Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:36

Süleyman Sani Axundov. Eşq və intiqam (3)


əvvəli

Zöhrə Qəməri qucaqlayıb ağlayır.

Q ə m ə r. Qəm etmə, inşallah yenə görüşəcəyik. Şəmsi bəy (Qəmər əvəzinə
Zohrəyə əl verib). Qəmər bəyim, xudahafiz.
Q ə m ə r. Ha-ha-ha...
Y a s ə m ə n. Yenə nəyə gülürsən, a dəli qız?
Q ə m ə r. Necə gülməyim, Şəmsi bəy Zöhrəyə əl verib deyir: Qəmər bəyim
xudahafiz.
Gülüşürlər.
P i r i b a b a. Qəmər yaxşı etdi ki, bizi güldürdü. Səfərə gedəni gülərüzlə yola
salmalı.
H ə c ə r x a n ı m. Xudahafiz.
Gedirlər.
Ç i n g i z. Qəmər, cəld çamadanı içəridən gətir, kitablarımı qoy, camaşırlarımı
gətir.
Qəmər gedib gətirir.
Y a s ə m ə n. Anan ölsün, zalımlar səni qoymadılar bu üç ay yayı rahat yeyibiçib,
gəzəsən.
Ç i n g i z. Qəm etmə, ana, bu gün-sabah həkim olub gələcəyəm və sizləri
götürüb başqa bir şəhərdə təbiblik edəcəyəm. Qəmər, kitabları altdan qoy,
camaşırları üstdən.
Səfi bəy iki strajnik ilə daxil olur.
Y a s ə m ə n. Uy, bizdən nə istəyirsiniz, niyə gəlmisiniz?
S ə f i b ə y. Bu quldur yuvası dağıtmağa gəlmişəm. Bunu mən gərək, iyirmi il
bundan əqdəm edəydim.
P i r i b a b a. Onda edə bilməzdin, çünki Əlimərdan sağ idi.
S ə f i b ə y. İndi oğlunu da onun yanına göndərərəm.
Ç i n g i z. Səfi bəy, küy-qalmaqal edib nə üçün arvadları qorxudursan? Nəyə
gəlmisiniz?
S ə f i b ə y. Onu həbsxanada bilərsən. Qaçmağa hazır olmağından görünür
mənim gəlməyimi sənə məlum etmişlər. Piri kişi, siz ilə işim sonradır. Çingizi alın.
Y a s ə m ə n (Səfi bəyin qabağında diz ustə cokur.) Səfi bəy, məni balalarının
başına çevir, oğlumu əlimdən alma.
Ç i ng i z. Ana, qalx, belə alçaqların önündə diz üstə çökmə.
Strajniklər Çingizi araya alırlar. Qəmər Çingizdən yapışır.
Q ə m ə r. Qoymaram.
S ə f i b ə y. Əllərinə qandal vurun.
Qəmər Çingizin əllərindən tutur.
Q ə m ə r. Qoymaram.
Ç i n g i z. Bacım, sakit ol, qoy vursunlar.
Q ə m ə r. Səfi bəy, məni qardaşım ilə bərabər zindana apar.
S ə f i b ə y. Əlimərdandan törəyən ya quldur olar, ya üsyançı. Səbir et, sən də
oraya gedəcəksən, anan da, bu Piri baban da.
P i r i b a b a. Qəmər, Yasəmən, Çingiz, belə şəxsə yalvarmaq lazım deyil. Səfi
bəy, fələyin işini bilmək olmaz, bu günkü şad sabah ağlar. Bu günkü hökm edən
baş, sabah ayaqlar altında tapdalanar.
S ə f i b ə y. Sus, qoca kaftar, yoxsa o ayaqlar altında tapdalanan baş, öz başın
olacaqdır.
Y a s ə m ə n (Cingizin boynunu qucaqlayaraq). Oğlum, kaş anan kor olaydı,
səni qolu bağlı görməyəydi.
Çingizi aparırlar.
Ç i n g i z. Qəmər haraya gəlirsən?
Q ə m ə r. Mən də səninlə gedirəm.
Ç i n g i z. Bacım, qayıt.
P i r i b a b a gedib onu qucaqlayıb qoymayır. Səfi bəygil qapıdan çıxıb gedirlər.
Q ə m ə r (qışqırır.) Baba burax, yoxsa özümü öldürərəm.
P i r i b a b a. Yasəmən, gəl qızını qoyma, mən bacarmıram.
Y a s ə m ə n. Qızım, sakit ol, allah kərimdir, qardaşın tezliklə qurtaracaqdır.
Qəmərin ürəyi bitab olur, Yasəmən üzünə su çırpır.
C ə b i (daxil olur.) Qəmərə nə olmuş?
Y a s ə m ə n. Cəbi, Çingizi Səfi bəy tutub həbsxanaya apardı.
C ə b i. Nə deyirsən, çoxdanmı getdilər?
Y a s ə m ə n. Elə indicə.
C ə b i. Bu saat Çingizi burada görərsiniz. Mən getdim. (Cəld qapıdan cıxır.)
Q ə m ə r (zəif səslə). Ana, Cəbi lələ nə deyirdi.
Y a s ə m ə n. Cəbi getdi, dedi ki, Çingizi bu saat gətirəcəyəm.
P i r i b a b a. Özünü nahaq yerə ölümə verəcəkdir. Bir tək Cəbi üç misəlləh
adamın əlindən dustaqmı ala bilər?!
Y a s ə m ə n. Cəbi Çingizi çox istəyir. Doğrudan da onun xilası üçün özünü
ölümə verecəkdir.
Q ə m ə r. Cəbi lələni mən də çox istəyirəm. Ürəyi çox nazik insandır. Bizim
cümləmizi çox istəyir.
Bu halda bir neçə tüfəng açılır.
Y a s ə m ə n. Aman, ya rəbb, bu güllələri Cəbi lələyə atdılarmı?
Q ə m ə r. Yazıq lələ, səni cəlladlar öldürdülərmi?
P i r i b a b a. Demədimmi nahaq yerə özünü güdaza verəcəkdir, qoy gedim
görüm necə oldu?
Q ə m ə r. Yox, baba, qoymaram, səni də öldürərlər.
P i r i b a b a. Mənim diri qalmağımdan nə fayda var. Cavanları gora göndərib
mənmi sağ qalacağam?
Y a s ə m ə n. Piri baba, biz iki arvadı pənahsızmı qoymaq istəyirsən?
Q ə m ə r. Ah!..Bu çərxi-fələk biz zavallıdan nə istəyir? (Ağlayır.)
Bu halda Əlimərdan çiynində tüfəng, düşündə iki qatar patrondaş daxil olur.
Y a s ə m ə n (cəld qalxıb ona tərəf gedir.) Sən... Kimsən?..
Ə l i m ə r d a n. Kürdqızı, məni tanımırsan?
Y a s ə m ə n (qışqırıb onun ustunə atılır.) Əlimərdan!
P i r i b a b a. Yasəmən nə deyirsən? Ölü də dirilərmi?
Ə l i m ə r d a n. Əmi ölü dirilməz, Əlimərdan dirilər.
P i r i b a b a (onu qucaqlayıb opur.) Əlimərdan, gör Qəmərin nə gözəl qız
olmuş.
Ə l i m ə r d a n (onu opərkən). On beş ildir ki, sizdən ayrılmışam. Qızım,
mənsiz gününüz necə keçir, düşmənlərim sənə sataşmamışlar ki?
Q ə m ə r. Ata, Çingizin bacısına sataşmaq olmaz. Ah, ata, kaş bir az tez gəlmiş
olaydın, Çingizimi məğrur düşmənin əlindən alaydın.
Ə l i m ə r d a n. Qəm etmə, qızım, məğrur düşmən cəzasına çatdı. Qardaşın bu
saat gələr.
Çingiz, İbad və Cəbi lələ daxil olur.
Q ə m ə r. Çingiz gəldi (gedib boynunu qucaqlayır.)
İ b a d. Qəmər, məni tanımırsan?
Q ə m ə r. Ah, İbad dayım. (Onu qucaqlayır.)
Y a s ə m ə n. İbad, qardaşım! (Boynunu qucaqlayıb ağlayır.)
İ b a d. Bacım, nə üçün ağlayırsan?
Y a s ə m ə n. Necə ağlamayım. Sizin ikinizin də ölüm xəbəri gəlmişdi. İndi
bizim üçün yenidən dünyaya gəlmisiniz.
İ b a d. Bacım o sizə yalan xəbəri çıxaran Səfi bəy də, bizi bu bəlalara salan
Şahbaz bəy də cazalarını aldılar. Bacım, görməli idin Şahbaz bəy necə ayaqlarıma
düşüb yalvarırdı ki, məni öldürmə, onsuz da mən bidərman azara düşmüşəm, bu
gün sabah öləcəyəm. Dedim, onda qoy səni bu əziyyətdən xilas edim. Tüfəngimin
beş gülləsini də onun ürəyinə boşaltdım. Ruhun şad olsun, ey qeyrətli nişanlım
Qəmər, İbad intiqamını düşməndən aldı.
Ç i n g i z. Qəmər, hərgah Cəbi lələ tez atamgilə xəbər verməsəydi, indi məni
burada sağ görməyəcəydin.
Q ə m ə r. Sağ olsun, Cəbi lələ.
P i r i b a b a. Məgər sizin gəlməyinizi Cəbi bilirdi?
İ b a d. Bilirdi, ancaq Əlimərdan tapşırmışdı ki, hələ xəbər verməsin.
Ə l i m ə r d a n. Topal, al bunu! (Pul verir.)
C ə b i. Sağ ol, sahib.
Ə l i m ə r d a n. Kürd qızı, mən gəlmişəm sizi aparmağa, tez ol hazırlaş, bu
ittifaqdan sonra sizi burada qoymaq olmaz.
Y a s ə m ə n. Bizi haraya aparacaqsan?
Ə l i m ə r d a n. İrana, Arazın o tayına. Yoldaşlarım bu saat bizi meşədə
gözləyirlər. Gərək sübh açılınca İran torpağında olaq. Daha durma, cəld ol! Bir
dost paltardan və dəyişəcəkdən savayı heç bir zad götürmə. Uşaqlar, siz də gedin
üst paltarlarınızı götürün.
Çingiz və Qəmər gedirlər.
İ b a d. Piri baba, sən də hazır ol.
P i r i b a b a. Mən bu sinnimdə hara gedib çıxaram.
İ b a d. Piri baba, qorxuram sənə əziyyət verələr.
Ə l i m ə r d a n. Mənim qorxumdan heç kəs əmimə əziyyət verə bilməz, ancaq
uşaqlar gedirlər, ona burada kim qulluq edəcəkdir.
P i r i b ab a. Oğlum, Cəbini də aparırsan?
Ə l i m ə r d a n. Yox, Cəbi burada qalacaqdır.
P i r i b a b a. Onda məndən arxayın ol.
Ə l i m ə r d a n. Əmi, qorxma. Uşaqlan İranda qoyub özüm dəstəm ilə bu taya
keçəcəyəm. Mənim hənirtim gələn yerdə heç kəs cürət edib sənə yaxın düşə
bilməz. (Yasəmən, Cingiz və Qəmər gəlirlər.) Daha durmayın, gedək.
Cəbi lələ əlində bir dəsmal xiyar gəlir.
Ə l i m ə r d a n. Topal, o nədir?
C ə b i. Xiyardır, sahib, uşaqlara yığmışam, yola götürsünlər.
Q ə m ə r. Sağ ol, Cəbi lələ, bax, Piri babadan muğayat ol.
Ə l i m ə r d a n. Daha durmayın, gedək! Topal, şeylərdən götür. Əmi,
xudahafiz, qəm etmə, yenə görüşəcəyik.
Piri baba ilə xudahafizləşib gedirlər.
P i r i b a b a (yalqız). Komanın bülbülləri uçub getdi.

Pərdə


BEŞİNCİ PƏRDƏ

BİRİNCİ ŞƏKİL
Dördüncü pərdədən üç il keçmişdir. Səhnə meşə içində bir bulaq göstərir. Pərdə
qalxdıqda Şəmsi bəy, Qəmər, Zöhrə xanım və Cəbi görünür.
Q ə m ə r. Seyrə çıxanın cümləsi gərək işləsin. Şəmsi, belədirmi?
Ş ə m s i. Bəli, elədir.
Q ə m ə r. Onda diniəyin, hər birinizin vəzifəsini deyim: sən, Zöhrə, burada
qalıb süfrəni hazır edəcəksən, əti kabablıq doğrayıb, duzlayacaqsan...
Z ö h r ə. Əti mən tək necə doğrayacağam?
Q ə m ə r. A Zöhrə xanım, deyək ki, gimnaziyada sənə qayğanaq bişirməyi
öyrətməmişdilər, onun üçün də yumurtanı suya salıb sonra yağ tökmüşdün. Bəs ət
doğramağa nə deyirsən?
Gülüşürlər.
Z ö h r ə x a n ı m. Canım, bir insaf ediniz, tək adam necə ət doğraya bilər?
Gərək biri əti tutsun, o biri bıçaq ilə kəssin. Cəbi lələ, belədirmi?
C ə b i. Bəli, xanım, elədir. Siz zəhmət çəkməyin, azardan yeni durmusunuz.
Mən bunların hamısını düzəldərəm.
Q ə m ə r. Cəbi lələ doğru deyir. Zöhrə, sən balışını başının altına qoy uzan,
kitab oxu. Biz də sənin əvəzinə işləyərik. Cəbi lələ, sən meşədən odun gətir, ocaq
qala, biz də Şəmsi, ilə kabab üçün çubuq kəsək, şiş hazır edək. Şəmsi, tüfəngini
götür, bəlkə baxtımız gətirdi, rastımıza ov çıxdı, sən də atıb, səhvən vurdun.
Gülüşürlər.
Z ö h r ə. Dovşan əhvalatı bu üç ildə hələ yaddan çıxmayıbdır?
Q ə m ə r. Xeyr, heç vaxtı çıxmaz, hazır ol! İrəli arş!
Gedirlər.
Z ö h r ə (yalqız), Gediniz, ey iki bəxtiyar cavan. Siz də mənimlə bahəm bu üç
il qanlı toqquşma, vuruşma içində min dürlü əziyyət, məşəqqət çəkdinizsə də
axırda məramınıza nail oldunuz. Bu gün-sabah iki xoşbəxt quşcuğaz kimi uçub
özünüz üçün yeni bir yuva tikəcəksiniz. Orada şad və xürrəm ömr sürəcəksiniz.
Fəqət mən, vərəmli qızcığaz, öz arzuma çatmayıb, eşq atəşində şam tək əriyib bu
gün-sabah sönəcəyəm. Ey fələk, tökdüyüm bu qanlı yaşıma rəhm et, ya vüsalə tez
yetir məni, ya al bu canımı. Çingiz, sevgilim, tam üç ildir ki, səndən bir xəbər
yoxdur. Məni ölmüş sanıb cəlayi-vətən oldun, haradasan, ey cəfalı, ey bəlalı
aşiqim? Zöhrənin naləsini eşidirsənmi? Ah, ürəyim gedir.
Yerə yıxılıb qəşş edir. Səhnə bir müddət sükut içində qalır, sonra Çingiz səyyah
libasında, əlində bir əl çamadanı daxil olur, Bulaqdan su içir.
Ç i n g i z. Ah, nə sərin, nə dadlısan, ey vətənimin gözəl çeşməsi! Ölmüş
ruhuma, yorğun cismimə yenidən bir həyat verdin. Nə həzin sədan gəlir, ey sevimli
bulağım! Səni bir nazənin pəri çox sevərdi. Məni tez-tez buraya gətirərdi. Ah,
xatıratım məni boğur. Zöhrəm, ey parlaq ulduzum, nə tez söndün! Çingizin gəlmiş
məcnun tək məzarını qucub, yorgun ruhunu, sınıq qəlbini sənə təslim etsin. (Bulbul
oxuyur.) Ötüş, ötüş ey mənim tək möhnəti-yardan fəğan eyləyən bülbül, ey
həmdərd rəfiqim! Bu bahar aləmi içrə insanlardan uzaq, yar üçün nalə etməkdə
yalnız deyilsən. (Zohrəyə tərəf gedir, onu gorub.) Ah, bu röyamı, ya həqiqətən
Zöhrəmi burada yatımş görürəm?! Ya rəbb, bu nə sirr? Demək, Zöhrə ölməmiş,
İrana yalan xəbər gelmiş. Ah nə böyük səadət! Qoy oyadım. Nə şirin yuxuya
batmış. Yox, oyatma, qoy bir qədər yatsın.
Ah, şair nə gözəl deyir:
Əsmə, dur! Əsmə, ey nəsimi-bahar!
Uyuyor yari-işvəkar, uyuyor.
Dalğalandıqda zülfi-zərrin tar
Sanyor pənbə hüsnü altın nur.
O gözəl çöhrənin əsiri ikən,
Əcəba qısqanırmısan məndən?
Əsmə, dur, dur! Burax, burax uyusun.
Nobaharın bu nazənin qızını.
Ötüşən quşlar! İştə siz də susun!
Susun artıq! Bu Zöhrə yıldızını
Seyr edin iştiyaqü həsrət ilə.
Bu gözəl lövhə sonra düşməz əls.
Günəş! Ey xilqətin gözəl gəlini!
Uyuyor, iştə nazlı həmşirən!
Sən də dur! Saçma bir ziyalərini,
Sən də bir an üçün çəkil, gizlən!
Bir az əylən bulutlu dünyada,
Mane olma bu tifli-nevzadə.
Uyuyor... uf! Ey bəlalı gönül,
Çarpınıb durma! Sən də sus artıq,
Vurma sus! İştə susdu həm bülbül:
Dur, həyatım da getsə dur azacıq,
Uyuyor, çünki aşinayi-xəyal,
Uyuyor, çünki qayeyi-amal.
Z ö h r ə (oyanır.) Ah, məni öldürmə.
Ç i n g i z. Zöhrə, ey mənim sevimli dilbərim! Məni tanımırsanmı?
Z ö h r ə. Ah, Çingiz! (Boynunu qucaqlayıb ağlayır.)
Ç i n g i z. Nə üçün ağlayırsan, ey parlaq ulduzum?
Z ö h r ə. Nə üçün ağlamayım, tam üç ildir ki, feraq oduna yanıb nalə etmişəm.
İndi bu tökdüyüm göz yaşı vüsal üçündür. Mane olma.
Ç i n g i z. Zöhrə, sən dirilmişsən, ah nə böyük səadət!
Z ö h r ə. Ölən mənim əmim qızı Nəcibə idi. Kim isə sizə yanlış xəbər
vermişdir.
Ç i n g i z. Ah, Zöhrəm, bilirsənmi mən nələr çəkmişəm?! Ölüm xəbərin
gəldikdə özümü həlak etmək istədim. Qəmər mane oldu. Sonra atam və dayım
tutulub qətl olundular. Mən də İrandan qaçıb əcnəbi ölkəyə getdim. Almaniyada
həkimliyi bitirdim. Fikrim bu idi ki, heç vətənə qayıtmayım, çünki sənsiz vətən
mənə viranə idi. Fəqət dözə bilmədim, torpaq məni çəkib gətirdi.
Z ö h r ə. İndi bizi bir-birimizdən, ancaq qəbir ayıra bilər.
Ç i n g i z. Xeyr, o da bacarmaz! Mən sənsiz diri qalmaram. Zöhrə, səni
gördükdə cümləni unutdum, başqalarını soruşmadım.
Z ö h r ə. Hamımız salamatıq. İndi biz burada yaşayırıq, çünki Züleyxa xalam
vəfat etmiş, mülkü anama qalmışdır.
Ç i n g i z. Bəs, sən tək-tənha burada nə qayırırsan?
Z ö h r ə. Şəmsi ilə Qəmər, məni, kefimi açmaq üçün buraya seyrə gətiriblər.
Onlar meşəyə getmişlər. Çingiz, Şəmsi ilə Qəmər nişanlıdırlar. Yaxında toyları
olacaqdır.
Ç i n g i z. Bizdə edərik, bəlkə...
Z ö h r ə. Nə?
Ç i n g i z. Başqasına söz vermisən?
Z ö h r ə. Çingiz, məni elə bivəfa sanırsan?
Ç i n g i z. Əfv et, gözəlim, mən zarafat edirəm.
Z ö h r ə. Sənin gəldiyindən anamgilin xəbəri varmı?
Ç i n g i z. Xeyr, kimsə bilmir. Burdan gəldim ki, bulaqdan su içib evə gedəm.
Z ö h r ə. İndi Qəmərgil gələcəklər. Gəl ona kimi süfrəni hazır edək. Əti
doğrayaq.
Ç i n g i z. Çox gözəl.
Süfrəni salıb boşqabları düzürlər.
Z ö h r ə. Fələyin işini bilmək olmaz. Bir az bundan irəli, dünya mənim üçün
bir cəhənnəm idi, indi isə istəyirəm, onu qucub öpəm.
Ç i n g i z. Məncə, səadət ibarətdir məhəbbətdən. O olarsa, dünya bir cənnətdir,
olmazsa, yaşamağın mənası yoxdur.
Z ö h r ə. Mən də o fikrə şərikəm.
Ç i n g i z. Hazır etdik, indi sən dur get yat. Guya mənim gəlməyimdən xəbərin
yoxdur. Görək Qəmər nə edəcəkdir. Yəqin gedib səni oyadacaqdır. Sən oyandıqda
mənə məhəl qoyma.
Z ö h r ə. Yaxşı deyirsən.
Q ə m ə r. Cəbi lələ au-u-u..
Ç i n g i z. Zöhrə, tez ol, yat.
Zöhrə gedib ağacın dalında uzanır.
Q ə m ə r. A-u-u-u...
Ç i n g i z. A-u-u-u...
Şəmsi bəylə Qəmər gəlir.
Q ə m ə r (Cingizi gorməyib). Ay sağ ol, Cəbi lələ, hər şeyi hazır edibdir.
Ç i n g i z. Siz də sağ olunuz, ay mənsiz seyrə çıxan cavanlar.
Q ə m ə r. Çingiz! (Atılıb boynuna sarılır, buraxmaq istəməyir.)
Ç i n g i z. Bacım, qoy Şəmsi ilə də görüşüm.
Q ə m ə r. Doğrudan sən Çingizsən?
Ç i n g i z. Xeyr, mən Çingizin kölgəsiyəm. (Şəmsi ilə opuşurlər.)
Qəmər Şəmsini kənara çəkib pıçıldaşırlar.
Ç i n g i z. Orada nə pıçıldaşırsınız?
Q ə m ə r. Çingiz, sənə bir xəbər verəcəyəm, amma deməyə qorxuram.
Ç i n g i z. Qorxma, bacım, de.
Q ə m ə r. Bax ürəyini bərk saxla, qorxma... Belə... Zöhrə sağdır, ölməyibdir...
Ç i n g i z. Ah, ürəyim! (Əllərini ürəyinə qoyur.) Yox, sən məni aldadırsan.
Q ə m ə r. Vallah, aldatmıram, bu saat gətirim, gör. (Gedib Zohrəni durquzur.)
Zöhrə, dur, kabab hazırdır.
Z ö h r ə. Mənim xatirim kabab istəmir, qoy yatım.
Q ə m ə r (onun əlindən tutub qaldırır.) Belə sənə kababdan şirin şey
verecəyəm. O da sevgilin Çingizin ağuşu. (Onu cəkə-cəkə gətirir.) İndi gördünmü,
doğru deyirəm.
Z ö h r ə. Çingiz?
Q ə m ə r. Zöhrə, Zöhrə, oyan, belə yuxu deyil ey, doğrudan da Çingizdir,
görürsən?
Z ö h r ə. Çingiz, xoş gəlmisən. Salamatmısan?
Ç i n g i z. Teşəkkür edirəm, xanım, salamatam.
Ş ə m s i. Bacım, Zöhrə, nə edirsən? Üç ildən bəri ayrılmış sevgilin ilə beləmi
görüşürsən?
Q ə m ə r. Çox gözəl dedin. Ey bunun eşqindən məcnun olan qardaşım, bu
hissiz, qurumuş cəsədə bənd olmusan?
Ç i n g i z. Bəli, bacım, əfsus ki, bu bivəfa Leylaya bənd olmuşam.
Zöhrə və Çingiz gülürlər...
Q ə m ə r. Aha, bunlar bizi ələ salıblar, çoxdan görüşüb, öpüşüblər.
Bu halda Cəbi lələ daxil olur.
Cə b i. Vay, Çingiz! Çingiz! (Gah gulur, gah gozlərini silir.) Mən gedim,
xanımları muştuluqlayım.
Ç i n g i z. Yox, lələ, hələ kababı bişirək yeyək, sonra bir yerdə gedərik. Sənin
haqqın bizim boynumuzda çoxdur. Səni lazımınca razı edəcəyik.
C ə b i. Allah sizi salamat etsin. Mənə də o qədər ömr versin ki, Qəmər xanımın
uşaqlarına lələlik edim.
Ç i n g i z. Cəbi lələ, burada üzgörəlik etdin ha. Bəs mənim uşaqlarıma?
C ə b i. Sənin uşaqlarına da edərdim, ancaq qorxuram verməyəsən.
Ç i n g i z. Nə üçün?
C ə b i. Sən abrazonnısan. Uşaqlarına da rus dayəsi tutacaqsan. O da məni
yaxına qoymayıb deyəcək: ey birit basqa, barançuq netorqay.
Gülüşürlər.
Q ə m ə r. Cəbi lələ, netorqay nədir?
C ə b i. Yəni uşağa dəymə.
Ç i n g i z. Yox, Cəbi lələ, elə iş olmaz. Necə məni saxlamısan, elə də
uşaqlarımı saxlayacaqsan. Görürəm rusca yaxşı bilirsən. Ona görə səni öz yanımda
feldşer edecəyəm.
C ə b i. Oturunuz, bu saat kababınızı bişirim, gətirim.
Əyləşirlər. Cəbi lələ kabab gətirir, onlar da şişdən çəkib yeyirlər.
Ş ə m s i. Çingiz, nağıl et görək harada qalmışdın və nə səbəbə bizə məktub
yazmayırdın?
Ç i n g i z. Şəmsi, başım çox bəlalar çəkmişdir. Buradan gedən zaman əhvalım
çox pərişan idi, ona görə də üç ay əcnəbi vilayətləri səyahət etdim ki, bəlkə qəm və
qüssədən bir qədər azad olam. Sonra Almaniyada tibb fakültəsinə girib təhsilimi
bitirdim.
Q ə m ə r. Ah, sən nə daş ürəkli qardaşsanmış. Məni heç yad edirdinmi?
Ç i n g i z. Necə etmirdim. Şəklinə baxdıqca hər zaman səni qarşımda
görürdüm.
Q ə m ə r (Zohrəni gostərərək). Bəs bu xanımın rəsmini?
Ç i n g i z. O xanımın rəsmi ürəyimin ən dərin bir guşəsində məskən etmiş, onu
buradan çıxarmaq qeyri-mümkündür
Q ə m ə r. Demək, indi sən həkimsən?
Ç i n g i z. Bəli.
Q ə m ə r. Onda qulağını ürəyimə qoy, gör nə səbəbə belə çırpınır.
Çingiz baxır. Qəmər onun başını qucub öpür.
Q ə m ə r. Ha-ha-ha... tapa bildinmi?
Ç i n g i z. Tapdım, bacım, xəstəliyin çox yamandır. (Cəbi lələ kabab gətirir.)
Gərək pəhriz saxlayasan. Ələlxüsus, Cəbi lələnin gətirdiyi bu kababdan.
Gülüşürlər.
Q ə m ə r. O həkimliyi bu xanıma elə.
Ç i n g i z. Biləks bu xanım gərək hər səhər çay əvəzinə bir şiş kabab yeyib,
üstdən bir stəkan qırmızı şərab içsin ki, hala gəlsin.
C ə b i. Yenə kabab gətirimmi?
Q ə m ə r. Yox, lələ, bəsdir, al bu çörəyi də, kabab bişir ye.
Cəbi alıb səhnənin dalına gedir.
Z ö h r ə. Bilmirəm Çingizin gəlmək xəbərini anama nə tövr verəcəyik. Axır
zamanlarda ürəkgetmə azarına düşübdür, gecələr oyanıb bizdən gizlin "Çingiz,
Çingiz" - deyə ağlayır.
Q ə m ə r. Mənim anam ondan geriyə qalmaz. İndiyə kimi mən onu
aldatmışdım ki, Çingizi İstambulda görən olubdur, orada oxuyur; qurtaran kimi
gələcəkdir. Yaxşı oldu ki, sözüm yalan olmadı.
Q ə m ə r. Gedək, zavallı analarımızı şad edək. Cəbi lələ, Cəbi lələ.
Ş ə m s i b ə y. Cəbi lələ, au-u-u-u-u-u...
Q ə m ə r. Cəbi lələ, au-u-u-u-u...
Z ö h r ə. Nahaq yerə boğazınızı yırtmayın. Cəbi lələ yəqin evə qaçmışdır ki,
Çingizin müjdəsini versin.
Ç i n g i z. Haydı, gedək.
Q ə m ə r. Gedək.
Z ö h r ə. Bəs bu boşqabları kim aparacaq?
Q ə m ə r. Sən indi də mənə naz edəcəksən? İstədiyin bu idi, o da gəlib çıxdı.
Ç i n g i z. Bəhs etmək lazım deyil, hamısını mən apararam.
Q ə m ə r. Sən allah, sən bunu xarab eləmə, qoy işləməyi öyrənsin. Yoxsa, bu
tənbəldən sənə nə arvad olacaqdır.
Ş ə m s i b ə y. Canım, hamısını aparıram, bəhsiniz bitsin.
Q ə m ə r. Can! Bax, ər belə olar... (Guluşurlər.) Şəmsi, tüfəngi mən
aparacağam, boşqabları sən.
Ş ə m s i b ə y. Eybi yoxdur, apararam. Mənim kimi ovçunun gərək sənin kimi
arvadı olsun.
Gülüşürlər. Qəmər boşqabları bağlayıb Şəmsiyə verir, özü də tüfəngi çiyninə salır,
Zöhrə xanım da Çingizin çamadanını götürür.
Q ə m ə r (əl calaraq Zohrəyə). Ha beləcə, görünür, sözüm, sənə təsir etdi.
Ş ə m s i b ə y. Qəmər elə ki, qarşına siçan çıxdı, güllənin ikisini də təpəsindən
çax...
Gülüşürlər.
Q ə m ə r. Hazır ol! İrəli arş!..

Gedirlər.

Pərdə


İKİNCİ ŞƏKİL

Səhnə dördüncü pərdənin mənzərəsini göstərir. Həcər xanımla Yasəmən skamyada
əyləşib dərdləşirlər.

H ə c ə r x a n ı m. Yasəmən, Qəmər ilə Şəmsi necə bəxtiyar oldular. Onlara
baxdıqda ürəyim şad olur. Fəqət Zöhrəni elə pərişan, qəmgin, şikəstədil gördükdə
ürəyim paralanır. Zavallı qızcığaz, Çingizin eşqindən şam kimi yanıb əriyir.
Y a s ə m ə n. Yazıq Çingiz, Zöhrənin ölüm xəbərini eşidib cəlayi-vətən oldu.
Kim bilir, başına nə fəlakət gəldi. Sağ olsaydı indiyə kimi sədası bir yerdən çıxardı.
H ə c ə r x a n ı m. Atası Nadir bəyin macərası oğlu Çingizdə təkrar etdi.
Bilmirəm bu çərxi dönmüş fələk bizdən nə istəyir, məgər bu iki bədbəxt ailədən
aldığı intiqam kifayət etməyir ki, yenidən bizə bəla hazırlayır. Zöhrə Çingizin
fəraqına dözə bilməyib vərəmləyib.
Y a s ə m ə n. Həcər xanım; Çingizin təvəllüd sirrini açıb Zöhrəyə
söyləməlisiniz. Taki sakit olub, axırda başqasına ərə getməyə razı olsun.
H ə c ə r x a n ı m. Yox, yox, onda övladlarımın ikisıni də qayib edəcəyəm.
Onlar mənə lənət, nifrət edib küçələrə atacaqlar.
Y a s ə m ə n. Onda bəs nə etməli?
H ə c ə r x a n ı m.Özüm də bilmirəm.
Y a s ə m ə n. Səhərdən ürəyim iztirab içində çırpınır, gələcək bəlanı hiss edir.
Cəbi lələ təngnəfəs daxil olur.
H ə c ə r və Y a s ə m ə n. Nə var, nə olmuş?
C ə b i. Qorxmayın, yaxşı xəbər gətirmişəm, Çingiz gəldi.
Y a s ə m ə n. Ah, xudaya sənə şükür, oğlum gəldi.
H ə c ə r. Bəs hanı?
C ə b i. Bulaq üstə kabab yeyirlər, çoxdan gəlmişdi, mən istəyirdim qaçıb sizə
xəbər verim, Çingiz qoymadı. Dedi, Cəbi lələ, kababı bişir yeyək, sonra bir yerdə
gedərik. Mən dözə bilmədim, onları qoyub gizlincə qaçdım.
Y a s ə m ə n . Çox sağ ol, Cəbi lələ, həmişə belə xeyirxəbər olasan. Hər nə
istəsən verəcəyəm.
C ə b i. Çingizin sağlığı mənə hər şeydən artıqdır.
Çingiz, Zöhrə, Qəmər və Şəmsi daxil olurlar.
Q ə m ə r. Ana, gör sizə kimi gətirirəm.
Y a s ə m ə n. Ah, Çingiz, oğlum! (Boynunu qucaqlayıb opur.)
Ç i n g i z. Şükür olsun ki, gəlib cümlənizi sağ və salamat tapdım.
Həcər xanım onu qucaqlayıb öpərkən bitab olur.
Ç i n g i z. Qəmər, stəkanda bir az su gətir, Həcər xanıma su verəcəyəm.
Qəmər su gətirir, Çingiz əl çamadanından dərman çıxarır, töküb Həcər xanıma verir.
Z ö h r ə x a n ı m. Ana, sənə nə oldu?
H ə c ə r x a n ı m. Qorxma, qızım, həmişəki ürək döyünməmdir, indi sakit
oldum.
Ç i n g i z. Qəm yeməyiniz, sizi bu ürək döyünməsindən tezliklə xilas
edəcəyəm. Fəqət zəhmət haqqımı indidən təyin ediniz, mənim şərtim budur.
H ə c ə r x a n ı m. Oğlum, nə istəsən verəcəyəm.
Ç i n g i z (Zohrənin əlini tutub). İstədiyim bu qızın Zöhrədir.
H ə c ə r və Y a s ə m ə n. Vay!
Ç i n g i z. Nə üçün təəccüb edirsiniz? Bilmirsiniz ki, biz çoxdan bir-birimizi
sevirik. Fəqət atalarımızın ədavəti buna mane olurdu. İndi isə o ədavət bitdi.
Mənim atam Əlimərdan, Zöhrə xanımın atası Şahbaz bəy intiqama qurban olub bu
iki aləmin qanlı ədavətini itmama yetirdilər. Yoxsa, siz analar düşmənçiliyin
davamını istəyirsiniz?
H ə c ə r x a n ı m. Yox, yox.
Ç i n g i z. Bəs nə səbəbə razı deyilsiniz?
H ə c ə r x a n ı m. Onu sorma, Zöhrəni sənə vermək olmaz, sənin üçün başqa
bir qız seçmişəm.
Ç i n g i z. Bəli, anlayıram. Şahbaz bəyin arvadı Həcər xanım qızını öz
xidmətçisi Yasəmənin oğlu Çingizə verməyi özünə ar bilir.
Q ə m ə r. Həcər xanım, mənim qadaşım Çingiz, qızınız Zöhrəyə layiq deyilsə,
sizin oğlunuz Şəmsi bəy də mənə layiq deyil. Al bu da sizin nişanınız.
(Barmağından uzuyu cıxarıb onlara atır.)
Ş ə m s i b ə y. Ah, Qəmər nə edirsən? Ana, Çingiz məndən elmli, tərbiyəli bir
oğlandır, nə üçün bacımı ona vermisən?
Z ö h r ə. Ana, görünür mənim ölümümü istəyirsən?
H ə c ə r. Xudaya, mən aciz qadına bir belə əziyyət verməyi özünə rəva
görürsən. Nə üçün məni öldürüb bu əzabdan xilas etmirsən?
Ç i n g i z (rişxəndlə). Bəli, böyük əzabdır, nəcibə bir xanım kəriməsini öz
kənizi oğluna necə versin?
H ə c ə r. Çingiz, yetər, ürəyimi daha parçalama, mən sizi özümə layiq
bilməsəydim, Yasəmənin qızını oğluma almazdım. Çingiz mən xalamın vəsiyyətini
yerinə yetirmək istəyirəm. Onun xahişi odur ki, sən Əli bəyin qızını alıb bu mülkə
sahib olasan.
Ç i n g i z. Mən məhəbbətimi dövlətə satan oğlan deyiləm. Ya Zöhrə, ya ölüm!
İndi iki ana bunu qət ediniz.
Ş ə m s i b ə y. Ana, unutmayınız ki, bu işdən mənim də ömrüm asılıdır. Ya
oğlunuzu bəxtiyar edəcəksiniz, ya qayib.
Həcər xanım, Yasəmən ilə kənara çəkilib məsləhət edirlər. Çingiz Zöhrə ilə, Şəmsi
Qəmər ilə danışırlar.
Ş ə m s i b ə y. Qəmər nə tez mənim nişanımı üstümə atdın? Görünür məni
sevmirsən?
Q ə m ə r. Bəs sən istəyirsən biz xoşbəxt olaq, Çingiz ilə Zöhrə bədbəxt.
Ş ə m s i b ə y. Xeyr, mən istəmirəm, fəqət burada mənim təqsirim nədir ki,
məni bədbəxt edirsən? İndi anamın fikri bizə məlum oldu. Əlbəttə, axırda o
fikirdən əl çəkəcəkdir. O heç vaxtı Çingizin və Zöhrənin bədbəxtliyini istəməz.
H ə c ə r x a n ı m. Oğlum, Çingiz, biz belə qət etdikki, sən Piri babandan izin
istəyəsən, çünki o cümləmizin qoca babası və ağsaqqalıdır. Hərgah o bu əmrə razı
olarsa, biz də ona tabe olarıq.
Q ə m ə r. Çox gözəl, elbəttə, Piri baba buna çox şadlıqla razı olacaqdır.
Ç i n g i z. Mən də buna razıyam. (Komaya girir.)
Ş ə m s i b ə y. Ana, Çingiz ali məktəb qurtarmış bir həkimdir. O, bacım
Zöhrəni məndən artıq saxlayacaqdır. Bunu bilirsənmi?
H ə c ə r. Bilirəm, oğlum.
Ş ə m s i b ə y. Bəs nə üçün razı olmursan?
H ə c ə r. Çünki məcburam.
Z ö h r ə. Ana, Züleyxa xalam bilsəydi ki, onun vəsiyyəti məni bədbəxt
edəcəkdir, heç vaxtı istəməzdi.
Ş ə m s i b ə y. Bir də xalamın vəsiyyəti bizimçün qanun deyil ki, onu
pozmaqdan aciz qalaq.
H ə c ə r. Övladlarım, bu işdə bir qanun var ki, onu pozmaqda doğrudan da biz
acizik.
Bu halda Çingiz dəli kimi komadan çıxır.
Ç i n g i z. Ha-ha-ha... hərb meydanı açılmış, yenidən, yenə müharibə, yenə
qovğa, yenə qan.
Q ə m ə r. Çingiz, qardaşım, kim ilə müharibə edirsən?
Ç i n g i z. Yer ilə, göy ilə, cümlə cahan ilə.
Z ö h r ə. Çingiz, sevgilim, sənə nə olmuş? Məgər məhəbbətimiz uğrunda
tökülən qan kifayət deyilmi ki, yenə də müharibəyə çağırırsan?
Ç i n g i z. Sevgilim, nazlı dilbərim, eşqim, məhəbbətim, insanlar qovğası
bitmiş, fələk müharibəsi başlanmışdır!
Q ə m ə r. Çingiz, qardaşım, yenə nə olmuş ki, fələklə müharibə edirsən?
Ç i n g i z (Zohrəni gostərərək). Bu bacıma bağladığım eşq üstə.
Q ə m ə r. Qardaşım, nə söyləyirsən? Ağlın çaşmış, bacın mənəm, Zöhrə ilə
məni qarışdırırsan.
Z ö h r ə. Ah, Çingiz dəli olmuş! (Ağlayır.)
Ç i n g i z. Məni öz bacıma aşiq etdirməkdən fikrin nədir, ey çərxifələk?
Məcnun kimi səhrayi-biyabanlara salmaq? Məni Fərhad kimi dağdaşları
gəzdirmək? Budur məqsəd? Məni divanə edib çöllərə salmaq? Bundan nədir hacət?
Xalq gördükdə desin, bax, bax, budur gəldi, həmşirisinə eşq-məhəbbət yetirən aşiq.
Yox, yox, mən sərsəri olmaram, divanəlik acizlər, zəiflər işidir. Çingizlər ondan
azaddır. Bacım, Zöhrə, indi bil mən Çingizəm, atam Nadirdir, anam Həcər.
C ü m l ə s i. Ah!
Ç i n g i z. Əlvida, ey ümidsiz xəyalım. Eşqin uğrunda Çingiz canını fəda edir...
(Cəld tapancanı cıxarıb ozunu oldurur.)
Z ö h r ə. Çingiz!
Özünü onun üstünə salır. Piri baba gəlir. Qəmər qəşş edir. Şəmsi onu tutur.
H ə c ə r x a n ı m. Oğlum, Çingiz, nə etdin? Mən müqəssir ananı öldürün, sizə
yalvarıram, öldürün, məni bir gülləyə qurban ediniz. Niyə durmusunuz?
P i r i b a b a. Ey zor ilə qızları özlərinə arvad edən ərlər, budur tutduğunuz
əməlin nəticəsi.

Pərdə

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG