Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:03
Amerikada yazarlar üçün ən nüfuzlu mükafatın – Pulutzer-in qalibləri açıqlanıb.

Nəsr nominasiyasında baş mükafata Amerika yazıçısı, hekayə ustası Jennifer Egan layiq görülüb.

Egan mükafatı ötən il çap edilmiş “A Visit From the Goon Squad” (“Muzdlu bandit dəstəsindən gələnlər”) kitabında “cəmiyyətin mədəni həyatında arı sürətilə baş verən dəyişiklikləri” bacarıqla təsvir etdiyi üçün alıb.

Kitab Bennie Salazar adlı rokçu və musiqi prodüsseri, eləcə də onun dostları və həmkarlarının taleyi haqdadır.

Bu insanlar yaşlaşdıqca tale onları müxtəlif səmtlərə “götürüb atır” – onların özlərinin ürəyincə olmayan səmtlərə.

Kitabın bir yerində Bennie Salazar deyir: “Vaxt – muzdlu banditdir, bəlkə düz demirəm?”

“Muzdlu bandit dəstəsi” əsərdə qəhrəmanları istəmədikləri həyatı yaşamağa məcbur edən qüvvələri rəmzləşdirir.

Kitabın janrını bəzi tənqidçilər roman, bəziləri isə hekayə toplusu adlandırırlar.

Burada konkret bir süjet ətrafında birləşməyən müxtəlif hadisələrdən bəhs edilir.
(Bir hekayədə əsas qəhrəman olan şəxs başqa bir hekayədə sadəcə “gözə dəyir”).
Kitabdakı hadisələr axır 50 ili əhatə edir və zaman kitab boyu tez-tez “irəli-geri hərəkət edir”.

Poeziya nominasiyasında isə Pulitzer-ə Amerika şairi Kay Ryan layiq görülüb.

Jurnalistika

Bu ilin əsas Pulitzer mükafatına “Los Angeles Times” qəzeti layiq görülüb - Kaliforniyanın Bell şəhərində hökumət rəsmilərinin korrupsiya əməllərini ifşa etdiyinə görə.

Pulitzer mükafatının medalı
“Cəmiyyətə xidmətə görə” verilən mükafatın sahibləri region məmurlarının özlərinə həddən artıq yüksək əmək haqqı təyin etdiyini aşkarlayıblar.

Qəzetdə silsiləvi yazıların davam etməsi şəhərdə geniş islahatların aparılması, həbslərlə müşayiət olunub.

Los Angels Times qəzetinin ikinci mükafatı isə “bədii foto” nominasiyası üzrə olub. Fotoqraf Barbara Davidsonun zorakılıq qurbanları haqda çəkdiyi şəkil digərlərindən seçilib.

1903-cü ildən bəri Kolumbiya universiteti Pulitzer mükafatı verir. Mükafatın məbləği 10 min dollardır. Bu il 13 Pulitzer mükafatı bir neçə “ilk”lərə imza atıb.


Məsələn, Pulitzer tarixində ilk dəfədir ki, “təcili xəbər”ə görə mükafat verilməyib. Son illərlə müqayisədə ilk dəfədir ki, mükafat bir neçə nəşr üzərində dayanmayıb.

İlk dəfədir ki, təkcə qəzetlər deyil, online nəşr olunan reportaj da Pulitzerə layiq görülüb.

İlk dəfədir ki, “yerli xəbərlərin işıqlandırılması” nominasiyası üzrə qalib olmayıb.
Baxmayaraq ki, ötən il KİV Meksika körfəzində baş verən neft sızmasını işıqlandırmaq üçün xeyli resursunu cəmləşdirmişdi.

Bu il “New York Times”, Wall Street Journal-ın adları yenidən qaliblər sırasındadır. “New York Times” Rusiyadan hazırladığı reportajlar və iqtisadi təhlillərə görə iki mükafat alıb.

Wall Street Journal qəzeti isə 2007-ci ildə sahibi dəyişəndən bəri ilk dəfə Pulitzer almağa müvəffəq olub. Sonuncu dəfə “xarici reportaj”, “”cəmiyyətə xidmətə” nominasiyalarının qalibi olan Wall Street Journala bu dəfə mükafat səhiyyə islahatları ilə bağlı yazılara görə verilib.

Washington Post qəzetinin fotoqrafı Carol Guzy isə 4 Pulitzer mükafatı alan ilk jurnalist olub. O, “xəbər fotoqrafiyası” nominasiyası üzrə mükafatı həmin qəzetin 2 fotoqrafı ilə bölüşüb. Onlar Haiti zəlzələsindən sonra viran qalmış əraziləri görüntüyə alıblar.

2011-ci ilin qaliblərinin heç də hamısı Pulitzeri faciəli hadisələri işıqlandırdığına görə almayıblar. Məsələn, “Milwaukee Journal Sentinel” qəzeti balaca oğlanın həyatını xilas edən həkimlərdən reportaj hazırlayıb. Bu reportaj da münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Pulitzer mükafatı 13 jurnalist kateqoriyası və 7 bədii kateqoriya üzrə verilib. Bu mükafat ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində xidməti olan şəxslərə təqdim olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG