Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:45
«İşdən sonra» verilişinin qonağı deputat, Ana Vətən Partiyasının sədr müavini Zahid Orucdur.

- Həmkarlarınız son parlament iclasında diplomatik korpusun araşdırılması barədə fikirlər səsləndirdilər. Bunu da diplomatik korpus nümayəndələrinin İctimai Palatanın üzvləri ilə görüş keçirməsi ilə əlaqələndirirlər. Siz nə düşünürsünüz bu barədə?

- Bölüşmürəm bu mövqeni ki, bu məsələ üzərində səfirliklərin fəaliyyəti araşdırılsın, yaxud da ki, bu kontekstdə kimlərsə arzuolunmaz şəxs elan olunsun. Çünki bütün hallarda bu, bir az əsəbi reaksiya olardı. Bildiyim qədər, bu təkliflər də bilavasitə hakim ideologiyanı bölüşən şəxslər tərəfindən gündəmə gətirilmədi. Ancaq söhbət ondan getmirdi ki, bu, həm parlament mövqeyidir, həm də Milli Məclis bütövlükdə beynəlxalq qurumlara qarşı hansısa bir səlib yürüşü aparır. Səlib yürüşünü adından göründüyü kimi, müsəlmanlar aparmır. Söhbət daha çox ondan gedir ki, ölkə içərisində siyasi proseslərdə tərəf tutmaq, bir qütb dairələri təşkilatlandırmaq, onlara konkret ideya, istiqamətlər vermək və belə demək mümkünsə, hakimiyyət qarşısında başqa bir güc yaratmaq səlahiyyəti xarici qurumlara verilməyib. Budur məsələ. Yoxsa öz-özlüyündə indiyə qədər həmin təşkilatlarla fərdilikdə, ya üçlükdə müxalif və ya qeyri-müxalif qüvvələrin görüşmələri olub. Siz indiki reaksiyanı görməmişdiniz. Biz onların beynəlxalq tədbirlərə dəfələrlə dəvətlərini görmüşdük. Onu demək istəyirəm ki, SÖHBƏT HEÇ BİR HALDA QƏRB DÖVLƏTLƏRİNƏ VƏ XARİCİ DAİRƏLƏRƏ QARŞI ETİRAZ SƏSİNDƏN GETMİR. Daha çox məsələnin o tərəfidir ki, ölkə daxilində siyasi proseslər müstəsna olaraq Azərbaycan insanının iradəsi ilə, fəaliyyəti ilə müəyyənləşməlidir, bunun sanki üzərinə başqa bir iradə gəlir. Buna münasibət bildirilib. Yoxsa heç kim demədi ki, Qərb müxalifətin müttəfiqidir. Heç kim bunu söyləmir ki, bunları hakimiyyətə sahib etmək üçün xüsusi qüvvələr yaranıb. Fərdi belə düşüncələr olar, mediada kiminsə təhlil yazısında bu fikir keçər. Amma mən hesab edirəm ki, Qərb hakimiyyətin müttəfiqidir.

- Amma nəyə görə bu görüşə bu qədər münasibət bildirilir? Bəzi politoloqların fikrincə, bu hökumətin narahatlığından xəbər verir. Siz necə düşünürsünüz?

- Elə hesab etmirəm. Bəlkə əslində siyasi texnoloji nöqteyi-nəzərindən, hakimiyyət bütövlükdə bunu diqqətsiz qoysaydı, o effekt də yaranmazdı. Əslində buna qarşılıq vermək, münasibətlər bildirmək bunu ictimai mühitdə saxlayır, gündəmi tutur, qarşı tərəf bundan güc alır. Hesab edir ki, bu informasiya resursunda daha çox saxlansa, daha çox xal yığacaq. Bu vasitəni beynəlxalq dairələrə ötürərək bundan faydalanmağa çalışırlar və s. Əlbəttə ki, bunu reaksiyasız da qoymaq olardı. Amma məsələnin dəqiq tərəfinə biz münasibət bildirək. Söhbət heç bir halda hansısa siyasi qüvvələrlə, hansısa bir Qərb ölkəsinin ya Asiya dövləti səfirliyinin, diplomatik təmsilçisinin görüşünə münasibətdən getmirdi. Biz onu deyirdik ki, ölkə daxilində 2011-ci ilin sonrakı dövrünə yönəlik siyasi planlarda müxalif qüvvələrin küçə yürüşləri, siyasi azadlıqların bərqərar olması üçün daha başqa fəaliyyətləri meydana çıxıb. Bu dönəmdə bütün məsələlər hakimiyyət və müxalifətin ümumi münasibətinin nəticəsi olaraq müəyyənləşməlidir. BURDA ÜÇÜNCÜ, DÖRDÜNCÜ MÜNSİF, TƏRƏF VƏ YA QÜVVƏ OLASI DEYİL. Biz buna münasibət bildiririk ki, İctimai Palatanı bir tərəf kimi tanımaq, onu legitimləşdirmək, hakimiyyətin əleyhinə bir qüvvə kimi onların təşkilatlandığını göstərmək, hətta «siz müəyyən saya qədər gəlib çatın, ondan sonra biz sizi artıq daha real şəkildə müdafiə edəcəyik» kimi bəyanatları mediaya çıxarmaq özü qüsurdur və onların mandat prinsipləri ilə uzlaşmır. Biz buna münasibət bildiririk.

- Bəyəm elə çağırış olmuşdu ki, «siz müəyyən qüvvəyə çatın, biz sizi dəstəkləyəcəyik»?

- Bəli. Tamamilə sizi əmin edirəm. Mən onların öz mətbuatlarında, öz dillərində ifadələrinə istinad edə bilərəm. Çünki onlar bəzən sayırlar ki, biz bu mediada çıxış edərkən daha artıq dərəcədə təlimat altında, yalnız öz düşərgə marağımızdan doğan mövqeləri ağına-qarasına baxmadan söyləyirik, guya ki, faktlara istinad etmirik. Mən faktoloji bazası olan fikirləri də söyləyəcəyəm. Azərbaycan unikal ölkədir. Bu unikallıq həm də ondadır ki, bütün beynəlxalq münasibətlərin daxili mahiyyətini müəyyənləşdirmək üçün bizdə barometrlər var. Yəni 20 ölkə birdən-birə təşkilatlanıb, bir araya gəlib, koordinasiya olunub Xocalı üçün belə bir addım atmayıblar. Azərbaycan insanı bu qüvvələrlə görüşü bizim demokratik azadlıqlarımızın bərqərar olması üçün Qərb narahatlığı, Asiya narahatlığı kimi qavraya bilmir. Birinci bu tərəf. İkinci, parlamentdə də söyləndi ki, məsələn QUBA MƏZARLIĞI VAR. ONLARI FƏRD OLARAQ ÇƏKİB APARMAQ OLMAYIB ORA. Bu da alınmayıb. Üçüncü məsələ, Qarabağ üçün də onların vahid mövqeyini almaq çox çətin olub. Ayrı-ayrı dövlətlərin timsalında Azərbaycanla, onun ərazi bütövlüyünü müdafiə edən və siyasi haqlarını tanıyan bəyanatların, ikitərəfli sazişlərin, sənədlərin şahidi olmuşuq. Biz onda deyə bilmərik ki, elə Qərb indiyə qədər Qarabağ məsələsində və ya ərazi bütövlüyü məsələsində ümumiyyətlə, qeyri-səmimilik göstərib. 10 illər ərzində xarici siyasətimiz həm də uğur qazanıb ki, çoxlu tərəfdaşlarımız var, həm iqtisadi, həm siyasi. Onu demək istəyirəm ki, amma hakimiyyət çəkib aparıb onları. Tutalım ki, ATƏT-in həmin o bəlli missiyası ki, Qarabağda vəziyyəti qiymətləndirməlidir – bu, hakimiyyətin istəyi və ermənilərə o hesabatın detalları ilə zərbə vurmaq üçün addımı deyildimi? Elə idi. Amma nə ortalığa çıxdı. 3-4 müddəadan başqa yerdə bir balanslı münasibət var ortada. İndi bu Qarabağda dağılmış evə necə balanslı münasibət ola bilərdi? Siz indiyəcən görmüsünüzmü ki, dağılmış evə balanslı münasibət olsun? Bu fərd deyil ki. Dağılıb. Hər hansı vasitə ilə erməni vandalizmdən dağılıb. Bu nə balanslı münasibət ola bilər ki?

- O hesabatdan nə gözləyirdiniz ki?

- Gözləyirdim ki, heç olmasa 20-30 faiz səviyyəsində etiraf olunacaq. Amma 80 faizə ümidim yox idi. 100 faizə də ümidim yox idi. Çünki onlar bilirdilər ki, orada reallıqların büsbütün tanınması Azərbaycanın xarici siyasət arqumentlərini bir az da kəskinləşdirəcək... Amma 30 FAİZ HƏQİQƏTİ TANIMANI MƏN GÖZLƏYİRDİM. Deyirlər ki, balanslı münasibət. Qarabağda dağılmış evə balanslı münasibət göstərən qüvvənin demokratiyada balans tutmaq naminə gedib müxalifət nümayəndələri ilə görüşməsinə bu şəkildə reaksiyalar olur. Amma mən elə hesab edirəm ki, ABŞ Azərbaycan hakimiyyətinin müttəfiqidir. Qərb Azərbaycanla iqtisadi və siyasi tərəfdaşdır. 2 trilyon kubmetrlik qaz ehtiyatları kəşf olunub. Bunu da Azərbaycandan almaq lazımdır. Amma öz arzuladığı şərtlərlə. Azərbaycanın Qarabağ məsələsində mövqeləri güclənən kimi daxildə təzyiq alətləri işə düşür.

- Diplomatik korpus Azərbaycana təzyiq etmək istəyir?

- Müxalifətə aksiya keçirmək üçün istədikləri yer niyə verilmir?

- Hakimiyyət müxalifətə efir verə bilərmi?

- Əli Kərimlinin evinin qarşısındakı aksiyalarda səslənən şüarlar mənəviyyata uyğundurmu?

- Ciddi islahatlar niyə qarşıdurmalara gətirib çıxara bilər?

- Niyə prezident bölgələrə səfərə gedəndə, şikayətçiləri yaxına buraxmırlar?


Bu suallara deputat Zahid Orucun hansı cavabları verdiyini bilmək istəyirsinizsə, verilişi tam olaraq dinləyin.

Şərhləri göstər

XS
SM
MD
LG