsa, əyağıma baş urar,
Mən gəlincə qamu əyağa durar.
Gövhərimdir mənim müfərrihi-zat,
Mənəm, əlqissə, mənşəi-həsənat.
Həsənatimi ondan eylə qiyas
Ki, demiş həq mənafeün-linnas.
Vəsfi-zatimdə bir hekayət var,
Guş gər tutsan, eylərəm izhar.


SİFƏTİ-MAHRÜYİ-GÜLRÜXSAR1


Var idi Reydə bir xücəstəxisal,
Mahtəl'ət nigari-mişkinxal.
Meyi-lə'li-ləbi nişatəfzay,
Nüqli-göftarı nəğzü bəzmaray.
Meyə düşmüşdü əksi kimi, müdam
Aliban müttəsil qədəhdən kam.
Bir gün ol sərvqəddü gülrüxsar
Qıldı zöhhad məclisinə güzar.
Gördü bir zahidi-pərişanhal,
Keçmiş övqatı zöhd ilən məhü sal,
Bilməmiş kim, məzaqi-badə nədir,
Xətti-mişkinü ruyi-sadə nədir.
Xəlqə eylər hekayəti-məhşər,
Sifəti-huri, cənnətü Kövsər.
Növcavan qıldı meyli-Kövsərü hur,
Dedi əcz ilə: - Ey xudayi-qəfur!
Var ümidim ki, əhli-cənnət olam,
Mən dəxi müstəiddi-rəhmət olam.
Qeybdən gəldi bir nidayi-lətif
Qulağına ki: "Ey hərifi-zərif!
Tanrı bir padişahi-adildir,

______________
1 Ayüzlü, gülyanaqlının sifəti


Feyzi məcmui-xəlqə şamildir.
Kərəmindən o qadiri-qəyyum
Eyləməz hiç kimsəni məhrum.
Kimi dünyada şadiman eylər,
Kimi üqbada kamiran eylər.
Sən ki, dünyada əhli-işrətsən,
Sakini-məsnədi-məsərrətsən,
İçdigindir nişatilən meyi-saf,
Kövsər ummaq degil sənə insaf.
Qərəzin Kövsər isə meydən keç,
Yoxsa al nəqdi, nisyə istəmə heç.
Badə məhrumi abi-Kövsər içər,
Kimsə, Kövsər demə mükərrar içər.
Bu dəlil ilə Badə Kövsər imiş,
Gör nə xoş nəsnəyə bərabər imiş.
Bəng kimdir hərifi-Badə ola?
Bəhs qılsa, həramzadə ola.
Cəddi-pakim həqiçün, ey Əsrar,
Olmasan dərgəhimdə xidmətkar,
Gəlib endirməsən əyağıma baş,
Eyləsən aqibət mənimlə savaş,
Qılmadan tirə ruzigarını mən,
Göyə savurmadan qübarını mən,
Tutsam aram biqərar olayın,
Rəddi-dərgahi-kirdgar olayın!"


SİFƏTİ-BƏZMİ-BƏNGİ-
NAFƏRHƏNG1


Badə qılğac təmam göftarın,
Buzə nəqşi-zəmir edib varın,
Qıldı əzmi-rəhi-məhəlleyi-Bəng,
Oluban qasidi-Meyi-gülrəng.

________________
1 Hünərsiz Bəngin məclisi haqqında


* * *

Bəngi-xoşsirətü nikukirdar,
Neçə həmdəmlər ilə fəsli-bahar,
Bir əcəb mərğzar içində müdam
Tutmuş idi nişatilən aram.
Bərş idi həm Müfərrihü Əfyun,
Hər biri rə'ylən bir Əflatun.
Gəh düşüb elmi-şər'dən göftar,
Gah hikmət sözü olub təkrar.
Gərm ikən bəhsi-elmü fəzlü kəmal,
Mütəvatir olub cəvabü sual,
Verdilər Bəng həzrətinə xəbər
Ki, "Durubdur qapında bir çakər,
Der ki, Meydən gətirmişəm peyğam,
İstərəm rüxsəti-ədayi-kəlam".
Bəngdən rüxsət eyləyib hasil,
Buzeyi-ziştruyi-naqabil
Girdi ol bəzmi-xasə amanə,
Başladı hərzə-hərzə əfsanə.
Mey sözün dedi ol pəlidi-kərih,
Bəlkə yüz nüktə həm məzidün-fih.


DİDƏNİ-BUZƏ TƏ'NƏHA ƏZ BƏNG1

Bu xəbərlərdən oldu şeyda Bəng,
Buzəyə düşdü bimühaba Bəng.
Başına çıxdı qəhrdən sevda,
Buzəni qıldı tə'n ilə iyza:
"K'ey qəlizü pəlidü nahəmvar!
Gəndeyi-ziştü natəmam əyar!
Sən qədimi mənim ənisim idin,
Nə ənisim ki, kasəlisim idin.
Badənin xud səninlə yox meyli,
Olsa ondan bəiddir xeyli.

_______________
1 Buzenin Bəngdən tənələr eşitməsi.


Sən nəsən ki, səninlə yar olalar,
Gizli işlərdə razidar olalar?
Heyf, Mey həm əgərçi düşməndir
Ki, rəfiqi bu növ' kövdəndir.
Layiq oldur səni məlamət edəm,
Bu günü başına qiyamət edəm.
Kövdənü əhməqü turuşrusən,
Bədrəgü bədxisalü bədxusən.
Meyə oldun bu fitnədə ortaq,
Sınacaqdır sənin başında çanaq.
Fərz olubdur sənə cəfa qılmaq,
Ağ ikən üzünü qara qılmaq.
Haliya çün rəsulsən naçar,
Sənə məndən rəva degil azar.
Mihmansan, bu gecə etgil xab,
Verəyin sübh sözlərinə cavab."
Bəzmi-Bəng içrə Buzə tutdu səbat,
Bəng xüddamı etdilər xədəmat.
Buzə ol cəm'ə həmnişin oldu,
Sə'd ilə nəhs həmqərin oldu.
Məclisi-xas idivü cəm'i-zərif,
Mə'məni-pak idivü qövmi-şərif.
Çün küdurət gedib səfa gəldi,
Gərm olub mə'də iştəha gəldi,
Çəkdilər türfə-türfə maddələr,
Öylə kim, şairi-əcəm söylər:
"Hərçi əndişə dər güman avərd.1
Mətbəxi rəftü dər miyan avərd."
Gah paludə gəldi, gah həlva,
Gəh müzə'fər çəkildi, gəh buğra.
Çünki çox gördü bəngiyanə təam,
Püxtəlik qıldı Buzeyi-bədnam,
Qalmadı qəltəbanın ol cuşi,
Oldu göftari-Mey fəramuşi,
Dedi: "Ey Bəng! Badədən keçdim,

_____________
1 (Xidmətçi) mətbəxə getdi və güman gələn hər şeyi ortaya gətirdi.

DAVAMI

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG