Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:13

ABŞ- Azərbaycan hərbi təlimləri niyə təxirə salınıb?


«MÜDAFİƏ NAZİRLİYİNDƏN SORUŞUN»

Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson aprelin 20-də jurnalistlərə deyib.

«Buna görə də sualı o quruma ünvanlasanız, daha yaxşı olar». Hərbi təlimlərin bu ilin mayında keçirilməsi planlaşdırılırdı: «Regional cavab-2011» adı altında.

MÜDAFİƏ NAZİRLİYİ ŞƏRH VERMİR

Müdafiə Nazirliyi hərbi təlimin təxirə salınması haqda hələlik açıqlama vermir.
Nazirliyin mətbuat xidmətindənsə AzadlıqRadiosuna bildirdilər ki, aprelin 19-da APA informasiya agentliyinə verdikləri qısaca məlumatla kifayətlənək.

Nazirlik rəsmisi Eldar Sabiroğlu agentliyə deyib ki, təlim qeyri-müəyyən vaxta təxirə salınıb. Səbəblərisə izah etməyib. O, bu haqda məlumatı olmadığı üçün hər hansı şərh verməyib.

«Bu hal Azərbaycan - ABŞ hərbi əməkdaşlığına hər hansı təsir edə bilərmi» sualını isə Eldar Sabiroğlu belə cavablandırıb: «Mən inanmıram ki, belə bir şey baş versin. ABŞ-Azərbaycan hərbi əməkdaşlığı bundan sonra da davam edəcək».

«RUSİYA TƏZYİQ EDİR»

Amma nikbin olmayanlar da var. «Doktrina» Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli kimi. O deyir ki, belə davam etsə iki ölkə arasındakı hərbi əməkdaşlıq dayana bilər. Cəsur Sümərinli baş verənləri Rusiyanın təzyiqiylə izah edir. Onun arqumentlərini dinləyək:

«Amerika Silahlı Qüvvələrinin Avropa komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələri arasında iş planı imzalanıb, 2010-cu ilin əvvəlində. Amma indiyədək Azərbaycan parlamenti onu ratifikasiya etmir. İkincisi, ötən ilin mayında hərbi təlimlər keçirilməliydi. Azərbaycan birtərəfli qaydada imtina etdiyi üçün təxirə salındı. Üçüncüsü, bu ilin fevralında iki ölkə arasında təhlükəsizlik danışıqları olmalıydı, o da təxirə salındı. İndi də bu təlimlər…»

2008-Cİ İLDƏN DƏYİŞƏN SİYASƏT


Cəsur Sümərinli deyir ki, iki ölkə arasında belə təlimlər 2009-cu ilə kimi keçirilib. Həmin il Rusiya siyasi elitası bəyanat verdi ki, Moskva Qafqazda ABŞ qoşunlarını görmək istəmir. Bundan sonra da Azərbaycana təzyiqlər başladı və nəticə də ortadadır.

Yada salaq ki, 2009-cu ildə Rusiya prezidenti Dmitriy Medvedev demişdi ki, NATO-nun Gürcüstanda hərbi təlimləri açıq təxribatdır. Və bunun neqativ nəticələri ola bilər.

«Amerika Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində ciddi problemlər yaşanır və mən qorxuram ki, bu əməkdaşlıq ümumiyyətlə dayansın. 2008-ci ildən sonra tərəflər arasında hərbi əməkdaşlıqla bağlı müzakirə olunan mövzuların sayı getdikcə azalır. Təxminən üç il əvvəl Araz Əzimov Vaşinqtonda Azərbaycan-ABŞ təhlükəsizlik danışıqları zamanı gündəliyi açıqlamışdı. Orda Qəbələ RLS-in taleyindən tutmuş Xəzərin təhlükəsizliyi, Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi, amerikalı mütəxəssislərin Azərbaycanda dərs verməsi və sairə kimi məsələlər vardı. Tədricən bu gündəlik kiçildi. Artıq o gündəlikdəki məsələlərin bir çoxu müzakirə edilmir. Xüsusən də Xəzərin təhlükəsizliyi məsələsi. Buna Rusiyadan böyük təzyiqlər oldu».

«ABŞ İSTƏYİR Kİ, AZƏRBAYCAN TƏSİRLƏRƏ TƏKBAŞINA CAVAB VERSİN»


«Turan» İnformasiya Agentliyi isə yazır ki, ötən yazda da Azərbaycan açıqlama vermədən təlimləri ləğv etmişdi. Bu, rəsmi Bakının ABŞ-ı Qarabağ nizamlanmasındakı «ermənipərəst» mövqeyinə görə kəskin tənqid etməsi fonunda baş vermişdi.

«O zaman Bakı və Vaşinqton arasında münasibətlərin kəskin soyuqlaşması müşahidə olunmuşdu ki, bu da azərbaycanlı məmurların antiamerika bəyanatlarında və Vaşinqtonun İlham Əliyevi ABŞ-a nüvə təhlükəsizliyi sammitinə dəvət etməməsində özünü göstərmişdi».

«Turan» eyham vurur ki, bu dəfə təlimlərin təxirə salınması Vaşinqtonun Azərbaycanda insan hüquqlarının pozulmasını tənqid etməsiylə bağlı ola bilər.

Zahid Oruc
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc:

«Doğrusu, bu təxirəsalmanı xüsusi siyasi səbəblərlə əlaqələndirmək istəməzdim. Rusiyanın təsiri altında bundan imtinanı real saymıram. Amerika-Azərbaycan hərbi əməkdaşlığı müəyyən həddə çatıb. Amma iki ölkə arasındakı əməkdaşlıq strateji münasibətlər səviyyəsində deyil. Bizim arzu etdiyimiz Amerika- Azərbaycan münasibətlərinin sırf hərbi əməkdaşlıq, yardımlaşma səviyyəsinə çatması üçün birinci növbədə ABŞ daha real addımlar ata bilər. Söhbət regiondakı risklərə qarşı açıq olmaqdan gedir. Belə zəmanət yoxdur. Amerika Rusiyanın, İranın təsirlərinə Azərbaycanın təkbaşına addımlar atmasını istəyir. Bu halda, Azərbaycanın uzlaşdırılmış siyasəti başadüşüləndir».

«Regional cavab» Amerika-Azərbaycan təlimləri ilk dəfə 2009-cu ilin aprelində keçirilib. Təlimlərdə 759 hərbçi iştirak edib. Onlardan 565-i azərbaycanlı, 194-ü amerikalı olub.
XS
SM
MD
LG