Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:39
Xalidə vaxtında ərə getməməyini ayıb bilib də və sanki bu ayıbı örtmək üçün, tez qocaldı. İndən belə günahı qocalıqda görər, inşallah.

Daha arxayınçılıqdı.

Belindən ədyal düşməz. Qocafəndi qurşağına da, rastına çıxan uşaq-muşağı sevindirmək üçün, noğul-nabat, rəngbərəng konfetlər, hətta fındıq-girdəkan qoyar.

Yayda əyninə dümdüz qalan göy donun içində uzun bir ağac kimi gəzir.
Uçub gedən gözəlliyi çöhrəsinə qonan kəpənək imiş.

Bu dünyada Xalidəni ancaq fotoqraflar bəyəndi.

İlk pasport şəklini çəkdirəndə, rayon mərkəzindəki “Arzu” atelyesinin fotoqrafı, guya şəklini düz çəkmək üçün, ora-bura əyilir, vaxtı uzadır, bu arada da alnında tər puçurlanırdı.

Xalidəyə deyir obyektivə bax, amma özü onun üzünə, sanki bir obyektivə, baxır.

Qız haçan aşağı baxdı ki: oğlan gəlib üçcə barmağı ilə çənəsini qaldırdı. “Çiyinlərini düz saxla, bərabər səviyyədə”, - elə həmin üç barmaqla da çiyinlərini düzəltdi.

Hayıf, onun bu cəhdləri sevgiyə çevrilmədi. Sonralar itirib-axtarmadı onu.
Güman, sevgiyə bir-iki saat vaxt çatmadı.

İndiyə ölüb gedər.

Xalidə 25 və 45 yaşlarında, hökumət qaydasınca təzədən pasport şəkilləri çəkdirməyə gedəndə də, onu orda görmədi. Amma 16-dan 25-ə, 25-dən də 45-əcən bu anı gözləmişdi.

İki şansın ikisi də itib getdi.

Ürəyində hesablama aparası oldu. Öz yaşı 16 olanda, onunku təxminən 40-dısa, gör indi bunun 45-i varsa, onunku 70-i haqlayar.

Allah eləməmiş, bəlkə də ölüb. Axırıncı görəndən sonra onu istənilən andan ölmüş saymaq olar.

Tale onun bəxtinə fotoqraf yazıbmış.

Bir dəfə də tarlada, daim əli burnunda olan, briqadir qızları başına yığası: bu gün rayon qəzetinə şəkil çəkdirəcəklər, üst-başlarına fikir versinlər. Axır cıvrıq birisi gəldi. Xalidə ömründə fotoqrafın, bu ikincisi idi, görürdü.

Ortaboy, həqiqətən, civə kimi hərəkətli, cingöz bir oğlandı. Ancaq qızları görüb özünü bir az itirmişdi.

Başını elə tez-tez tərpədirdi, deyirdin, idman edir. Boynundan sallanan fotoaparatı ora-bura yellənirdi. Görməzə-bilməzə, birdən o, qıraqda dayanmış Xalidəni çəkib ortaya gətirəsi.

Bax, bax, tale burda ona pıçıldayırmış: get, get, xoşbəxt ol. Hamı bu mənzərəyə mat qalmışdı. Oğlan əlini toxundurmağa cürət etməyib, eləcə köynəyinin qolundan yapışmışdı. Sevgiyə bənzəyirdi bu.

Xalidənin alnında muncuq-muncuq tər görsənirdi. Nədirsə də, bu dumduru alın tərlərinin sevgiyə aidiyyəti var.

Ürəyinin çırpıntısı da yadındadır; nəfəsi tıncıxırdı. Axı, niyə məhz onu ortaya çəksin.

Demək, elə onu da ürəyi istəyib. Paxıllar sonra gör nə aydırırmış: uzunoxlov olduğuna görə onu ortalığa dartıblar. Bilikdən başı qaçmış bir qız da - “Simmetriya xatirinə”, deyib.

Dəlidən doğru xəbər, deməmişkən, rayon qəzetində simmetriya gözlənilməyən şəkilləri vermirlər. Şəkildə hər şey santimetrinəcən düz olmalıdır.

Ciddi bir dövlətdə yaşayırıq biz. Məsələn, insanda gülüş də təbəssümdən uzağa getməməlidir.

Şaqraq gülüş SSRİ-də burjuaziya təəssüratı oyadar.

Hayıf, fotoqraf şəkilləri çəkən kimi bir tək briqadirlə sağollaşıb, əkildi.

Qaça-qaça gedirdi. Qaça-qaça da yox, hoppana-hoppana. Xala xətrin qalmasın deyə, çönüb Xalıdə tərəfə baxmadı da.

Qız gözucu onun “Jiquli”sinin dalınca, maşın nöqtəyə çevrilənəcən, baxdı. Əlvida!

İraq-iraq, indiyə ölər. Maşının nöqtəyə çevrilməsi anından onu ölmüş sanmaq olar.
Bu cüllütdə də sevgiyə vaxt çatmadı.

Eh, fotoqraflar qaçdı-qovdu işin qırdı-qaçdı adamlarıdır. Belə birtəhərdilər: unutqan. Onlara arvadı da anaları almış olar.

Başıaşağılığına görə öz kəndlərində hamı Xalidəyə bacı dedi.

Atası öləndə dəstək qız idi. Ata ölən kimi ana da dalınca getdi. Qızlıqda necə ona qoşulub qaçmışdısa, indi də elə etdi.

Alnı açıq, həm də yeməməzlikdən, üzü ağ gəzən, öskürəndə göyərən Xalidə bir tək yaşıl həyətin ümidinə qaldı.

Qara torpaq nə verdisə, onunla dolandı. Ancaq elə həyətin bu keşniş-soğanı, soğan-sarımsağı da onu gözdən saldı. Əyin-başından daim göy-göyərti qoxusu gələrdi.

Toylara gedəndə də vurduğu ucuz ətirlər heç ora çatmamış uçub gedər, qız-gəlin arasında yenə əvvəlki iylərlə oturardı.

Onun üst-başında ətir qoxuları müvəqqəti, ürəkbulandıran göyərti ətri ömürlük idi.
Almadılar onu.

Biri dedi, dirsəklərində dərisi dairəvi qabar bağlayıb, başqası dedi, barmaqları əyilib, artıq bitişmək üzrədilər. “Alma deyilsən ki, səni alalar”, hərdən də ona təsəlli verirdilər.

Oğlanlar ömrü boyu ondan iyrəndi: “Rədd elə, sən canın, tər qarışıq göyərti qoxusu başımızı çatladar”, deyirmişlər.

Yox, fotoqraflar başqa varlıqlardı.

Hələ tanımadığı biri də bir toyda ona meyl salmışdı. Mağarda ora-bura səkirdisə də, fikri-zikri onun yanında idi.

Kim ondan xahiş edib ki - gedib-gəlib şəklini çəkirdi. Avaranın biri!

Ona hər yanaşanda da, “gülümsə” deyirmiş. Gülməlidir, ona “gülümsə” deyir, bambılı kimi də tək özü gülümsəyir.

Əksinə, Xalidə qaşqabağını tökürdü. Qaşqabaqlı şəkilləri həmin fotoqrafdan yadıgardır.

Çaşıb ancaq birinci dəfəsində gülümsəmişdi. Hayıf, indi öz təbəssümü fotoda durursa da, fotoqrafın təbəssümü durmur. Sevgiyə bənzər mənzərə yarıbayarı itib.

Ya zəlzələdən, ya vəlvələdən, alın yazısı həyatda tətbiqini tapmadı.

Boğazı uşaqlıqdan şişir; atası “xanəzir”ini kəsdirmək üçün pul toplayırdı, öldü.

Elə həmin yarımçıq pulu dəfnə sərf etdilər. Anasının da arzusu idi: əynindən-qarnından kəsib, “kəsik” balasının getdikcə çürüyən dişlərini düzəltdirəcəkdi, vurub o da öldü.

Günün günorta çağı, durduğu yerdəcə. Onun da yarımçıq pulu öz dəfninə getdi.

İndiki uşaqlar zarafatlarında çox uzağa gedir.

“Xalidəni alan zifaf gecəsindəcə anginaya tutulacaq”.

“Yengənin də işi bitdi”.

Bəzən də şitini-şorunu çıxardırlar.

“Nağdı, çömbələtmə göyərti yığanda, “qadın üzvləri” soyuqlayıb”, dişlərini ağardıb biri elə dedi.

“...Onlara tikan da batmış olar”, hırıltıyla başqası da belə.

Əllərindən göyərti rəngi getməz. Dörd il qabaq Bakıya gedib, iki-üç həftə xalasıgildə qalıb, elə yenə həmin yaşılla qayıtmışdı.

Əcəb televizorda göyərti izini aparan sabun reklamına rast gələsən.

Reklamlarda sabunlar niyə əsasən mikroblara qarşı nəzərdə tutulur.

Əllərindəki bu əbədi təbiət rəngi də alın yazısıdır.

Məktəbdə birgə oxuduğu qonşu oğlan rəssam kimi idi; itin, dananın, quşun, hə, bir də Fidel Kastronun şəklini çəkmişdi.

Bir gün Xalidəni də çəkdi - ovucları yaşıl. Sonra o gedib şəhərdə oxudu da, gəlib evləndi, ev-eşik yiyəsi oldu.

Allah saxlasın, indi başında “keçi”ləri - qızları var, bir dənə də oğulbalası. Bu kişi qırığının boyu get-gedə qamış kimi uzanırdı. Günlərin bir günü o da götürüb Xalidənin şəklini çəkəsi.

Bay, onun çəkdiyində də - əlləri yaşıl. Təkcə ovcu yox, barmaqları da, biləkləri də. Özü də ondakı yaşıl atasınkından tünddü.

Toylarda ovuclarındakı xına əllərindəki yaşılla tutur. Orda ən yaraşıqlı qadın elə özü olur.
Nədənsə, artıq ona da “qız” yox, “qadın” deyirdilər.

Bir gün yaşıdı oğlanın nəvəsi dünyaya gəldi. Yanmayasan, böyüyüb o da şəkillər çəkməyə başladı. Rəssamlıq onlarda irsi keçirmış. Elə ilk rəsmlərinin birindəcə Xalidəni təsvir etdi.

Xalidə asanca şəkil qəhrəmanına çevrilirdi.

Ata, oğul, nəvə - o, bu üçünün də çəkdiyini saxlayıb. İndiyəcən kim ona diqqət göstəribsə, hamısını sənəd şəklində qoruyur. Rəsm əsərləri onun üçün əsas sənəd yerindəydi.

Bir-birini sevənlər sübut üçün heç bu qədər sənəd yığmır. Ər-arvadın bircə nigah kağızı olur, di vəssalam.

Qızıl-zinət əşyaları qoyulası sandıqçada ancaq fotolar, rəsmlər, məktublar görərdin. Bircə dənə də anasından qalma nazik, qaşsız üzük. “Sənəd”ləri qurdalayanda, üzük ora-bura dığırlanır, sanki qışqırır, Xalidəni çağırırdı. Hərdən də kağızların arasından taqq yerə düşür.

Üzük daim özünü yada saldısa da, Xalidə həmişə ona biganə qaldı.

Sinif yoldaşının çəkdiyi şəkildə - dırnaqları göyərtidən yaşıl sədəflər kimi... Əlləri zərif, həyatdakından fərqli - bir az da toppuş.

Bu toppuşluq onun Xalidəni idealizə etmək istəyindən doğmuşdu. Kişi özünü İntibah rəssamlarının yerinə qoyub.

Qeyri-milli əsər yaratsaydı, inan, göbəyini də qabarıq göstərəcək, hətta onu fincana bənzədəcəkdi.

Oğulun çəkdiyindəsə artıq əlləri arıqdır. Biləyində də - qolbaq kimi qırışlar. Yəni necə varsa, elə. Qollarında sümüklər paralel relslər kimidir.

Xalidə onun rəsmində realist də yox, naturalistcə düşüb. Artırıb-əskiltmək qəti yoxdu. Oğulun fərqliliyi fantaziyasının yoxluğunda üzə çıxırdı.

Şəkil çəkə bilirdisə də, yəqin ondan rəssam olmayacaqdı. Bunlarda dədə-babadan əl qabiliyyəti var; bəlkə ancaq onun hesabına nə isə çəkə bilir.

Xalidə bu uşağın babasının da əl işlərini görüb. Taxtadan-ağacdan düzəldilmiş fiqurlar üzərində naxışlar incə idi.

Mücrü, beşik, sandıq və sandıqçalar. Xalidənin sinif yoldaşı atasından qalma şeyləri evin rütubətli alt gözündə saxlayıbmış; saxlama qaydalarına əməl olunmadığından, hamısı zay olub.

Barmaqla yüngülcə bassan, bəlkə sınardılar da. Di gəl, naxışlar, üstündə olduğu taxtalardan fərqli, silinmək-itmək bilmirdilər.

Əksinə, taxtalar köhnəldikcə, naxışlar sanki təzələşir, işıqda bərq vururdular.

Oymalardakı kif göbələkləri də naxışların təravətinə xələl gətirmir, əksinə, getdikcə onları daha cazibədar göstərirdi. Bəzən kif göbələklərinin arasından uzun və nazik, açıq yaşıl rəngdə tək-tək zoğlar çıxırdı. Onların adını heç kəs bilməzdi.

Bəlkə də təbiətdə bu adda ot-bitki hələ yoxdu. Allah həmin otları ancaq bu naxışlar üzərinə göndərib.

Heç təbiətşünaslar da onları tanımaz.

Naxışlar üzərində bu otların bitməsi, sirri-xuda iş idi.

Birinci dəfə Xalidə onları görəndə, “Allah, sənə qurban olum”, demişdi.

Yaşıdı olan ata öz atasından fəxrlə danışar, bu naxışların “Quran hərfləri”nə bənzədiyini önə çəkərdi. “Quran hərfləri” onun əsil-nəcabətinin göstəricisi idi.

Sən demə, atası da öz atasını yamsılayıb. Xalidənin sinif yoldaşının şəkli-zadı qalmayan, üzünü görmədiyi babası ağaclar üzərinə Qurandan ayələr həkk edərmiş. El arasında da bununla ad qazanıb.

Oğul nəstəliqdə yazılmış həmin qrafikanı əxz edib məişət əşyalarına tətbiq edirdi. Hər halda, məişət əşyaları əzəli-əbədi ağaclardan bir addım irəli sayılmalıdır.

Ağaclar öz-özünə bitir, onlardan hazırlanan məmulat isə elmin tətbiqindən doğur. Nəsildə mədəniləşmə gedirdi.

Oğulun çəkdiklərində bircəcik söz yox idi. Onun naxışları Quran ayələrinin ixtisarından ibarətdi.

O, sadəcə, sözlərin şəklini təqlid edirdi. Quran sözlərinə həvəs göstərmədiyindən, mədənicə ona “ateist”, bəzən də “kafir” deyirdilər. Bilicilər sənətdə onu atasından bir pillə aşağı sanırdı.

Yamsılama haçandan sənət olub, deyirdilər. Qurandakı sözlər hara, o sözlərin şəkli hara!

Lakin başqaları bu fikri qəti rədd edir, əksinə, onun ağacdan-zaddan məişət əşyalarına keçməsini bir irəliləyiş sayırdı.

Babasının Quran ayələrindən ağac oymaları indi də evlərdə tutya kimi saxlanır.

Hələ onda göylərlə bağlı başqa bir qabiliyyət də olub: bitkilər üzərindəki xətlərdə müqəddəs kəlamlar oxuyurmuş.

Bir gün üzüm yarpağındakı damarlarda “Allahdan qorx!” nidasını görüb. Camaat bunu üzümdən şərab istehsalına qadağa kimi yozub.

Allah şərabı sevməz, insanlara da bunu tövsiyə etməz. Ancaq Sovet dövlətinin kəsərli-iti vaxtlarında bu fikri xalq təsərrüfatına, şərabçılıq kimi vacib bir sahəyə ağır zərbə kimi dəyərləndirib, xalq düşməni adıyla onu hop götürmüşdülər.

Yuxarıdan gələn təliqə əsasında da yerli tədris müəssisələri və idarələrdə şıdırğı əks-təbliğat başlanıbmış.

Elmi izah beləydi ki, əgər Allah varsa və elə o da şərabı sevmirsə, onda spirtin kimyəvi tərkibini niyə yaradırdı? Spirtin mövcudluğu, onun kimyəvi tərkibi bu və bu kimi dini əfsanələri rədd edir.

Kişi Sovet dövlətindən qorxmadan, “Allahdan qorx!” sözlərini donuz qulaqlarının anatomik quruluşunda, qulaq seyvanının əyri xətlərində də görürmüş.

O, donuz qulaqlarında ərəb qrafikasına oxşarlıqlar tapıb. Guyamış donuz əti haram buyurulub.

Donuz Allah tərəfindən lənətlənmiş heyvanlar sırasındadır. Ancaq saathesabı təbliğatçılar bunun da yalanını çıxarası oldu. Ay kişi, sənmi donuzçuluğa xor baxırsan?

Donuz belə pis və yaramazdısa, Allah onu niyə xəlq edirdi? İşi-gücü qurtarmışdı? Ərinməyib siyahıya alsalar, Yer üzündə donuzlar insandan artıq çıxar.

İnsan güc-bəla bir-ikisini doğa, ya doğmaya, donuz yeddi-səkkizini birdən pırtladır.

Nəticə: Allah donuzların artımını insanlarınkından üstün tutur.

Allah insanı Şeytana aldanan yaradıbsa, donuza bu naqis cəhəti verməyib.

Hə, Xalidənin sinif yoldaşının oğlu rəssamlıqda fantaziyanı həyatın təhrifi kimi anlamışdı. Həyatı fantaziya ilə niyə yükləyəsən!

Allahın fantaziyası haracan çatıbsa, bəndə ondan artığını lüzumsuz saymalıdır.

Oğul özündə fantaziyanın yoxluğunu Allaha sevgilərinə yozurdu. Fantaziya ağılsızlıqdır; Allah ondan xətər görə bilər.

İnsafən, o, Xalidənin rəsmini, zob onu üzüb əldən salan vaxtlarda çəkmişdi.

Quruyub qaxaca dönməkdəydi. Yaşıl əlləri üzərində, qələmlə çəkilibmiş kimi, göy damarları zoğ-zoğ görsənirdi.

Dirsəyinin, biləklərinin sümükləri az qala dərisini deşib çıxacaqdı. Hirslənəndə üzünü-boynunu qırmızı ləkələr basırdı.

Onun zobu da, get-gedə arıqlaması da həyatın modernistik bir gedişi deyildimi? Oğlan bu modern dinamikanı qoyub, özündən nə və niyə uydurmalı idi?

Rəssam həyatı təhrif etməli deyil. Həm də əllərini arıq çəkməsəydi, Xalidənin həyatında bu mərhələ qaranlıq qalacaqdı.

Tarix realizmdən uzaq rəssamların əsərlərində yuxu kimi bir şeydir.

Onların timsalında tarix məhv olur.

Realistik təsvirlərdə eybəcər üzə çıxırsa da, Xalidə ürəyində realizmə alqış deyir.

Pensiyası tərtib olunanda, rəsmdəki bu eybəcər bədəni tibbi komissiyaya təqdim edər də.

Əsər komissiyanı onun xəstəliyinə tam inandırar. Bax, rəsm əsəri bu baxımdan konkret faydalı ola bilər.

Yoxsa bir tək estetik tərbiyədən nə çıxar. Estetik tərbiyə mücərrəd və etibarsız şeydir. ...

Ancaq bu şəkillərdə onun ən dəqiq çəkilən yeri yaşıl əlləri idi. Sanki bədəni əhəmiyyətsizdi.

Rəssam onun bədənini şövqlə çəkməyib. Nədəndisə, bu qonşu rəssamların heç biri, özünün hamamda qənirsiz gördüyü, hələlik heç kəsin belə gözəl təsəvvür etmədiyi, bədəninə yaxşı fikir vermədi, yalnız əllərini zəhmət rəmzi kimi dəyərləndirdilər.

Hərçənd məhz elə bunda da tərbiyələri üzə çıxırdı.

Belə çıxır, onda zəhmətdən savayı dəyər yox imiş?

Nəvənin rəsmlərində artıq əlləri qartıyıb, dərisini çil basıb. Neyləsin, elə görüb, elə də çəkib.

Eh, bundan sonra ev-eşik olası, hansısa bir kişiylə baş-başa, qucaq-qucağa yatası. Xəyalplovdu bu.

Həm də daha yersizdir. Artıq kişidən çimçəşər də. Daha vacib işlərə adlamaq gərək. Plan qurub: bəlkə namaza başladı. Bakıya göyərti daşıyanlara namaz kitabçası sifariş verib.

Amma bu göyərti alverçiləri də - bihəyalar zarafatlaşa-zarafatlaşa evini yıxıblar. Hambalçılıqdı lap.

Onu hey tələsdirirlər. Xalidənin əli daim suda - yay-qış bilməz, onlara göy-göyərti yığar. “Mənim institutum həyət, sənətim də bu”, deyirdi.

...Keçən həftə yuxusunda üç fotoqraf bıçaqlaşıb bir-birini qanına qəltan eləmişdi. Bə nə, qırğın onun üstündə düşüb. İkisi ölüb, deyilənə görə, biri sağ qalıb. Sağ kimdisə, şikəst qalacaqsa da, əcəb gəlib onu tapa...

23 mart - 17 aprel 2011-ci il

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG