Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:22

Kuba inqilabsız “tərpəndi”


Raul Castro (solda)
Raul Castro (solda)
Kubada ərəb inqilablarına bənzər bir etiraz müşahidə edilməsə də, Kuba hakimiyyəti öz xoşuyla islahatlar planı elan edib.

Kuba prezidenti Raul Kastro deyib ki, prezidentlik müddəti məhdudlaşdırılmalı, bir nəfərə yalnız 2 dəfə prezident seçilmək imkanı verilməlidir.

Kastro həm də hökumətə sistemli şəkildə gənc kadrları gətirməyi söz verib.

Raul Kastro bunları Kubada 50 ildən çoxdur ki, hakimiyyətdə olan Kommunist Partiyasının qurultayında bildirib. (BBC)

Sonuncu qurultay 14 il bundan qabaq keçirilmişdi

Kastro deyib ki, ölkədə islahatlara ehtiyac var və hər kəs öz işinə tənqidi yanaşmalıdır.

Kuba kimi qapalı ölkədən belə bəyanatlar eşitmək çox gözlənilməzdir.

79 yaşlı Raul Kastro aydın şəkildə bildirib ki, onun özü də üçüncü dəfə prezident seçilməyə cəhd göstərməyəcək.

Raul Kastro 2008-ci ildə prezident postunda qardaşı Fidel Kastronu əvəzləyib.

Bundan qabaq Kubanı onilliklər boyu - Fidel Kastro idarə etmişdi.

Qurultayda çıxış edən prezident Raul Kastro deyib ki, işdə buraxılan nöqsanlar aradan qaldırılmasa, Kuba inqilabına təhlükə yarana bilər.

Qurultaydakı çıxışında Raul Kastro söz verib ki, dövlətin iqtisadiyyatdakı rolunu azaldacaq və şəxsi mülkiyyətə, biznesə şərait yaradacaq.

Onin fikrincə, Kubanın hazırkı iqtisadi modelini müasirləşdirmək üçün azı 5 il lazımdır.

Prezident deyib ki, pulsuz səhiyyə və təhsil saxlanacaq, amma ilkin tələbat mallarına ayrılan subsidiyalar azaldılacaq, sosial xərclər “rasional şəklə” salınacaq.

Onun sözlərinə görə, bir müddət qabaq şəxsi mülkiyyətə icazə veriləndən bəri 200 min nəfər qeyri-dövlət sektorunda özünə iş yeri yaratmış şəxs kimi qeydiyyatdan keçib.

Amma Raul Kastro onu da bildirib ki, Kubanın sosialist xarakteri dəyişməzdir və heç kimə var-dövlət yığmaq imkanı verilməyəcək.

Son illərdə bir neçə dəfə Kubada olmuş “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi deyir ki, Kubada islahatların aparılması qaçılmazdır.

- Orada son illərdə bəzi dəyişikliklər hiss olunmağa başlamışdı. Məsələn, artıq mağazalarda kompüterlərin satıldığını görmək olardı.

Düzdür, onu almağa çox adamın gücü çatmır. Amma hər halda satılır

Bundan başqa İnternet klubları açılmışdı. Qarşısında növbələr olsa da.

Orada islahatlar qaçılmaz idi. Mən Kubanın indiki dövrünü SSRİ-nin son illərinə bənzədirəm.

Kuba - bir neçə ay qabaq azadlığa buraxılan dissident Guillermo Farinas
O zaman mağazalar boş idi, ərzaq malları defisit idi, siqaret qıtlığı vardı. Kubada da baxırsan ki böyük supermarketdir, amma içində minlərlə çeşid əvəzinə cəmi onlarla çeşiddə ərzaq satılır.

Küçələr ötən əsrin 40-50-ci illərinin maşınları ilə doludur. Adama elə gəlir ki, bu adamlar qədimi maşın həvəskarlarıdır.

Amma reallıq budur ki, dövlət maşınların satışını qadağan edir və həmin maşınlar babadan ataya, atadan oğula keçir.

İqtisadi vəziyyət əyalətlərdə lap pisdir. Kolxozlar insanları dolandırmır. Əgər məsələn orda kimsə maşınla adam vursa, bəlkə də ağır cəzadan yayına bilər, yüngül cəza ala bilər.

Amma maşınla inək vurmağın çox ağır cəzası var. Çünki kommunistlərin apardığı yarıtmaz islahatların nəticəsində ölkədə iri buynuzlu mal-qara elə azalıb ki, az qala onlar nadir heyvana çevrilib.

Yəni dəhşətli şəkildə aclıqdır. Adamlar var ki, gün ərzində zorla bir dəfə yemək tapıb yeyir. O yemək də bəzən olur banan-filan.

SSRİ-nin son illərində talonlar verildiyi kimi orda da indi ərzaq talonla verilir.

- Bəs insanların kommunizm ideyalarına inamı nə dərəcə güclüdür, yaxud liderlərə?

- Bizim gəncliyimiz dövründə sovet liderlərinə - Brejnevə, Qorbaçova nə dərəcədə hörmət vardısa, Kubada liderlərə ondan da qat-qat az hörmət var.

Onlar üçün Fidel Kastrodan da böyük ideal Çe Geveradır. Amma heç o ideallara sadiqlik də əvvəlki səviyyədə deyil.

İdealların olmaması ilə yanaşı onlar üçün bir mayak da yoxdur. Məsələn, bizdə Amerikaya, Qərbə ümid yeri kimi baxanlar var.

Amma Kubada bu da yoxdur, onilliklər boyu aparılan təbliğat öz işini görüb – insanlarda antiamerikanizm güclüdür.

Vahid Qazi
Siyasi cəhətdən fəal insanlar marginallaşıb. Müxalifətçilər yarı-dissident vəziyyətində fəaliyyət göstərirlər, onlara açıq şəkildə fikirlərini demək imkanı verilmir.

Amma onların özlərinin də xalqla əlaqələri zəifdir. Bizdə Ramiz Rövşənin bir sözü var – “Müxalifət işləmək”.

Yəni orda müxalifətçilər onilliklər boyu eyni işi görürlər, işlərində bir yenilik yoxdur.

Düşünürlər ki, kimsə onların əvəzində gəlib ölkədə vəziyyəti dəyişməlidir, bütün dünya onlara yardım etməyə borcludur və s. Mən onlarda bir yorğunluq da hiss etdim.

- İndi ərəb ölkələrində ard-arda üsyanlar, inqilablar olur. Kubada necə, buna zəmin varmı?

- Mən axır bir ildə orda olmamışam. Bəlkə də ümumi ovqatda hansısa dəyişiklik var.

Amma səfərlərim zamanı belə bir əhval-ruhiyyə hiss etmirdim.

Orada dəyişiklik baş versə, bunu hökumət özü edəcək. Hakimiyyətdə gənc və orta yaşlılardan ibarət bir təbəqə var.

Ümid var ki, onlar islahatlar aparacaqlar.

Hakimiyyətin son addımları göstərir ki, hətta Kuba kimi qapalı və repressiv rejim də cəmiyyətdə islahatlara ehtiyac yarandığını hiss edir. Dörd divar arasında dövlət idarə etmək indiki zəmanədə artıq mümkün deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG