Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:04
əvvəli

ATASININ MƏCNUNUN GÖRÜŞÜNƏ GETMƏSİ


Fars nəslindən olan şirin dil dehqan
Belə xəbər verir ərəb halından:
Oğlunu itirmiş o yəqub qoca
Gözəl Yusifindən ayrı qalınca,
Məcnunun halını gördü pərişan,
Kəsdi umudunu ondan bir zaman.
Ah çəkib gözüylə odlar görürdü,
Yenə də umudla ömür sürürdü.
Onun gəzmədiyi çarə qalmadı,
Zənci yuyunmaqla çinli olmadı.98
Nə qədər dağıtdı yenə simü zər,
Bəxti yetirmədi ona bir nəzər.
Kəsdi umudunu dərdli oğlundan,
Bir də gözləmədi sağalmaq ondan.
Bir küncə qısılıb qaldı o baxtsız,
Bircə dörd künclünü gözlədi yalnız.
Qocalıq, zəiflik, bir də bədbaxtlıq,
Ona köç yolunu göstərdi artıq.
Dünyanın dərdindən o gəldi təngə,
Sıxılmış boğazı bənzədi çəngə.
Qorxdu ki, öldürsün bu əcəl onu,
Gəlib yadlar alsın onun yurdunu.
Xəstə tək əlinə bir əsa aldı,
Iki nəfər cavan yanına saldı.
Allah işıqladar, deyib, yolunu,
Yenə də gəzməyə çıxdı oğlunu.
Dağ ilə səhranı gəzib bir zaman,
Çölləri, qumları saldı ayaqdan.
Umudla əl açıb xeyli gəzdilər,
Heç yerdə tapmadı oğlundan əsər.
Nəhayət bir nəfər xəbər verdi ki,
Əzab evindədir sizin o itgi.
O bir yerdədir ki, xərabəzardır,
Baxdıqca qorxuncdur, sanki məzardır.
Qara bulud kimi o çirkin diyar
Neft kimi alışıb, tutuşub yanar.
Yenə yola düşdü zavallı qoca,
Bütün günü gəzdi yollar boyunca.
O bəxtsiz oğlunu görəndə birdən,
Oynadı qocanın qəlbi yerindən.
Məcnunda yox idi həyatdan əsər,
Varlığı dəriydi, bir də sümüklər.
Varlıq dünyasından düşmüşdü qaçaq,
Sövda yolundan da gəzirdi uzaq.
Xəyaldan asılmış çöpə bənzərdi,
Ölümdən qurtarmış bir tük qədərdi.
Yer üstdə it kimi çabalasa da,
Yer altdakindən də heçdi dünyada.
Qaynaqdan düşmüşdü həyat qazanı,
Ayaqdan düşmüşdü, huşsuzdu canı.
Yarılmış başından düşmüşdü papaq,
Yerdə ilan kimi hey qıvrılaraq,
Əl boyda dərini o tərki-vətən
Fitə tək tutmuşdu öz göbəyindən.
Ata sığalladı onun başını,
Saxlaya bilmədi öz göz yaşını.
Axıtdı sel kimi ciyər qanını,
Uçurdu könlünün xanımanını...
Açıldı Məcnunun bu dəm gözləri,
Qəlbə munis gördü o bir nəfəri.
Baxdı atasına o bəxti qara,
Lakin tanımayıb qaçdı kənara.
Bir adam özünü unutsa əgər,
Başqa bir insanı tanıyar məgər?
Dedi: "Sən nəçisən, de görüm kimsən?
Gəldiyin yollara qurban olum mən".
"Mən sənin atanam, ey ciyər param,
Nə vaxtdır, bir səni mən axtarıram".
Məcnun atasını tanıdı bu an.
Düşüb ayağına ağladı al qan.
Ata qucaqladı yazıq oğlunu,
O bunu öpürdü, bu isə onu.
Ah, tuta bilməyib bir yerdə qərar,
Min novhə çəkərək çox ağlaşdılar.
Atanın göz yaşı çay kimi axdı,
Sonra boy uzunu oğluna baxdı.
Gördü, ölü kimi o çıl-çılpaqdır.
Başı papaqsızdır, yalın ayaqdır.
Bir xələt götürüb öz heybəsindən,
Geydirdi oğluna, örtüldü bədən.
Başmaq da, papaq da verdi, müxtəsər,
Bəzədi təpədən dırnağa qədər.
Sonra da atalıq nəsihətiylə,
Ona öyüd verdi öz adətiylə.
Dedi ki: "Ey ruhum, bu yuxudan qalx,
Cüt atlı zəmanə tələsir, bir bax.
Bu yolun hər otu qılıncdır, oğlum,
Gəl, çəkin bu yoldan, qurbanın olum.
Yediyin zərbələr çox asan deyil,
Tutaq ki, sən dözdün bir ay, ya bir il.
Yenə ox atacaq rəhmsiz fələk,
O, sənin qanını açıq tökəcək.
Tutaq bir neçə gün yenə dözdün sən,
Lakin bu yerlərdə can verib ölsən,
Canavardan tutmuş pələngə qədər
Sənin bədəninlə doyar vəhşilər.
Qürbətdə ölmə gəl, nə varmış bunda?
It olmaq yaxşıdır ana yurdunda.
Baş götürüb qaçdın vəhşi çöllərə,
Qocaldın, çatmadı əlin bir yerə.
Əzablar çəkməyin mənası varmı?
Daima zillətə dözmək olarmı?
O sular yatağı çaylağa bir bax,
Seldən xarab olmuş gördüyün çaylaq.
O sellər axıdan dağa qıl nəzər,
Onu da zəlzələ dağıdıb tökər.
Bu zillət, bu əzab pəncəsində sən
Dəmirdən də olsan çürüyəcəksən.
Getdi ömrüm-günüm sənin dərdinlə,
Ram olub bir zaman atanı dinlə.
Baş getdi, cilovun bərkdir, ey insan,
Alışdı ürəyim, sən yenə xamsan.
Çöldə ləhləməkdən bir dəfə əl çək,
Vəhşilər yanında kim at sürəcək?
Divlər yatağına gəl olma məhrəm,
Qaçma zəmanədən, ey talei kəm.
Başından bir dağıt bu qayğıları,
Özünü xəyalla gəl aldat, barı.
Bir arzuyla yaşa, o, puç olsa da,
Arzuyla şadlanar aqil dünyada.
Yalan da, doğru da olsa hər dilək,
Bari, bir nəfəsə bəzəkdir, bəzək.
Əvvəl sən rahatca nəfəs al ki, bir,
Sonrakı nəfəsin gör necə gəlir.
Səadət qapını açmasa bu gün,
Kəsmə umudunu ondan büsbütün.
Çoxları buğdanı saxlanc etdilər,
Qazanc görmədilər bir arpa qədər.
Ömrün ixtiyarı öz əlindəykən,
Işini gör, qurtar hamıdan erkən.
Sabah cilovunu tutanda əcəl
Bir də üzr istəmə bu dünyadan gəl.
Dediyin şərbəti verməzlər sana,
Bil ki, yaratdığın düşər payına.
Qadın nə toxusa əyninə keçər,
Kişi əkdiyini toplayıb biçər.
Bu gün bir üzərlik yandır ki, sən də
Duyasan iyini bəlkə öləndə.
Ölüm dəhşətini qabaqca sına,
Axırda dözəsən hər ağrısına.
Ölümü kim duysa ölümdən qabaq,
Ölüm pəncəsindən xilas olacaq.
Baş vaxtından əvvəl ucalsa əgər,
Özü təpəsinə sillə endirər.
Səfər xəyalilə gülən bir dodaq
Öz bişirdiyindən pay aparacaq.
Adamsız qalmışdır meydanın, bir dur,
Yetər divanəlik gəl sakit otur.
Hər kəsin bir könül həmdəmi olar,
Hər çəkilən dərdin bir sonu da var.
Söz yox ki, ucadır insanlıq səndə,
Lakin it də yaşar, ölər vətəndə.
Əgər insansansa, insanlığı sev.
Bir div olsan belə, anla ki, hər dev
Bir insan şəklində görünmək istər,
Divdənsə dərs alıb adamlıq göstər.
Ah, oğul, insansan, şərəflisən sən,
Özünü divlərə taymı edirsən?
Azdır yoldaşlığım bu yolda sənə.
Canım yedəyindən gen qaçma yenə.
Gəl mənə yoldaş ol, həmcinsin mənəm,
Bari, təsəlli ver qəlbimə bir dəm.
Bu gecə sən məndən üz döndərsən, ah!
Bil ki, gec olacaq axtarsan sabah.
Sözlərim gəlirsə qəlbinə ağır,
Bu da, bil, fələyin qəzasındandır.
Qaçma, yaxına gəl, iş gör əlinlə,
Zamanın hökmünü bir yaxşı dinlə.
Mən ömrü bitirdim, sən şad ol yazıq,
Şərabı sən iç ki, mən məstəm artıq.
Ölürəm, ömrümü çatdırdım başa,
Qəm öldürdü məni, sənsə şad yaşa.
Inan ki, göylərə sovruldu külüm,
Günəşim saralır, yaxındır ölüm.
Günəş axşam oldu, hardasan səhər
Oğlum, mən ölürəm, bir kömək göstər.
Oğul, gəl, atayın pis gününə çat,
Gəl, canı çıxmamış ona əl uzat.
Mən əldən, ayaqdan düşməzdən əvvəl
Sönmüş ocağımı qızdırmağa gəl.
Yerimdən qoparsa məni ruzigar,
Gəl mənim yerimdə özün tut qərar.
Qoy ölüm əmrilə canımı alsın,
Bari, bir oğulsa yurdumda qalsın.
Ölüm səfərinə çıxsa bədənim,
Bilim ki, yerimdə adam var mənim.
Ölüm yasdığımda baxmasan mənə,
Nə dosta xoş gələr, nə də düşmənə.
Kənardan-kənara çıxar bir nəfər,
Mənim yığdığımı qapıb qəsb edər.
Rəvamı dünyada mən talei kəm,
Oğlum ola-ola kimsəsiz öləm?
Artıq çalınmışdır köç təblim, inan,
Indi köç yoluna hazırlaşır can.
Qorxuram, köçməyə tələsiyəm mən,
Köçümü tərpədəm sən gəlməmişkən.
Məzarım üstünə sən baş qoyasan,
O vaxt ağlayasan, bərk ağlayasan.
Tüstüyə dönsə də o gün nəfəsin,
Mənə nə faydası o ağlar səsin?
Qəmindən dünyalar yansa da, düzü,
Bir də gülməyəcək bəxtimin üzü".

davamı

Günün bütün mövzuları

XS
SM
MD
LG