Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:49
Müsavat Partiyasının təmsilçisi Gülağa Aslanlı AzadlıqRadiosuna bildirib ki, məhkəməyə aparılanlardan bir neçəsinə müxtəlif müddətli həbs cəzası verilib.

AXCP sədrinin müavini Gözəl Bayramlı 5, İctimai Palatanın üzvü Vidadi İsgəndərli 15, Müsavat Partiyasının Sumqayıt təşkilatının sədri Fəxrəddin Abbas 7 və daha üç nəfər 5-6 sutka azadlıqdan məhrum edilib.

Müsavat Partiyası Səbail təşkilatının sədri Hüseyn Məlik 100 manat, 8 nəfər isə 50 manat cərimə olunub. Daha 8 nəfər xəbərdarlıq almaqla buraxılıb. Xəbərdarlıq alanlar arasında keçmiş deputat Pənah Hüseyn də var.

3 nəfər barədə isə hələlik məhkəmə qərarı bəlli deyil.

V. İsgəndərli AzadlıqRadiosuna bildirib ki, onu aprelin 17-də saat 13:30-da «Nizami» kinoteatrının arxasındakı yeməkxanada nahar edən vaxt saxlayıblar:

«Amma protokolda qeyd elədilər ki, guya mən 15:30-da «28 May» metrosunun yanında aksiyada olmuşam. Məni mülki şəxslər apardı. Dedilər ki, rəis səni görmək istəyir».

V. İsgəndərli deyir ki, onu bir gün ac-susuz saxlayıblar, saxlama kamerasında isə sıxlıq olub.

V. İsgəndərli ailəsindən narahat olduğunu da bildirdi və xahiş etdi ki, onların təhlükəsizliyi təmin olunsun.

2 AKSİYAÇI 50 MANAT CƏRİMƏ OLUNDU

Müsavat Partiyasının təmsilçisi Gülağa Aslanlı AzadlıqRadiosuna bildirib ki, 11 nəfər Nəsimi, 8 nəfər isə Səbail rayon məhkəməsinə aparılıb.

Dəyanət BabayevSərdar Məmmədov 50 manat cərimə edilib və məhkəmə salonundan sərbəst buraxılıb.

Digərləri barəsində isə hələlik məhkəmə qərarı bəlli deyil. Onların arasında AXCP sədrinin müavini Gözəl Bayramlı, İctimai Palatanın üzvü Vidadi İsgəndərli, Müsavat Partiyasını Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas, Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Rüfət Hacıbəyli, Müsavat Partiyası Nizami rayon təşkilatının üzvü Bəxtiyar Tarıyev də var.

VƏKİLİ AKSİYAÇININ YANINA BURAXMIRLAR

Vəkilə Bakının Yasamal rayon Polis İdarəsində saxlanan AXCP fəalı Dəyanət Babayevlə görüşməyə imkan yaradılmayıb.

Bu barədə AzadlıqRadiosuna Dəyanət Babayevin vəkili Yalçın İmanov məlumat verib.

O deyir ki, əlində order olsa da, aprelin 17-si gecə saat 12-yə qədər D. Babayevlə görüşə bilməyib:

«Biz polis idarəsinin qarşısındaydıq. Hüquqşünas İntiqam Əliyev və bir dəstə gənc dayanmışdı. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev idarədən çıxdı. Biləndə ki, biz vəkilik, polisdən soruşdu ki, onlar vəkil dəvət ediblərmi? «Yox» cavabı alandan sonra dedi ki, saxlananlar vəkildən imtina edib, onları burdan uzaqlaşdırın. Polislər də bizi idarədən 20 metr kənara uzaqlaşdırdılar. Halbuki, saxlanan şəxslər dövlətin təyin etdiyi vəkildən imtina ediblər».

Y. İmanov deyir ki, polislər saxlanan şəxsin müdafiə hüququnu pozublar və bununla bağlı yazdıqları şikayət ərizəsini nə Yasamal Polis İdarəsi, nə də Yasamal prokurorluğu qəbul etmək istəməyib:

«Biz qərara gəlmişik ki, Yaşar Əliyevi və müdafiə hüququnu pozan şəxslərlə bağlı məhkəməyə müraciət edək».

Yasamal Polis İdarəsindən D. Babayevə hansı ittihamın irəli sürüldüyünü açıqlamayıblar, amma deyiblər ki, hazırda Dəyanət Babayev məhkəməyə aparılıb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Yasamal Polis İdarəsində 40 aksiyaçı saxlanır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG