Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33
(uzun hekayə)

Boynuma alım ki, Babək Ardanuşlunu sizə tanıtmaqda çətinlik çəkirəm.

Hətta bəzən özüm belə Babəki yaxından tanıdığıma şübhə edirəm. Yahu, bu kimdi belə? Kimdi və nəyin nəsidi?

Haralıdı, məqsədi-məramı nədi, onu sabahlara sürükləyən, gələcəyə dartıb aparan hansı eşqin xülyasıdı?

Konkret cavab verməkdə acizəm, inanın. Desəm heç tanımıram, bu da ağ yalan olar. Xeyr, Babək Ardanuşlunu tanıyıram, di gəl, bu tanışlıq ondan baş açıb bir nəticə hasil etmək üçün yetərli deyil.

Bəlkə də heç Babək Ardanuşlu mən bildiyimdən ziyadə birisi deyildir!

Onun həyat tərzi, yaşamaq amalı gördüyümdən və özü danışdıqlarından ötəyə getmir. Anlayacağınız, başlanğıcı və sonu olmayan bir ömür yolu!

Kiminsə, daha dəqiqi kimlərinsə həyatından qoparılmış ayrı-ayrı hissələr… Ama olduqca ilginc, bəzən heyrətamiz hissələr.

Onun həyatını biri-biri ilə ciddi şəkildə bağlı olmayan maraqlı hadisələr toplusu da adlandırmaq olar.

Gəlin ilk tanışlığa Babəkin adından başlayaq. Kim qoyub bu adı ona? Bilmirəm və açığı soruşmağa hacət görməmişəm.

Bu ad barədə xalq qəhrəmanı Babəkin vurğunu olan dostumun ilk açıqlaması heyrətdən ağzımı açıla qoyub:

“Adım qoyulmamışdan mən Babəkin fanatı olmuşam!”

Özümü saxlaya bilməmişəm: “Deməli sənin adını əsgərliyə gedəndə qoyublar!”

Cavabına baxın: “Mən Babəki doğulmamışdan çox-çox əvvəl tanımışam, sevmişəm.”

Lütfən aldanıb onun sadəcə fatalist, xəyalpərvər birisi olduğuna tələsik qərar verməyin.

Ardanuşlu ulu Şirvinin ruhuna sahib olduğuna and içə-içə Yasamal bazarının yanındakı qaim-qədim qəlyanaltıda başına çəkdiyi köpüklü NZS pivəsindən sonra qolu ilə dodaqlarını silib xışmaladığı noxudu qabıqlı-qabıqlı ağzına təpişdirəcək qədər həyatsevərdir.

O, dinə münasibətdə də gərəyindən artıq məişətçidir. “Mənə hansı dindən danışırsız, Məhəmmədin gətirdiyi şəriətdən, yoxsa abbasilərin nizə ucunda Qafqaza soxuşdurduğu mütilik ideyasından?”

Ardınca udqunaraq: “Orta əsrdə yaşamış bir bədəvinin humanist hayqırtıları ilə başımı aldada bilməzsiniz!”

Filosof Asif Atadan gətirdiyi başqa beş-altı cümləlik sitatdan sonra həmsöhbətini inandırmaq cəhdinə baxın: “Quran haqqı düz deyirəm!”

“Mən Babək Ardanuşlu ilə gerçəkdən dostammı?” – həmişə ürəyimdə özümə verdiyim bu sual həayatım boyu rastlaşdığım ən qəliz suallardandır. Məsələn, toyuq-yumurta, axirət, dünyanın yaranması və s. barədə verilən suallar kimi…

Deyək ki, dost deyiləm, ama bu cavaba özüm belə inanmıram.

Əgər dostluq gündə görüşmək ehtiyacıdırsa, bir-birinə dərdini söyləmək, içəndən sonra qucaqlaşıb ağlamaqdırsa bizi dost saya bilərsiniz.

Babək Ardanuşlunu sevib sevmədiyimi də dəqiq bilmirəm. Bildiyim bircə odur ki, əgər, Allah eləməmiş, onu itirmiş olsam, dünya mənimçün çaqqallar ulaşan boş bir çöllüyə çevrilər.

Dözə bilmərəm açığı… Bircə gün kələkötür nömrəsi telefonumun ekranında görünməsə və ardınca “Alo” əvəzinə “Nağarsan, neynirsən, haralardasan” sözlərini eşitməsəm ürəyim partlayar.

Hətta deyərdim, Babəki tanıdığım üçün xoşbəxtəm də!

“Poeziya mənimçün saralmış yarpağın payız xəzanında göyə sovrularaq uçması, uçmasıdır…” – adını unutduğum qəzetlərin birində dərc olunan müsahibəsində söylədiyi bu cümləyə qarnımı tutub uğunduğum vaxt elə həmin səhifədə oxuduğum şeirinin bir misrası güllə kimi dəydi mənə: “İçdiyi suların alnından öpər atlar!” Oğurluqdu bəlkə. Ama yox, Babək Ardanuşlunun kifayət qədər istedadlı qələm adamı olduğuna inanmaq üçün mənə çoxlu vaxt lazım olmadı.

Başqa bir şeirində “Qulaqların əbədi mötərizəsinə alınmış kəllələr”dən bəhs etdiyini görəndə insafən əllərimi yuxarı qaldırdım.

O, şeirlərində də özünün əzəli-əbədi xarakterinə sadiqdr: bütöv bir dənə də olsun şeiri yoxdur!

Beş misra sarsaqlayıb, birində xarüqə yaradır. Ama yaradır haa…

İlk söhbətlərimizdə təxəllüsü ilə maraqlandım, bir söz demədi.

Yasamal pivəxanasında topdansatışdan aldığı qarğıdalı salatını qaşıqlayırdı.

Vəziyyətdən çıxmaq üçün daha bir cümlə qırıldatdım: “Yəqin kəndinizin adıdır…”

Başqa vaxt gic-gic səf-səfələrlə baş-beynimi aparan dostum məqsədyönlü baxışlarını harasa zilləyib qısa cavab verdi: “Yox.”

Təxəllüs barədə ilk söhbətimiz bununla da bitdi və mən heç vaxt Ardanuşlunun nə demək olduğunu öyrənə bilmədim.

Ardanuşlu müsahibəsində “Təxəllüsünüzün mənasını açarsınızmı? Deyəsən Ardanuş yer adıdır…” sualına eynən belə cavab vermişdi: “Mən yer adamı deyiləm ki, yer adını təxəllüs götürüm. Şair həmişə göylərə baxmalıdır. Ayağı ilişib yıxılsa belə!”

Cin vurdu təpəmə. “Sən yer adamı yox e… zibillik adamısan, avara!” – pıçıldadım öz-özümə. Dərhal zəng edb, ağzıma gələni demək istədim.

Mən “Alo” söyləməmiş xəttin o başındakı tanış səs sevgiylə guruldadı: “Nağarsan, neynirsən, haralardasan.”

İpək kimi yumşaldım və özümdən asılı olmadan ağzımdan bu kəlmələr, türkün sözü, koşuverdi: “Əlimdə 10 manat pul, gülümsəyərək səni axtarıram.” Təəccüblənmədi belə, səsini ciddiləşdirdi: “Mənnən pul söhbəti eləmə, gəl pivnoya!”

Saqın dostumda yumor hissi yoxdur deməyin.

Ramazan ayı idi. Amerikalıların peyğəmbərin həyatından çəkdiyi “Çağırı” filminə baxırdım, zəng vurdu.

Həvəsim yox idi danışmağa. Həm də filmin maraqlı yerləri gedirdi deyə başımdan eləmək istədim.

Belə vaxtlarda xüsusi fəndlrim var istifadə etməyə… Məsəla, Babək Ardanuşlu həmişə ucuz kirayələrdə qalır və təbii ki, mənzilində şəhər telefonu olmur.

Mobilə zəng vuran vaxt onu başımdan eləmək üçün bir cümlə kifayət edir: “Yanında şəhər telefonu var? Konturun getməsin…”

Görünür bu cümlə Babək bəyin keçirdiyi zirzəmi həyatını bütün təfərrüatı ilə yadına salır, onun içində küskünlüyə oxşar duyğular oyadır. Odur ki, tezcənə sözünü deyib no düyməsini basır.

Bu dəfə də belə etdim, “nağarsan, neynirsən, haralardasan”ın dərhal ardınca dedim:

“Yanında şəhər telefonu var?”

“Hə, bu dəqiqə…” – mobildən səsi üzülməmiş ev telefonum zəng çaldı. Və yenə:

“Nağarsan, neynirsən, haralardasan.”

“Çağırı” filminə baxıram” – bu dəfə kinodan xəbərsiz olduğunu ona yedizdirmək istədim.
“Hansı, amerkanlar çəkən? Həə, türklər əla dublyaj edib.”

“Həsbinallah!” – ürəyimdə.

Babək dil boğaza qoymurdu:

“Ona indi baxırsan? Hi-hi!”

“Əla filmdi, Babək! Məkkədən qaçanların Həbəşistan kralı ilə söhbətinə baxanda gözlərim doldu.”

“…”

“Məhəmməd peyğəmbərin elə bircə balaca qız uşaqları üçün elədikləri nəyə desən dəyər.”

“…” – dinməməsinə sevindim, sözlərim hədəfə dəymişdi deyəsən. Yadıma düşdü ki, Babəkin də uşaqlar barədə yaxşı bir misrası var: “Qonşuluqda şəkillərə ata deyən bir uşaq böyüyür”. Daha da qızışdım:

“Adam gərək düzünü desin. İslamın beş-altı ildə etdiklərini Avropa ömrü boyu eləməyib. Namazın demirəm, bircə abdəstin fəlsəfəsindən bir disertasiya yazmaq olar.”
Babək Ardanuşlunun soyuq səsi eşidildi:

“Sən nöş bu qədər axmaqsan, İman!”

***

…Ay xətakarlar, dostumun ağzıyırtıqlığından mənim adımı da öyrəndiniz. Halbuki fikrim vardı sonacan gizli saxlayım.

***

Babək Ardanuşlu qəflətən ayağa qalxıb klassiklərimizdən heyrətamiz dərəcədə gözəl bir şeir deyər və səni istəməsən belə həmin havaya, həmin ovqata kökləyə bilər.

Bəzən şeirdən elə şövqlə danışır, deyirsən bu saat ürəyi pırr eləyib ağzından çıxacaq. Təəccübümü gizlədə bilmirəm: nədə olmasa sözdür bu, quru söz!

İnsanın bu mücərrəd nəsnəyə belə şövqlə bağlanmasının altında hökmən bir anormallıq olmalıdır. Az keçməmiş fikirlərimin təsdiqi elə Babək bəyin öz cibindən çıxır: dərman resepti.

Diaqnoz da lələşiniz deyən: nevrosteniya! Şövqlə danışanda ağzının köpükləməsi, rənginin qızarması, sol qulağının qanla dolub qaralması ondanmış. Üstəlik qan təzyiqi qalxırmış əsəb gərginliyindən.

Həkim yazdığı altı dərmanın beşi sakitləşdirici idi.

Ardanuşlu səhhəti ilə bağlı xatircəmdi: “Araq əsəblər üçün ən yaxşı dərmandır. Kardeşim, içəndə şirə dönürəm, nə istəyirsiz?!” Düz deyir.

Mən dəfələrlə Babək Ardanuşlunun finalı şeytanın belə ağlına gəlməyən içki məclislərinin günahsız qurbanına çevrilmişəm. Davalar nə üstə olub? Məsələn, hesabı bir “məmməd” (təxminən iyirmi sent) çox dediniz, televizorun səsini niyə almırsınız.

Bir dəfə dostlardan birinin toyuna getmişdik. Ardanuşlu toya sərxoş gəldi.

Üstünü də burdakı dostlarla düzəldib oldu zırrama! Toyun axırınacan ortadan çıxmadı. Axırda bizə tapşırdılar ki, amanın bir günüdü, gözləyin qıza-gəlinə hücum etməsin.

Biz vəziyyəti təzəcə götür-qoy edirdik ki, mikrafondan Ardanuşlunun sevgi ilə dolu səsi eşidildi: “Dostlar, qapınızı şər tanımasın!”

O, ayaq üstə dayana bilməsə də şeiri elə gözəl, elə ürəkdən, elə bəlağətlə və elə yaşayaraq söylədi ki, bütün məclis dostumu alqışladı. Gözlərim doldu, inanın. Çoxdandı Babəki belə xoşbəxt görməmişdim.

Hələ sonra “Heyvagülü” çaldırıb sağa-sola ləngərləyərək uzun ayaqlarını oynatması… Elə bil oğlunun toyu idi perydasızın!

Toydan çıxanda uzun qollarını boynuma saldı: “Bilirsən, İman, adamlar çox mənasızdır e…” Elə dərindən ah çəkdi, elə bildim ağzından alov çıxacaq.

Gözlərimin içinə qəribə bir ərklə baxaraq səsinin tonunu dəyişdi: “Gəl bara gedək!” “Yox” dedim, bildim ki, yeni yorucu, hətta təhlükəli macəralar gözləyir bizi. İsrar etdi, hətta məni dolamaq üçün həmişə işlətdiyi ifadəni də yadına saldı: “Duduşunu yeyim, məni qırma!

Gedək bir pivə içək, sonra rədd olaq xarabamıza…” Ürəyim yuxalsa da özümü sərt göstərməyə çalışdım: “Bəsdi dəəə, alə, düd deyincə vurmusan, ayaq üstə dayana bilmirsən, istəyirsən içib dombalaq aşasan?

Mən getmirəm, özün cəhənnəm ol, hara gedirsən get.” Qolunu yenə boynuma saldı.

Daha doğrusu, özünü yıxdı üstümə və yol boyu bədəninin yarısını mən daşımalı oldum.

İçimdən keçənləri oxuyurdu biqeyrət: “Ürəyinnəndi bilirəm! Gəlmə, gələnin xalasına!” Üzümdən spirt qoxuyan şahanə bir öpüş alıb aşa-aşa o qədər də böyük olmayan qapısının üstünə oynaşan işıqlarla “Anakonda” yazılmış zirzəmiyə tərəf addımladı.

Qaçıb tutdum onu, yalvarışa keçdim, alınmadı, polislə hədələdim şaqqanaq çəkib güldü, “bir də sənnən oturmayacam” dedim, “mümkün deyil” deyib hırıldadı. Sonra özü sallaşdı məndən və içəri dartmağa başladı.

Ardanuşlunun məni “Anakonda” disko-barına aparmasının bircə adı var: itsürütməsi!

İçəri girən kimi mini yubkalı gözəl bir xanım Babəkin qoluna girdi, yanağından öpüş aldı. Sürətlə yanıb sönən işıqların altında Babəkin ehtirasdan parıldayan gözlərini gördüm.

O, xanımın əndamını əlləyə-əlləyə boş divanların birinə yaxınlaşdı. Mən də gedib oturdum.

Qarşıdakı şüşə mizin üstündə çərəz və şampanski vardı. Ardanuşlu şampanı açdı, üç bakal süzdü və tələsmədən sol əlini yanındakı gözəlin kürəyinə sürüşdürdü: “Aşkım, sənin padruqon yoxdu, bəyəm?” “Tı ştooo?!” – qız dedi soğan yumrusu döşlərini irəli verib dodaqlarını əyərək.

Harasa əl elədi, uzun sarı saçları qısa platyasının ətəyi bərabərində olan işvəkar bir qız bizə yaxınlaşdı.

Ardanuşluya sarılmış gözəlçə ehtirasla oynaqlayan şəhadət barmağını mənə uzatdı: “Esi, bu maladoyla maşqul ol!” Ardınca şaqraq qəhqəhələr və Ardanuşlunun bu incə qəh-qəhələrə qarışan köntöy və doğma hırıltısı…

Qız sərçə kimi uçub qucağıma qondu, boynuma sarıldı, şəhadət barmağını dodaqlarıma toxundurub belə bir səs çıxardı: “Uuuuuu!!!” İtələmək istədim, ama daha gülməli vəziyyətə düşəcəyimdən qorxdum. Az keçməmiş çılpaq ayaqlar içimi qıdıqlamağa başladı…

Gözəllərlə mazaqlaşmaq bizə baha başa gəldi.

Qızların sifarişi ilə gələn 4 kokteyl, mizin üstündəki çərəz və şampanski üçün nə az, nə çox 100 dollar pul istədilər. Ardanuşlu qızmış öküzə döndü: “A kişi nə danışırsız?!”

Mübahisə qızışar-qızışmaz, bizi boş otaqların birinə apardılar, Ardanuşlu barın sahibinin gəlməsini təkid edincə içəri qarayanız, hündürboy bir oğlan girdi. Ardınca da beş-altı özü kimisi…

İnanmayacaqsınız, uzun ağızlaşman sonra qara oğlanın “pulunuz yoxdu barda nə s…dirirsiniz” cümləsinə Babəkin atdığı şapalaq nöqtə qoydu. Oğlanın sifətindən qığılcım çıxdı.

Bundan sonra nöqtə yağışları başladı... Ama bu dəfə bizim başımıza! Allahdan mən ilk zərbəylə uçub otağın bir küncünə düşdüm, yerdə bir-iki təpik də yeyib allaha şükür elədim.

Qorxa-qorxa ayağa duranda gördüm, dostumun sifətində salamat yer qalmayıb. Köynəyi cırılıb əynindən çıxıb, sinəsi qanın içində...

O, adamların aralandığını görüb bir də otağın ortasına atıldı: “Əclaflar, üstümə töküldünüz, təkbətəyə duxunuz çatmadı, heç olmasa ömrünüzdə bircə yol kişilik eləyib mənə bir köynək verin, evə bu libasda getməyim.”

Cavanların biri əynindəki qısaqol köynəyi boynundan sıyırıb ona uzatdı. Ardanuşlu köynəyinin cibindəki dərmanları çıxarıb ağzının, üzünün, sinəsinin qanını sildi, köynəyi əlində yumrulayıb qarşısındakı gənc oğlana verdi: “Sən də bunu yuyub geyinərsən! Qorxma qanımda mikrob yoxdu”.

Barın pilləkənlərindən yuxarı qalxanda Ardanuşluyla köynəkləşən oğlan ehmalca onun qolundan yapışdı: “Biqeyrətdi yalan deyən, bu bardakılar qızlı-oğlanlı sənin atılan dırnağına dəyməzlər! Bir də içib özünü belə rüsvay eləmə!”

Ardanuşlu heç nə olmamış kimi gülümsədi və qalib bir əda ilə dedi: “Nəzərə alarıq, rəis!”

Bayıra çıxanda məni qəhər boğmuşdu, nə edəcəyimi bilmirdim. Birdən Babəkin astadan zümzümə etdiyini gördüm.

Nə oxuduğunu anlaşdıra bilmədim. Yenə qolunu boynuma saldı, çəkisinin yüngülləşməsindən hiss etdim ki, ayılıb artıq. Sevgi dolu səs qulaqlarımda guruldadı: “Dastanı” havasıdı… Aşıq Kamandar oxuyur.” Ardınca incə melodiyalar yenidən eşidildi. Səməd Vurğunun “Ceyran” şeirini birinci sözündəncə tanıdım.

***

Babək Ardanuşlu ucaboydur, beli azcana irəli əyilir yeriyəndə. Addımlarını uzun-uzun atır.

Saymışam, o, bir addım atınca mən üç qədəm basıram yetişmək üçün. O at, mən isə keçi kimi yeriyirik.

Babək yaraşıqlı adamdırmı? Bu suala da cavab vermək hər oğulun işi deyil. Ucaboydur düzdür, çəkisi də qaydasındadır, baxışlarında qəribə bir istilik, doğmalıq var.

Əllərini, qulaqlarını heykəltəraş yonub sanki. Dodaqlarını qızlar bəyənər məncə… Alnı və geriyə daranan saçları uca boyu ilə həmahənglik yaradıb ona əlavə əzəmət gətirir. Ancaq unutmayaq ki, ayaqları çox yekə, burnu uzun, başı yemişvaridir.

Enli kürəklərinin və azca irəliyə meyl edən (pivə içməkdən) qarnının müqabilində biləkləri və qılçaları nazikdir.

Boynu da həmçinin. Bir sözlə onun əsl kişilərə məxsus bədəninə başını, qollarını, ayaqlarını və burnunu sonradan taxıblar elə bil. Bunu zarafatla özünə demişəm… Demişəm, Babək bəy, elə bil sənin materialın hazırlananda kasadlıq olub, hərədən bir şey götürüblər: başın bir ayrı obadandı, qolların bir ayrı… Ayaqların isə ya uzaq məkandan gətirilib, ya uzaq zamandan!

Kədərlənib. Başımı sığallayaraq gözlərini inanılmaz saflıqla mənə zilləyib: “Sən istedadlı adamsan!” Ardınca məni heyrətləndirən daha bir tryuk: “Gözlərimə diqqətlə baax!” Çaşmışam.

“Diqqətlə bax, diqqətlə” – mənə daha da yaxınlaşıb. İnsan gözləri yaxından çox vahiməli görünürmüş, deyim ki… “Bax, bax, gözümün biri qonur rəngdədir, biri qara!” – gülüb. Diqqətlə baxmışam, doğru deyirmiş! Başını aşağı salıb, yüngülcə köks ötürərək deyib: “Gözlərimin biri atamın, o biri anamındır.

Əsəbiliyim və qan təzyiqim isə baba yadigarıdır. Ayaqlarım eynən əmimin ayaqlarına bənzəyir. Düzdür onun sağ ayağının üstündə böyük bir çapıq vardı, ancaq bu sonralar olub, meşədə, odun doğrayanda balta ilə kəsib.

Bir dəfə sol ayaqlarımızı yanaşı qoyub baxmışıq, onda mən lap balaca idim, bütün cizgilər, hətta qırışlar belə eyni idi. Məncə insan bədəninin ən yazıq əzası ayaqlardır.

Ürəkdən də yazıq. Ürəyi şairlər şişirdir, inan mənə! Ürək vəfasız qadınlar kimidir. Ama ayaqlar… Ayaqlarıma baxanda həmişə kədərlənirəm, əmim yadıma düşür.

O, müharibədə öldü. İndi mənə elə gəlir ki, həm də əmimin ayaqları ilə yeriyirəm. Atamı-anamı da itirmişəm. Onların gözü ilə də dünyaya baxıram demək. Ölümüm isə, ürəyimə damıb, babamdan olacaq.”

Ardanuşlu bu miniatürdən başqa keçmişi haqda mənə bir daha heç nə söyləmədi. Etiraf edim ki, o vaxt çox təsirlənmişdim bu söhbətdən.

***

Yəqin öz-özünüzə deyinirsiniz ki, bu Ardanuşlu harda işləyir, nə yeyir? Cavabımı oxuyandan sonra lap qeyzlənəcəksiniz: “Yazısı maraqlı alınsın deyə ağlına gələni yazır.” İnanın səminimiyyətimə, qətiyyən belə deyil.

Ardanuşlunun harada işlədiyini də dəqiq bilmirəm. Bəlkə bunu heç onun özü də bilmir.

Pulu necə qazanır sualı nə qədər çətindirsə, əvəzində necə xərcləyir sualı o qədər sadədir.

O ən çox Babək Xürrəmidin canlanmasından danışır. Məncə bu yaradıcı şizafreniyadır. Onun fikrincə biz nə səmavi kitabların söylədiyi kimi Adəmdən, nə Darvinin dediyi kimi təkamüldən yaranmışıq.

Biz odlar ölkəsinin sakinləriyik və oddan törəmişik. İnsan, cəmiyyət özünə qayıdanda böyük olur – bu aksiyomadır.

Ona görə Babəkin qayıdışı cəmiyyətimizin xilası ola bilər. Ayıq vaxtı bu qayıdışı hardasa mənəvi, mücərrəd amillərlə izah edirsə, keflənəndə xalq qəhrəmanının ruhunun kimdəsə təcəllasından danışır və sözündən belə çıxır ki, məmləkətimizdə Babəkin ruhunu daşıya biləcək yeganə adam Ardanuşlu özüdür.

Lap açarını itirəndə isə, deyəsən, Babək Xürrəmidin məzardan qalxıb atlanaraq Bəzzeyn qalasına çəkilməsindən, cənublu, şimallı yurdumuzu dünyanın ən ideal ölkəsinə çevirməsindən bəhs edir.

Babəkin bir yandan xalq qəhrəmanı olması, digər yandan elə bu kefqom xalqın kütləviliklə İslama sitayiş etməsi kimi ziddiyyətli məqamları özünə xas olmayan müdrik tövrlə belə izah edir: “Babək əsl İslama qarşı deyil, Kərbəla düzündə peyğəmbər nəvəsinin başını kəsən, oğul-uşağını zəlil gündə əsir aparan günahkar bir sülaləyə qarşı vuruşub!”

Fikirlərinin emosionallığından hiss edirsən ki, Ardanuşlu qəlbən həm də islamçıdır. Hətta söhbətlərində bəzən karıxıb “On iki imam haqqı”, “Həzrət Abbas haqqı”, “Əli belini qurşasın” kimi ifadələr işlətməklə saqqalı ələ verir, nəinki müsəlman, hətta şiə olduğunu axıracan gizləyə bilmir. Üstəlik Pir Sultan Abdalın, Füzulinin, Aşıq Ələsgərin xəstəsidir.

Vidadini Vaqiflə müqayisə edənləri yumruqlamaq istəyir bəzən. Amma içkili vaxtı Vaqifdən şövqlə qoşmalar söylədiyinin də çox şahidi olmuşam. Sovet ədəbiyyatına isə həmişə şübhə ilə yanaşıb bizim Ardanuşlu, o dövrdə yazılanları “alt yapısı olmayan” nümunələr kimi qiymətləndirib.

Bütün bunlar məni bir çürük qoz qədər maraqlandırmır. Mən gözlərimi Ardanuşluya ona görə dikirəm ki, bəlkə karıxaraq ağzından öz məşğuliyyətləri, gördüyü işlər barədə nəsə bir söz qaçırsın.

Sizə deyim, bəzən qarmağa nəsə düşür. Məsələn, aylarla oxuduğu mühazirələrin içində, “mən stəkan satan vaxtlarda”, “Yeni sabahlar” qəzetində işləyəndə”, “küçədə balıq satırdım…”, “küçədə ayaqqabı satanda”, “qəssab işləyəndə” və s. kimi ekzodik sözlər eşidirəm.

Nə yazıq ki, bu barədə konkret nəsə öyrənmək mümkün deyil. Ardanuşlu nadir hallarda verilən sual ətrafında danışır, o eləcə öz bildiklərini anladır və bundan əsla yorulmur. Danışdıqlarından anlaşılır ki, Ardanuşlu çobançılıqdan, küçə alverindən tutmuş jurnalistikaya, siyasətə qədər hər şeylə məşğul olub.

***

İndiki Ramstorun yanından Keşləyə tərəf gedən yolun kənarı yaxın keçmişimizdə qamışlı bataqlıqla əhatələnmiş köhnə tikililərlə dolu idi və bu tikililərin arasında hökumət idarəsi olduğu uzaqdan bilinən bir bina vardı.

Elə bir bina ki, sovetlər dönəmindən qaldığı uzaqdan çağırırdı. Erkən gənclik illərimizə qızıl hərflərlə yazılan azadlıq hərəkatı bu binanı azacıq da olsa silkələməmişdi.

Sadəcə qarşısında yığcam bir pivəxana tikmişdilər. Ardanuşlu məni pivəyə dəvət edəndə gül kimi Yasamalı qoyub bu xaraba, bürkülü yerə gələcəyimiz ağlımın ucundan da keçməzdi. Açığı əvvəlcə etiraz etmək istədim, sonra bir bildiyi var bu yemişbaşın dedim öz-özümə.

Belə vaxtlarda o, at addımları ilə məndən xeyli öndə gedir, bir kəlmə də olsun dinib-danışmır.

…Birinci bakalı son damlasınadək başına çəkib sinə dolusu nəfəs alandan sonra əlini həmin sovetdənqalma binaya uzatdı: “Oranı görürsən, mömin!”

Diqqətlə baxdım, qapı-bacası o qədər uçuq-sökük olmasa da qarşısına vurulmuş lövhədəki hərflərin birini belə oxumaq mümkün deyildi. Bura hardasa dəmir-dümürlə zəngin olan yığcam fabrikə, yaxud taxta, şalban, setka, armature sexinə bənzəyirdi.

Diqqətlə baxan daşların üzündə belə insan tamahının, tükənməz şeytani nəfsin izlərini görə bilərdi. Olsun ki, qoxusu da vardı bu köhnə, camış leşinə bənzəyən naməlum müəssisənin. Burnu quzğun dimdiyi kimi uzanıb əyilən Ardanuşlunu da buralara çəkib gətirən bu qoxu idi deyəsən.

“Görürəm, yoldaş Dağdanuşdu!” – hələ onun adı ilə bağlı mənalı bir atmaca tapa bilməmişdim. Ama o tapmışdı artıq. Mənə çox vaxt mömin deyə müraciət edirdi və fikrini belə əsaslandırırdı: “Elm elmdir, alim ona sahib olan kəs! Mömin də eləcə, imana sahib olan kimsənin adıdır. Sənin adını səhv qoyublar!”

Ardanuşlu gözlərini qıyaraq asta-asta dilləndi:

“İndi qalxıb gedirsən o binaya, qarşısındakı lövhəni oxumağa çalışma, çünki zəhmətin hədər gedəcək.”

“Nədən bilirsən?”

“Yaxşı dəəə… qulaq as mənə.”

“Səni and verirəm uca Şirvinin müqəddəs ruhuna, bildiklərini bu məzlum bəndəndən əsirgəmə” – məzələndim.

“Yaxşı dəəə, uşaq-uşaq danışma… İkinci mərtəbəyə qalxırsan, kporidorun başındakı “müdir” yazılan qapını astaca döyüb içəri keçirsən.

Qorxma, katibə-filan yoxdur. Mənə diqqətlə qulaq as” – barmağını havada yellədi – “A kişi, acından dişimin kirini sümürürəm, qulaq as mənə! İçəri keçən kimi deyirsən, salam müəllim, jurnalistəm, yazı-pozu əhliyəm, yolum burdan düşdü, dedim sizə bir Allah salamı verim, haqqınızda çox eşitmişəm…

Səni oturmağa dəvət edəcək və nələrsə danışacaq. Nə söyləsə təsdiq edərsən, deyərsən, qəm eləmə, it hürər karvan keçər. Axırda nə versə götürüb qoyarsan cibivə. Vəssəlam! Çətin deyil ki?”

“Mən bacarmaram.”

“Bacararsan!”

***

Qapıya vurulmuş lövhədə doğrudan da heç nə oxunmurdu. Lövhənin diqqət çəkməmək üçün belə saxlandığını düşündüm.

Hündür, kirli, boyası qopmuş nəhəng qapının açılacağına inanmasam da, əlimi mis rəngli iri, naxışlı dəstəyə atanda qapının sağ yox sol tərəfi ustufca açıldı və nə gizlədim, içim xeyli rahatladı.

Müdirin otağını tapmağım və onun kabinetinə girməyim də beləcənə asan oldu.

Əzəmətli qapını qara fonuna qızılı hərflərlə “Direktor F.T.Əsgərov” yazılmış kiçik lövhə bəzəyirdi. Eynən Ardanuşlu deyən kimi davrandım; kabinetin başında şahanə əda ilə oturan yoğun, dişləri qızıl, başının ortası daz, burnu ətli, suyuşirin adama kamali-ədəblə salam verdim, yazı-pozu əhliyəm dedim.

Ayağa qalxdı, buyur-buyur söyləyib mənə yer göstərdi. Oturdum. Göz-gözə gəldik. Dərinliyindəki qorxunu gozlədə bilməyən şaşqın gözlər sağa-sola səyridi:

“Görürsən dəə... neyləyirlər?”

“Görürəm” – yalansa beli sınsın - “Narahat olmayın, müəllim, it hürər karvan keçər.”
Üzündə xoş bir ifadə dolaşdı və bu ifadə onun suyuşirinliyini daha da artırdı.

“Hamı sənin kimi başa düşən olsaydı nə vardı ki! Öz aramızdı, hamımız bir loxma çörək üçün çalışırıq. Kor nə istər iki göz... Kişi yamanlıq yox yaxşılıq eləməlidir. Əgər mən irəli gedirəmsə sən paxıllq eləməməlisən, sən irəli gedirsənsə mən işinə pəl vurmamalıyam.”
“Əlbəttə” - əminliklə söylədim.

Yoldaş G T oğlu Əsgərov qəflətən əlini cibinə atdı, iki dənə şax yüzlük dollar çıxarıb qarşıma qoydu: “Bağışla sən allah, sənnən çörək yeməyə gedə bilmirəm, bir dostunla oturub nahar eləyərsən. Elə-belə qardaş payı kimi qəbul elə...”

Pulu utana-utana götürdüm, hiss etdim ki rəngim qızardı xeyli. Allah Ardanuşluya lənət eləsin! G T oğlu Əsgərovun da ətli burnu qızarmışdı bir az. O, ayaq üstə daha doğma görünürdü.

“Sağ olun müəllim, Allah sizdən razı olsun” – deyib otaqdan çıxdım.

***

Sovetdənqalma binanın alaqaranlıq pilləkənlərində cibimdəki pulu təkrar çıxarıb baxdım: doğrudan da iki yüz dollar idi.

Üzbəüz pivəxanaya çatan kimi Ardanuşlu gülümsündü: “Hamı sənin kimi başadüşən olsaydı nə vardı ki?!”. Diksindim, dalınca əminliklə: “Yüz dollar!” Yüzlüklərin ikisini də Adanuşlunun qabağına atdım, üzündə təəccüb ifadəsi dolaşsa da özünü o yerə qoymadı:
“Bu nədi, itə çörək atırsan?”

“İt dilənçilik eləmir!”

“Bəsdi, peyğəmbərliyin tutmasın yenə! Əla oynamısan rolunu, kişinin xoşuna gəlmisən. Sənin bu istedadından faydalanmaq lazımdı.”

“Burda nə baş verir, Babək bəy?” – az qala yalvararaq soruşdum.

“Bilmirəm”.

“Necə yəni bilmirəm, məni tanımadığın yerə necə göndərirsən?”

“İki ildən artıqdır ki, burdan pul alıram. Üç aydan bir özüm gəlirəm, ayda bir dəfə də sənin kimi dostların yetənəyindən istifadə edirəm. Birinci ili lap əla idi, 300 verirdi. Sonra qazancı aşağa düşdü, ya ağlı başına gəldi, ya gəlib-gedən çoxaldı, nə idisə yendirdi maaşımızı: əvvəl iki yüzə, sonra yüzə... Ama səni yüksək qiymətləndirdi, gördünmü?”
“Bura nə idarəsidi belə?”

“Bilmirəm!”

“Yalan demə!”

“Allaha and olsun bilmirəm!” – yenidən hırıldadı və tez də ciddiləşdi – “Davay, ofisiantı çağır yaxşı bir zakaz verək! Bunlarda əla gürcü çaçası olur.”

***

Ardanuşlu mənim həyatıma necə soxulub, bunu da dəqiq xatırlamıram. Hər halda səsli-küylü olmayıb bu tarixi hadisə.

Bəlkə, ilk görüşümüzdə onun necə qaynar, içkiyə meylli, ipə-sapa yatmayan birisi olduğunu görsəydim asanlıqla aralanardım Ardanuşludan. O, mənim rəğbətimi qazanandan, belə deyək, ürəyimə yol tapandan sonra dəliliklərini görməyə başlamışam.

İlk görüşlərimizin biri hansısa ədəbiyyat dərnəyində olub. Yadımdadı, Ardanuşlu qalxıb 10-15 şeir oxudu, hamı alqışladı onu. Mən də bəyəndim. Tdbirdən sonra tanış olduq, ayaqüstü qısa söhbət etdik.

Məlum odu ki, Gəncədə Pedaqoji Universiteti bitirib, Bakıya təzə gəlib. Hətta bu barədə işlətdiy cümlə o zamandan ilişib yaddaşımın bir küncündə qaldı: “Cibimdə beş “məmməd”, ayağımda ağ şəp-şəp, çıxıb gəldim Bakıya. Heş nəyi və heç kimi atmadım, çünki heç nəyim və heç kimim yox idi.” Bəlkə də məni Ardanuşluya bağlayan bu cümlələr oldu.

Həmin gün “Elmlər Akademiyası” metrosunda təsadüfən rastlaşdıq. Sən demə Yasamal gecəqondularında kirayədə qalırmış. Yox, lənət şeytana, tələbə şəhərciyində qalırdı deyəsən...

Metroya yaxın çayxanaların birində oturduq, Ardanuşlunun sinədəftər olduğunu ilk dəfə burda kəşf etdim. O, bütün Azərbaycan şairlərini, bəzi türk şairlərini, Nazim Hikməti əzbər bilirdi.

Mənim ədəbiyyata və içkiyə olan fantastik sevgim, üstəlik hərdən özümün də nələrsə yazmağım Ardanuşlu ilə uzun, bəlkə də sonsuz ünsiyyətimizin yaranmasına səbəb oldu. Sonralar isə sadəcə biri-birimizə öyrəşdik.

O vaxt dərnəyə gələn qızlardan birinə vurulmuşdu. Qız məşhur qəzetlərdə mədəniyyətdən yazan, müsahibələr aparan Ardanuşlunun hesabına çap olunur, imzası ədəbiyyatın gündəminə gəlir, söz konusu olurdu.

Ama Ardanuşluya heç cür yaxınlıq vermirdi. Mən dostuma görə əzab çkirdim. Açıb deyə də bilmirdim ki, ürəkdən sevdiyin xanım səndən acımasızcasına istifadə edir.

O, sənin kimi kasıb, kimsəsiz biri ilə ailə qurmaq fikrində deyil. Sınardı Ardanuşlu... Zahirən nə qədər köntöy və əyri-üyrü görünsə də daxilən çox həssas idi.

Zaman yanıldığımı göstərdi: Ardanuşlu o qədər də sadəlövh deyilmiş!

Şənbə günlərinin birində sevdiyi qızı öz rəfiqəsi ilə birlikdə “Azərbaycan” nəşriyyatına dəvət etdi. Məqsədi çox ilginc idi: mən, Adanuşlu və bu iki xanım birləşib “Antanta” adlı ədəbi qrup yaradacaqdıq və yazılarımızı, qismət olarsa kiablarımızı bu seriyadan çap edəcəkdik. Şöhrətpərəst xanımlar o saat razılaşdılar.

Şənbə günü hamımz deyilən məkanda olduq. Birinci mərtəbədəki mühafizləri və təkəmseyrək gözə dəyən avara jurnalistləri çıxsaq, o boyda nəşriyyat bombalamboş idi. Ardanuşlu bizi “Haqqın sədası” qəzetinin redaksiyasına apardı. İçəri kasıbyana olsa da hər cür şəraiti vardı; stol, stullar, bir şkaf, bir divan, tok çaydanı. Hətta şkafın üstündə nərdtaxta...

Qızğın müzakirələr başladı. Ardanuşlu yarızarafat, yarıgerçək çox şeylər danışdı, uzağı bir ilə bütün respublikada tanınacağımızı əminliklə söylədi.

Qızlar həvəslə çay hazırladılar, Ardanuşlu siyirmədəki qənddanı stolun üstünə qoydu. “Antanta”nın ideoloqu ilk həmləsinə elə bu otaqdan başladı. Hamı evə hazırlaşan vaxt başı ilə sevdiyi qızı göstərib buyrdu: “Siz bayırdı bir dəqiqə gözləyin, mənim xanıma bir-iki sözüm var.”

Biri-birimizə baxdıq, Adanuşlunun sevdiy qız, Allahüçünə, otaqda qalmaq istəmirdi, rəfiqəsi təkid etdi.

Biz Ardanuşlu ilə sediyi qızı içəridə qoyub koridora çıxdıq. Qapı arxamızca xəfif şaqqıltı ilə bağlananda yanımdakı xanım diksindi. Mən də ixtiyarsız dönüb arxaya baxdım, amma yapacaq bir şey yox idi.

Otaqdan asta etiraz iniltiləri, xırda stul taqqıltısı və divan cırıltısı eşidildi. Sonra səslər batdı. Görünür dodaq-dodağa gəlmişdilər artıq. Bu qəfil hadisə məndə heyvani bir ehtiras yaratdı. Bunu incə bədəni, uzun saçı, nazik dik burnu və xırda döşləri ilə adamın ağlını alan şairə xanım da hiss etdi deyəsən.

Yavaş-yavaş qaralmaqda olan pəncərəyə baxaraq titrək bir ah çəkdi. İxtiyarsız pəncərəyə tərəf addımladıq.

Heç birimiz dinib-danışmırdıq. Arada baxışlarımız toqquşdu, ikimiz də utanıb gözlərimizi yayındırdıq. Mən mobil telefonumu çıxarıb qurdalamağa başladım, xanım isə sumkasında eşələndi, sonra saatına baxdı...

Təxminən on beş dəqiqədən sonra qapı hirslə açıldı, Ardanuşlunun sevdiyi qız paltarını düzəldə-düzəldə tələsik otaqdan çıxdı. Rəfiqəsini görcək hönkürdü və onu gözləmədən pilləkənlərə tərəf qaçdı...

Həmin gün Ardanuşluya qəzəblə verdiyim, “əclaf, qıza neylədin” sualının cavabı o qədər gecikdi ki, biz şairə xanımla təzədən dostlaşdıq, hətta onların hər iksinin toyunda olduq, sevdiyi qızın toyunda Ardanuşlu Füzulidən şahanə bir qəzəl oxuyub zalı tilsimə saldı.

Ən axırda yenə günahkar mən oldum. Ardanuşlu xərçənglə pivələndiyimiz isti yay gecələrinin birində hırıldayaraq dilləndi: “Sən nə maymaq adamsan ə! Yiyəsiz koridorda o gözəlliyə qızı öpə bilməmisən.

Qız özü gileyləndi e, mənə! Dedi dostun impotentdi?” İncidim, etiraf edirəm, hətta pivələrin hesabını ödəyib getdim. Aramızda qalsın, Ardanuşlunun adını da telefonumun yaddaşından sildim. Səhərisi telefonda guruldayan sevgi dolu səs məni yenidən ovsunladı: “Qadan mənə gəlsin, sən Həzrət Abbas zarafatımdan incimə!”

Onun əksər adətləri kimi xanımlara münasibəti də qeyri-adi idi. Təsəvvür edin, “Olimp” mağazasının qarşısında 106 nömrəli avtobusa minirik. Tutacaqdan sallanıb dayanın iki gözəl qız diqqətimizi çəkir.

Ardanuşlu at addımları ilə yaxınlaşıb nə desə yaxşıdır: “Xanım, siz də şeir yazırsınız?”

İnanın utandığımdan pəncərədən atılmaq istəyirəm. Fikiləşirəm ki, bu saat sumkalardan biri gözləri alov-alov yanan Ardanuşlunun yemişə oxşayan başına keçəcək. Qızlar gülüşərək “Yox” deyirlər. Ardanuşlu da gülümsəyir və daha ötkəm səslə deyir: “Ama biz yazırıq...

İkimiz də Yazıçılar Birliyinin üzvüyük” – cibindən qırmzı üzlü vsiqəni çıxarıb qızlara uzadır. Onlar sənədi alıb baxırlar, Ardanuşlu yenə sakit qalmır, üzünü mənə tutur: “Sən də ver vəsiqəni!”. Vəsiqəmi qızlara uzadıram, alıb gülümsəyərək baxırlar. Adanuşlu:

“Yəqin tələbəsiz... İncəsənət?”

“Bəli.”

“Hansı fakültə?”

“Sənətşünaslıq.”

“Oooo” – Ardanuşlu səntşünaslıq doktoruymuş kimi arxayın poza alır – “Siz də ədəbiyyatı önəmsəmirsiniz o qədər? Bəlkə sizə də elə gəlir ki, ədəbiyyat, məsələn kino və teatrın yanında ikinci dərəcəlidir.”

Qızların biri:

“Qətiyyən belə deyil.”

“Elə isə Bəxtiyar Vahabzadədən, Məmməd Arazdan sonra oxuduğunuz bir şair adı çəkin.”

Qızların o biri:

“Bizi imtahan edirsiz?”

“Xeyr, xeyr, maraq üçün soruşdum.”

Qızların o biri:

“Vaqif Cəbrayılzadə.”

Ardanuşlunun qırışığı açılır:

“Halal olsun! Biz hər bazar saat 12-də “Vahid” poeziya evinə yığışrıq. İstəsəz gələrsiniz. Sizə telefon da verə bilərəm.” – Cibindən balaca bir kağız çıxarıb nömrəni yazır və qızlara verir – “Əgər gəlmək istəsəniz şənbə günü saat 2-də zəng edin. Yəqin tanıyırsınz Vahid evini...”

Qızların biri:

“Həə... Olmuşam orda...”

Sağollaşıb ayrılırıq.

...Və şənbə günü, saat 2yə qalır. Adanuşlu telefonun yanında əyləşib zəng gözləyir. Mən isə gülürəm dostuma: “Zəng etməyəcəklər” – deyirəm.
Ardanuşlu:

“Edəcəklər! Bakı maraqsız şəhərdir, bu qızlar da bizim kimi darıxırlar...”
Saat 2. Telefon zəng çalır. Adanuşlu çörəyə atılan köpək cəldliyi ilə dəstəyi qapır.
“Bəli!”

...Sabahısı 12-yə on dəqiqə qalmış Baksovet metrosunun çıxışında görüşürük.
Ardanuşlu yavaş-yavaş əvvəldən gözü tutduğu sarışın saçlı xanımı ovlamağa başlayır.

Məlum olanda ki, o da şeir həvəskarıdır və gözəl qiraət qabiliyyəti var, Allahın insanları nə qədər sevdiyinə bir daha əmin oluram.

Ardanuşlu isə həyatındakı bu xıda uğurları qırmızı oddan və qızıl bayraqdan gələn qarşısıalınmaz enerjiyə bağlayır: “Sən xürrəmiliyin mahiyyətini anlamamısan deyəsən” – yaşıd olsaq da mənə öz müridi kimi baxırdı – “Dünyada qızıl bayraq qaldıran bütün hərəkatlar qələbə çalıb, ancaq sonra ilkinliyə xəyanət edildiyi üçün məğlub olublar.”

“Xəyanət nəyə deyirsən? Babəkin Sulikdə mühasirəyə düşərkən anasını və arvadını qoyub qaçmasına?”

“Əl-Təbəri kimi oğraş-oğraş danışma!” – qeyzlənir həmsöhbətim.
Gərək etiraf edəm, Ardanuşlunun heç vaxt qəbul etmədiyim od-alov fəlsəfəsinin qadınarla bağlı praktiki uğuru hərdən məni şübhəyə salır: “Vallah, birdən gördün Azərbaycanı da birləşdirdi... bu gicələk!”

***

Ardanuşlunun son bildiyim iş yeri nəhəng bir nəşriyyat idi. Korrektor işləsə də, əslində ondan redaktor kimi istifadə edirdilər.

Kompyuterdə yazmağı bacarmayan və Azərbaycan dilini yaxşı bilməyən idarə rəisləri, bölmə rəhbərləri yuxarı-aşağı ünvanlanan məktubları Ardanuşluya yazdırır, varlı-vəzifəli müəlliflərin kitablarını ona oxutdururdular.

O, kişik korrektor maaşı ilə böyük redaktor işləri görürdü.

Deyim ki, redaktor kimi əvəzsizdir Ardanuşlu. Onda elə qabiliyyət var ki, kimsə danışarkən belə havada cümlələri redaktə edir və istəsə bütün mətni yadında saxlayırdı. Özü də hər iki variantda: həm birinci şəxsin danışdığı, həm özünün düzəltdiyi...

Bu qəribə taleyi Ardanuşluya əzab vermirdi desəm ədalətsizlik olar.

O, bütün yeri səhv düşən, qiyməti yanlış verilən insanlar kimi için-için əriyirdi.

Özü barədə belə yazmışdı hansısa şeirində: “Mən bu vətən torpağını üstümdəki toz-torpaqdan başqa ayrı cür hiss eləmədim”.

Ancaq vətən ona təkcə toz-torpaq bəxş etməmiş, qolundan tutub küçəyə tolazlamış, dalına da bir təpik ilişdirmişdi.

Ardanuşlunun bu hallara düşməyində bir vətən oğlu kimi mən də özümü günahkar sayırdım. Bax Ardanuşluya həm də buna görə bağlanmışdım!

İşlədiyi nəşriyyatda bir qıza vurulmuşdu Ardanuşlu. Dərdindən ölürdü, inanın. Deməyindən belə çıxırdı ki, qızın da ürəyi var. Ancaq mən inanmırdım. Ardanuşlu ilə ailə qurmağa hazırlaşan qız yalnız axmaq ola bilər – düşünürdüm.

Özü də kim, kim, şəhər qızı. Bu yalnız o zaman mümkündür ki, qızın geniş imkanları, evi-eşiyi olsun və Ardanuşlunu böyük eşq naminə heç nəsiz qəbul etsin. Dostumda belə bəxt hardan idi!

Onun avaragor taleyi epizodik sürprizlərlə işini bitmiş sayırdı. Ya da Azərbaycan kimi məmləkətlər üçün hesablanmamışdı bu alın yazısı.

Çünki Adanuşlu nəinki normal, hətta böyük insan kimi yaranmışdı, fəqət böyüməyə, cücərməyə, başını qaldımağa, üstündəki o toz-torpağı çırpmağa imkan tapa bilmirdi.

Bir gün Yasamal pivəxanasında görüşəndə baxdım nəfəs ala bilmir yazıq. Təzyiqi necə qalxmışdısa gözləri qan çanağına dönmüşdü. Sinəsi tez-tez qalxıb enir, nəbzi az qala biləyini yarıb çıxırdı. “Təcili yardım çağıraq” – dedim. “Hara, pivəxanaya?!” – gülümsədi, boynunun arxasını ovuşdura-ovuşdura səntirlyərək quru balıq iyi verən piştaxtaya yaxınlaşdı: “Mənə 150 qram araq verin!”

Maraqlıdır, araqdan on dəqiqə sonra rəngi açıldı, kefi kökəldi. Həmin gün işdə başına gələnləri danışanda bu dəfə mən təcili yardımlıq oldum.

Sən demə Ardanuşlu facebook şəbəkəsində gizli imza ilə nəşriyyatda on-on beş nəfər biri-birinə yaxın şəhər uşağının yaratdığı qurupa daxil olubmuş və onların danışıqlarını izləyirmiş.

Bu gün söhbət ondan düşüb, ələ salıblar Ardanuşlunu, istədiyi qıza söz atıblar, o da eləmə tənbəllib yazıb: “O keçmişdənqalma çuşkaya heç tuflilərimi də sildirmərəm! Getsin qaqqıldayıb tayını tapsın.”

Utandığımdan stolun altına sivişmək istədim.

Ardanuşlu son cümlələri xüsusi şövqlə dedi və müdrik redaktor ədası ilə gülümsədi: “Əgər anqırıb tayını tapsın yazsaydı belə əsəbləşməzdim. Bu təkcə mənə yox bu bədbəxt məmləktə və onun dilinə həqarətdir.” Adınca səsini qaldırdı: “Olsun! Mən o qızı “Haqqın sədası”na gətirməsən, dədəmin oğlu deyiləm!”

Ardanuşludan həyatındakı qadınlar barədə soruşdum o günü, nəsə yeni, maraqlı əhvalatlar olar deyə. Ciddi görkəm aldı: “Qadınla yekunlaşan məhəbbət cılız və keçicidir.

Eşq məişətə qapanıb qalan bir anlayış deyil. Qadınla, övladla, dostla başlayan eşq günlərin bir günü Haqqa doğru yönəlmirsə, əlinə verəsən o eşqin!”

Aha, yenə ariflik damarı tutub rəfiqimin. Məni isə son sevgisinin aqibəti maraqlandırır: “İşdə doğma dilimizi yaxşı bilməyən bir xanım vardı...”

Əlini çiynimə qoyur:

“Mən qadın sevgisinə tüpürdüm, mömin! Afşinin hüzurunda qolu bağlı qula çevrilən Babək Bəzzeynin xarabalıqlarına baxıb tüpürən kimi...”

Təzə bir eşq macərası olmadığından Ardanuşlu ilə bağlı bir xatirəmi də ərz eləmək istəyirəm. İstəməyənlər dostumun nəşriyyat fəaliyyəti ilə bağlı abzasa keçə bilərlər, bir müəllif kimi haqqımı halal edirəm.

Bu hadisə də avtobusda vaqe olur. Ardanuşlu qalxıb yerini əlində iri zənbil tutan bir qadına verir. Dayanacaqda düşəndə qadınla düşür, mən də arxasınca... Qadn nə qədər təkid edirsə, alınmır, Ardanuşlu zənbili zorla götürüb onunla qoşa addımlayır. Mən uzaqdan müşahidə edirəm. Qadın gənc və gözəldir, Ardanuşluya heç yaraşmır. Külək saçlarını sağa-sola oynadır, gözlərinə salır, əlləri ilə gözəl çöhrəsini qısa vurulmuş saçlarının basqısından qorumağa çalşır.

Hər dəfə qara saçlar ağ sifətdən aralanınca, klassiklər haqlıymış, elə bil bədrlənmiş ay bulud arxasından cilvələnir.

Külək uzun ətəkli donunu bədəninə sıxır, ayaqlarının arasına soxur, tumarlı əzaları daha qabarıq görünür. Ardanuşluya baxıram – burnu ilə qadının siftini dimdikləyəcək sanki... Nəsə deyir qadına, təxminən yüz metrə gedəndən sonra dayanırlar, Ardanuşlu zənbili ona verir, qadın təşəkkür edir və ayrılırlar. Mənə çatar-çatmaz deyirəm: “Haqqın sədası”?! Gülümsəyir dostum, bir söz demir.

Aylar sonra bu qadın haqda soruşuram, laqeydcəsinə dediyi söz köksümə xəncər kimi saplanır: “Mənimlədir!”

“İnanmıram!” – inamla səslənirəm.

“Deyəsən xoşun gəlir ondan, sənin üçün təşkil eləyə bilərəm” – həyəcandan balaca dilimi udacam, İlahi! Ardanuşlunun bu təklifindən sonra qadından həqiqətən də xoşlandığımın fərqinə varıram. Hətta uzun gecəlrimi onun xəyalıyla keçirdiyim yadıma düşür.

Həmişə, siz də mənim qardaş-bacılarım, o məsələni yapanda gözümün qarşısında onun küləklə sığallanan ayaqları canlanır. Yuxumda neçə dəfə soyndurmuşam onu, bədəninin bütün əzalarını təsəvvür etmişəm. İndi o gözəlliyi Ardanuşlunun spirt qoxuyan cəmdəyinin, pivə içməkdən xaşallamış qarnının altında təsəvvür edəndə həyata nifrət edirəm.

“Doğru deyirəm...”

“Bəsdi ə, o elə qadına oxşamırdı, sən sırtıqlıq elədin.”

Ürəyimdə isə deyirəm: “Sən Allah bir az da danış ondan!”

Yenə də sirli təbəssüm...

Günlərin birində Ardanuşlu mənə qeyri-adi bir təkif edir: “Mömin, sənə bir nömrə verəcəm, zəng edib danışarsan. Qəşəng bir xanımdı, sən onu ələ almalısan.”

“Səbəb?”

“O qadınla yaşayırdım, indi mənə “atval” verir, deyir, doğru yola qayıtmışam, qəmişini çək məndən. Bilirəm yalan dediyini. İndi mənə lazımdı ki, onu kiminlsə tutum və üzünə tüpürüm. Ən ideal namizəd sənsən – yaraşıqlı və gənc!” Tutuluram. Əgər məzələnmirsə, təklif ürəyimcədir. Axı söhbət avtobusda gördüyümüz həmin gözəl qadından gedir!
Qadın hansısa xalça firmasında sex rəisi işləyirdi.

Ərindən xəyanət üstündə boşanmışdı. İlk vaxtlar kişilərlə çox da dərinə getməyən ünsiyyət qurub ərinə acıq vermək istəyirmiş. Vaxtında anlamayıb ki, bu pambığın odla oynamasına bənzəyir. Elə həmin zamanlarda Ardanuşlu avtobusda ona rast gəlib.

Deyirəm də, əclafın belə axmaq işlərdə bəxti yeyindi! İlk vaxtlar Ardanuşlu ilə hansısa kafedə yüngülvari çay içmək, facebookda yazışmaq, birlikdə şəkillərini yaymaq, şeirlərini likeləmək kimi “yüngül xəyanətlər”lə kimlərisə qıcıqlandırmağa başlayan gənc qadın həm də həyatındakı boşluğu qismən doldurmağa çalışır.

Hətta Ardanuşlunun sifətcə bir az nataraz olması belə işinə yarayır.

Ərinə ötürdüyü “bu belə səndən yakışklı və centlmendir” anlamında! Ancaq gənc sex rəisi bilməsə də siz bilisiniz ki, bu dünyada “Haqqın sədası” adlı qəzet var və həmin qəzetin redaksiyasına yayları cırıldayan köhnə bir divan qoyulub! “Toxuculuq ən qədim peşədir”, “İnsan əli boz tikanı gülə döndərir”, “Qadın əslində öz gözəlliyini toxuyur” kimi təntənəli başlıqlarla qəzetlərdə dərc olunan, internet sitələrində yayılan, linkləri sosial şəbəkələrə kəmənd kimi atılan, xərçəng kimi dostların lövhəsinə qol-budaq atan məqalə və müsahibələrin ardınca “Haqqın sədası” qəzetinin redaksiyasında şokoladla çay içməyə nə deyərsiniz? Şəxsən mən əhsən deyərəm! Ona görə ki, belə vaxtlarda şokolad Ardanuşlunun təzyiqinə ziyan eləmir.

...Səsi də gözəlmiş! Uzun mücadilədən sonra “Şuşa kinoteatrı”nın qarşısında görüşürük. Münasibətimiz tutur. Bu görüşlər bir-neçə dəfə davam edincə mən onu yaxınlqdakı evimə - Ardanuşlunun kimsəsiz rus qadınından bircə günlüyünə kirayələdiyi mənzilə gətirirəm. Planımız belədir: evdə oturub cükküldəşdiyimiz vaxt qapının zəngi çalınır, mən qalxıb açıram, Ardanuşlu daxil olur. Bundan sonrası mənlik deyil...

Qapının zəngi çalınmadı. Dostum mənə qeyri-adi hədiyyə edibmiş! Heyrətlənməyə bilməzdim... Ancaq bundan daha artıq heyrət etdiyim başqa bir şey vardı: qadının bədəni eynən xəyalımda canlandırdığım kimi idi...

***

İşindən razı olmasa da normal maaş alır, day küç-küçə düşüb o ofis sənin, bu idarə mənim dilənçilik etməyə hacət qalmırdı. Ancaq bu maaş gündəlik keçinməyə çatırdı. İllah da içən adam üçün.

“Sən Babək Xürrəmiddən başqa hamıdan narazısan. Ona görə bir yerə kül tökə bilmirsən. Neyləyək ki, 9-cu əsrdə deyil 20-ci əsrdə dünyaya gəlmisən.” – yenə danlayıram Ardanuşlunu.

“Adamlar çox şərəfsizdilər, mömin! Məsələn, elə götürək bizim nəşriyyatı... İşçilərin hamısının ən böyük arzusu direktorla şəkil çəkdirməkdir. Qəribə bilirsən nədir, qəribə odur ki, son vaxtlar mən özüm də bunu arzulamağa başlamışam.”

“Yalan demə, sənin heç bir arzun-zadın yoxdur. Sən Zərdüştə, Hörmüzə, Əhrimənə, hətta Babək Xürrəmidə belə inanmırsan. Səninçün mütləq bir dəyər, keçilməz bir nöqtə yoxdur. İncimə, bir gün məni belə keçi qiymətinə satsan təəccüb eləmərəm.”
Sifətində şeytani bir işıq dolaşdı, onu anlayan bir adam olduğuna sevinirdi bəlkə də: “Doğrudanmı düşünürsən ki, mənim heç bir arzum yoxdur?”

“Düşünmürəm, buna əminəm!” – qızışmışdım – “Varsa denən!”

“Ən böyük arzum, eləmi?!”

“Həə... ən böyüyü...”

“Şeir kitabımın çıxması!” – dodaqlarının xəfif titrəyişi, gözlərinə kölgə kimi çökən kədər onun səmimi olduğuna zərrəcə şübhə yeri qoymadı. Bir anlıq bütün qənaətlərim alt-üst oldu, içim göynədi. Bu nədir, İlahi? O ağlamaq istəyir, yoxsa...

Boğazım qurumuşdu. Soyuyub buza dönmüş əlindən tutdum və yalnız bu kəlməni deyə bildim: “Bağışla!”

Halbuki Ardanuşlunun bayaqdan söz etdiyim məşhur müsahibəsində “Niyə kitab buraxdırmırsınız” sualına verdiyi cavabı unutmamışdım: “Mən əslində əsgi kitab mədəniyyətinin əleyhinəyəm. Məncə artıq bəşəriyyət elektron kitab yayımına küll halında keçməlidir. Mən də kitablarımı belə yayımlamaq fikrindəyəm.”

“Sən heyvansan, mömin! Sən adamı anlamırsan!” – haqlı idi – “Mən bircə saat sərasər ciddi olsam ürəyim dözməz... Mən günahlarla, səhvlərlə təsəlli tapıram, ona görə bu günlərə düşməyimə bir səbəb yaratmağa çalışıram!” – gözləri doldu – “Altı aydı direktorumuz Sabir Meracın qəbuluna girmək üçün sürünürəm, ilk və son kitabımın çıxsmasına kömək eləsin deyə. Məndən də bu dünyada nəsə qalsın istiyirəm. Səncə bundan böyük arzu olarmı?! Ancaq alınmır! Sabir Meracın yanına girmək meraca qalxmaqdan çətin olub mənimçün. Ürəyimə damıb ki, o, məni başa düşər, kitabımın nəşrinə kömək edər. Bununçün hər şeyə hazıram – yaltaqlanmağa, mədhiyyə yazmağa, onun əllərindən öpməyə! Amma imkan vermirlər, mənimlə Sabir müəllim arasında elə divarlar yaradıblar ki, tədbirlərdə belə yaxınlaşa bilmirəm.”

Azca fasilədən sonra:

“Gördün nə qədər arzularım var, mömin?! Hətta indi də var! Məsələn, içmək istəyirəm! Bu da böyük arzuların balaca vintciyi...” – bərkdən çiynimə vurdu – “Möhkəm ol, kələ!”

***

“Xalq” qəzetinin şənbə sayının birinci səhifəsində “Sabir Merac – 75” rubrikası diqqətimi çəkdi. Rubrikada gedən “Böyük şair, böyük naşir, böyük insan” başlıqlı məqalə qəzetin ön səhifələrindən birində səxavətlə yerləşdirilmiş, məqalənin tən ortasında Sabir müəllimin gülümsər çöhrəli şəkli verilmişdi. İmza yerinə baxanda gözlərim qaraldı əvvəlcə.

Təxminən belə bir şey oxudum: “luArBadabəknuş”. Başımı silkələdim: “HaykanuşBabluək”, bir də silkələdim və gözlərimi üç dəfə yumub açdım: “Dağdanuş...”, lənət şeytana – qəzeti gözlərimə yaxınlaşdırıb ora-bura qaçan hərfləri baxışlarımla tutub saxlamağa çalışdım. Heç bir qrammatik səhvi olmayan imza aynən böylə idi: “Babək Ardanuşlu”, aşağısında isə kursivlə yazılmışdı: “Şair-publisist”.
Məqalənin mənə bəxş etdiyi hissin nə olduğunu yazmaqda acizəm. Sadəcə keyimişdim və məni bu şok vəziyyətindən istedadlı dostumun növbti sürprizi çıxardı.

***

“A-zad-lıq! A-zad-lıq! A-zad-lıq!” - İnanmayacaqsınız! Mən gözlərimə, qulaqlarıma inanmıramsa siz mənə niyə inanmalısınız?! ANS telekanalının həftəsonu buraxılışında icazəsiz etiaz aksiyası keçirənlərin arasında görünən Babək Ardanuşlu yumruğunu az qala kameraya soxurdu. Sifəti pörtmüşdü, ağzından tüpürcək sıçrayırdı. Deyəsən sərxoş idi: “A-zad-lıq! A-zad-lıq!”

***

“Almaniyadan bir qohumumuz gəlib, deyir bir-iki dəfə mitinqlərdə görün, qəzetlərdə nəsə yazsınlar-eləsinlər, səni özümlə Nürnberq şəhərinə aparacam!” – Ardanuşlunun nə vaxtsa dediyi bu sözləri növbəti zarafatı saymışdım. Amma o ciddi-ciddi davam etmişdi: “Belə vaxtda efirdə görünmək, bir-iki dubinka yemək, üç-dörd gün içəridə yatmaq tale ülkərinin doğması deməkdir.

Bilirsən, Babək Xürrəmidin sevdiyi qızın adı Pərvin olub. Bu sözün farsca mənası Ülkər ulduzu deməkdir. Babək Pərvinə qovuşa bilmədi deyin, idealları həyata keçmədi.”

Əcəba, Babək Ardanuşlunun Babək Xürrəmiddən fərqli olaraq, doğrudanmı bəxt ulduzu doğmuşdu? Bilmirdim, bilmək də istəmirdim. Bu an bircə məsələ narahat edirdi məni: görəsən tutmayıblar ki Babəki?!

“Bu nömrəyə zəng çatmır...” – mobilimdən nəzakətli xəbərdalığı iyirmi-otuz dəfə eşidəndən sonra əlim hər yerdən üzüldü. Tərs kimi, son yaşayış yerinin harda olduğunu da bilmirdim ki, gedib baş çəkəm.

Bazar ertəsi işə zəng vurdum, iclasdadır dedilər. Özümü təqdim edib, onu təcili axtardığımı söylədim.
Babək Ardanuşlu günortadan sonra zəng çaldı mənə. Tanımadığım bir nömrədən:
“Nağarsan, neynirsən, haralardasan.”
“Telefonuna niyə zəng çatmır?”
“İtirmişəm.”

“Haralarda idin?”
“Həmişəki yerə gəl, görüşək.” – işdə olduğundan pivəxana deyə bilmirdi.
“İndi, ya axşam?”
“İndi.”

***

“Direktor məni yanına çağırdı” – Stolun üstünə qoyduğu “Xalq” qəzetinə baxıb dodağımı dişlədim:

“Axır ki! Yazıdan razı qalıb yəqin...”

“Nə yazı? Axşam məni mitinqdə göstəriblər, ona görə...”

“Nə dedi?” – həyəcandan yerimdə dingildədim.

“Nə deyəcək, üzümə tüpürdü, dedi get ərizəni yaz!”

“Ola bilməz!”

“And olsun uca Şirvinin ruhuna...” – gülümsəmək istədi, bacarmadı. Yenə onun üzünə baxmağa utandım, başımı aşağı saldım. Araya qəbiristanlıq sükutu çökdü. Gözüm qəzetin əzilmiş səhifələrindəki bu cümlələrə sataşdı: “İnsan təkcə istedadı, müstəsna qabiliyyəti ilə deyil həm də insanlığı, xoş əməlləri, xeyirxah işləri ilə seçilməlidir.

Həyatda belə şəxsiyyətlərə rast gəldikcə düşünürəm ki, bu torpaqda, bu məmləkətdə yaşamağa, yaratmağa dəyər. Bəlkə də çoxlarına qəribə görünəcək, mən Sabir müəllimi lap cavan yaşlarında yazdığı incə ruhlu, lirik şeirlərinə görə tanımışam. Və bu gün əminliklə söyləyə bilərəm ki, əgər Sabir Merac geniş ictimai və pedaqoji fəaliyyətlə, nəşriyyat və poliqrafiya işləri ilə yüksək peşəkarlıq səviyyəsində məşğul olmayıb enerjisinin çoxunu yaradıcılığa versəydi, adı Bəxtiyar Vahabzadə, Məməd Araz, Əli Kərim, Fikrət Qoca kimi şairlərlə bir sırada çəkilərdi. Onun incə şair ruhu ilə qələmə aldığı aşağı...” – sətirlər qəzetin qatlanan yerində qaralıb görünməz olurdu...

“Nürnberqdən nə xəbər var?” – samanlıqda iynə axtarmaq da bir istedaddır.

“Bu gün zəng elədim, qardaşı götürdü.” – udqunub susdu.

“Özü hardadı bəs?”

“Moskvada. Alverə gedib...”

Yenə uzun bir sükut... Bezdim səssizıikdən, fikrini dağıtmaq üçün ağlıma gələn ilk cümləni söylədim:

“Barışmaz müxalifətçi, əzəmətli naşir, şair-pulisist, “Xalq” qəzetinin yubiley yazarı Babək Haykanuşluya eşq olsun!”

“Nə? Haykanuşlu?” - gülmək tutdu Babəki, sevgi dolu səsi yenidən guruldadı, əlini boynumun arxasına aparıb alnını alnıma sıxdı:

“Mənim Pərvinim qəhbə çıxdı, mömin!”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG