Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:08













QATAR

Qarşıdan qatar gəlir,
Gecənin qaranlığına
Işığını sancaraq.
Yaxınlaşır qaçılmazlıq -
Takt ilə,
Taraqqa-taraqqq!...

Gəl uzanaq rels üstünə
Gözlərimizi yumaq,
Keçsin bu ömrün qatarı,
Üstümüzdən,
Canımızı qurtaraq.

Getdi,
Ötüşdü qatar,
Sən hardasan canım?!...
Səslərə qarışdın, itdin –
Taraq, taraq, taraqqq!!!


İNSAN

Hər gün yenidən doğulur insan
Ağrısıyla, əzabıyla,
Sevinciylə, qəzəbiylə.

Ana bətnitək qara işıqdan
Günəşin ağ zülmətinə düşür.
Tikanlarda qəzəb olur,
Güllərldə gülüşür.

Bulutlarla göyə qalxır,
Yağışlarla yerə düşür.
Çiçək-çiçək
Bağlanır bu dünyaya,
Yarpaq-yarpaq üzülüşür.

Hər gün doğulur insan
Hər axşam ölür,
Ürəyindən səhra yatır
Gözündə nəmlik.

Almadan
Cənnətlik olur,
Buğdadan
Cəhənnəmlik.


İKİBAŞLI ŞEİR

Rus qartalı kimi
Ikibaşlı adamlar
Nə xoşbəxt olarmış,
Bir başını itirənədə,
Bir başı qalarmış.
Bir başı kişi, bir başı arvad -
Çox ucuz başa
Gələrmiş həyat.
Dübaya getməzmiş heç kim,
Məcnunluq, kərəmlik
Etməzmiş heç kim,
Nə arvad olarmış, nə ər.
Nə xeyir olarmış, nə şər,
Kamilləşərmiş bəşər.
Bizə də
Başqa bir tale yazılarmış,
O zaman az olarmış
indiki
Ikibaşlı işlər.


ÖZƏLLİK ŞEİRİ

Tülkülər dərələri özəlləşdirib,
Çaqqallar meşələri, dağları.
Porsuqların şadlıq evləri
Bürüyüb bağları.
Ayılar ayılmayıb,
Mürgü vurur meşələrdə,
Çanavarlar
Ulamayır boş yerə,
Ceyranların dadı qalıb
Dişlərində.
Dodaqları boyalı,
yarıçılpaq
Qurbağalar nəğmə deyir
ekran gölməçələrdə.
Pişiklər miyoldayır, itlər hürür,
“viskas” adlı
Qrantlar düzülür
nimçələrində.
Qarışqalar çöllərdən
şəhərə köçüb,
kafelərdən, restoranlardan
Qır-qırıntı
daşımaqdı peşələri də.
Hər kəs
bərk məşğuldur müxtəsəri,
öz işlərində...


AŞİQANƏ GƏRAYLI

Sən gələndə bizim evə
Yoxum olur var, oynayır.
Barmaqlarım sevə-sevə
Kaman çalır, tar oynayır.

Pəncərələr pərdələnir,
Gül-çiçəklər sərgilənir,
Bütün aləm şərqilənir,
Döşəmə-divar oynayır...

Gözlərim gözünə baxar,
Qanım qaynar, ağlım axar,
Ürəyimdə güllü bahar,
Saçlarımda qar oynayır.

Nə xoşdur eşqin havası,
Cənnətin bitməz davası,
Alması, narı, heyvası,
Bağban üzür, bar oynayır.

Dodaqlarında qönçə var,
Harda bir belə incə var,
Canım çıxar dincin alar,
Carmıxında dar oynayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG