Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:06

Süleyman Sani Axundov. Türk birliyi


Bir pərdədə, məişətimizdən bir şəkil

İŞTİRAK EDƏNLƏR

H e y d ə r q u l u a ğ a
C ə f ə r b ə y
N ə c ə f b ə y } Bəylər
S ə f ə r b ə y
F i r i d u n b ə y - təbib.
S ə m ə d b ə y - mühəndis. } Ziyalılar
R ə s u l b ə y - vəkil.
M i r z ə K ə r i m - müəllim.
Ə l i b ə y - student.
H a c ı C ə b r a y ı l
K ə r b ə l a y ı H ü s e y n }Tacirlər
M ə ş ə d i X u d a v e r d i

Əhvalat Qafqaz şəhərlərindən birində vaqe olur. Cəfər bəy axşam saat 7-də qonaqlarını gözləyərək Heydərqulu ağa ilə söhbət edir.

C ə f ə r b ə y. Heydərqulu ağa, mən bu işi boynuma çəkmişəm və ümidvaram
ki, yürüdəm, ancaq rica edirəm ki, özünü bir az saxlayasan. Xasiyyətin tünddür,
heç zad üstə barıt kimi partlayırsan.
H e y d ə r q u l u a ğ a. Cəfər bəy, sən öləsən, hərgah məni padşahlıq
dumasına vəkil seçməsələr - cəmi mülkümü, evimi, eşiyimi satıb Firəngistan deyə
birbaş gedəcəyəm. Mən belə xəcaləti, töhməti yeyə bilmərəm.
C ə f ə r b ə y. İndi mən bu məclisdə məsələnin başını açacağam və səni də
dövlət dumasına vəkil seçməyi işarə edəcəyəm.
H e y d ə r q u l u a ğ a. Nə üçün işarə edirsən? Açıq-aşkar de ki, Heydərqulu
ağadan layiqli heç kəs yoxdur. Gərək onu seçək.
C ə f ə r b ə y. Odur ki, tədbirin yoxdur. Əvvəl camaatın xahişini duymaq
lazımdır. Sonra da ona görə iş görmək.

Bu halda Nəcəf bəy, Səfər bəy, Firidun bəy, Rəsul bəy, Hacı Cəbrayıl, Mirzə Kərim və sair qonaqlar daxil olurlar.

C ə f ə r b ə y. Ya allah. Xoş gəlmisiniz. Buyurunuz, buyurunuz. Nəcəf bəy,
Səfər bəy, siz buraya buyurunuz. Hacı əmi, Mirzə Kərim buyurunuz buraya,
divanın üstə əyləşiniz.
Qonaqlar otururlar.
H e y d ə r q u l u a ğ a (Əli bəyə). Qardaşoğlu, kefin necədir? Görünür student
paltarını çox sevirsiniz.
Ə l i b ə y. Əmi, işarənizi başa düşürəm, ancaq təqsir məndə deyil. Özünüzə
məlumdur ki, bu son illərdə Rusiyada elm təhsil etmək çox çətindir.
H e y d ə r q u l u a ğ a. Məncə təqsir özünüzdədir, mənim təsəvvürümə görə
studentlər dərslərini buraxıb padşahlıq işlərinə qarışmaqları eyn səfahətdir. Bunlar
tətil edib dərs oxumamaqdan dövlətə nə zərər toxunacaqdır. Mənə görə hökumət
dəxi də şad olur ki, universitetlər bağlanıb padşahlığın xərci azalar.
S ə m ə d b ə y. Xeyr, Heydərqulu ağa, səhv edirsiniz. Darülfünunların
bağlanması dövləti neçə il geriyə salıb böyük zərərlərə bais olur. Bu saat
mühəndislərə böyük ehtiyac vardır.
F i r i d u n b ə y. Həkimlərə də həmçinin.
M i r z ə K ə r i m. Doğrudanda, studentlər hürriyyət uğrunda çalışıb böyük
qurbanlar verirlər. Bunu inkar etmək olmaz.
R ə s u l b ə y. Biz də student vaxtında az çalışmamışıq, padşahlıq dumasının
açılmasında bizim də payımız var.
N ə c ə f b ə y. Onlar hamısı cavanlıq əlamətidir. Mənim kibi sinnə dolanda
unudulub gedir.
H a c ı C ə b r a y ı l. Bunu Nəcəf bəy doğru deyir. Mənim oğlumda göydən
gedir. Deyirəm oğul, sənin Germaniyada aldığın təhsil mənə qızıl xəzinəyə
durubdur. İndi çalış pul qazan. Bu gün, sabah evlənib arvad-uşaq sahibi olacaqsan.
Pulsuz adamın nə dili var, nə hörməti. Hamıya gərək bəli, bəli, deyəsən.
C ə f ə r b ə y. Camaat, şair deyir ki:
Məsudimiz nə qəhvə və nə qəhvəxanədir,
Didari-yarı görməyə bunlar bəhanədir.
İndi əzizlərim, sizləri buraya yığmaqdan mənim də ümdə məqsədim nəinki
qırqavulplovdur, bəlkə, bir böyük mətləb üçün bunlar bir bəhanədir. O mühüm
mətləb budur: dövlət tərəfindən elan olunur ki, padşahlıq duması aprel ayının 27-də
açılır. Ona görə hər yerdə üzvlər seçməyə hazırlıq gedir. İndi bizə lazımdır ki,
toplaşıb bu barədə məsləhət, məşvərət edək. Fikirlərimizi birləşdirib bir layiqli şəxs
üzərində dayanaq. Elə olmasın ki, aramıza nifaq düşüb hərə bir tərəfə çəkə. Belə
olursa, bişək və şübhə bir nalayiqin biri seçilib bizi cəmi Rusiyada rusvay
edəcəkdir...
H e y d ə r q u l u a ğ a. Cəfər bəy,bağışla sözünü kəsirəm. Deyirlər ki, Motal
Qurbanəlinin oğlu Ayı Kərim bərk deputatlıq şevqinə düşübdür. Özü də harada
oturursa deyir ki, şəhər dumasında məndən yaxşı danışan yoxdur. Siz öləsiniz
istəyir onu zarafat üçün seçəsən və dövlət dumasının vəkilləri knyazlara, qraflara
belə rekamandasiya (tovsiyə) edəsən; rica edirəm tanış olasınız, Qafqaz vəkili
Motal Qurbanəlinin oğlu Qalayçı Məhəmməd Cəfərin nəvəsi Ayı Kərim. Ha... ha...
ha...C ə f ə r b ə y. Heydərqulu ağa doğru buyurur. Dövlət dumasının üzvlüyü nə
dərəcədə böyük mənsəb olduğunu cümləniz bilirsiniz. Bu duma şəhər duması deyil
ki, hər əttar, baqqal başmaqlarını taqqıldada-taqqıldada gəlib iclasda filan küçədə
neçə fanar asılsın, filan adama çayxana açmağa izin verilsin, ya yox deyə
boşboğazlıq edib vaxt keçirsinlər. Bu duma padşahlıq dumasıdır. Oraya seçilən
vəkillər də gərək padşaha layiq şəxslər olsunlar. Belə ki, hər bir şeydən artıq gərək
əsli, nəcabəti olsun, taki adı, familiyası çəkiləndə deməsinlər ki, bu cürə adam
eşitməmişik. Sonra qədd-qamətli olsun ki, gözə görünüb secilsin. Uca, gur səsi
olsun ki, danışdığı sözünə qulaq asıb fikir versinlər: mənim təsəvvürümə görə
seçilən vəkil gərək bu süfətlərə sahib olsun. Səhv edirəmsə, buyurunuz, səhvimi
deyiniz.
F i r i d u n b ə y. Bəli, səhv edirsiniz. Özü də artıq dərəcədə. Siz vəkilliyə
ləyaqəti bu üç sifətdə görürsünüz. Nəcabət, qəd-qamət, uca səs. Məyər padşahlıq
duması əcayib adamlar yığıncağıdır ki, elə adam göndərək? Xeyr, Cəfər bəy, bizə
qəd-qamətli adam lazım deyil. Bizə elmli, tədbirli, zakondan, siyasətdən,
vətənimizin keçmişindən və hali-hazırdan baxəbər şəxs lazımdır.
M i r z ə K ə r i m. Məncə bu sifətlərdə kifayət etməz. Gərək elə şəxs olsun ki,
vətənin, millətin uğrunda pulundan, malından, hətta canından da keçə bilsin. Burada bəylik, xanlıq, rəiyyətlik bilmərrə gərək mülahizə olunmasın.
S ə m ə d b ə y. Parlamanlar məhkəməyə bənzər. Orada Rəsul bəy kimi
vəkillər artıq mənfəət gətirə bilərlər. Firidun bəy düz buyurur. Gərək zakon biləsən,
bu da vəkil işidir. Natiqlik də onların sənətidir.
K ə r b ə l a y ı H ü s e y n. Mən ticarət üçün bir neçə dəfə zağranitsaya
getmişəm. Orada çoxdan parlamanlar işləyir. Zağranitsada oxumuş cavanlarımız o
üsula yaxşı bələddirlər. Məsələn, bacının oğlu Əli Heydər parlaman zakonlarını
yaxşı bilir. Özü də üç xarici dildə danışır.
M ə ş ə d i X u d a v e r d i. Kərbəlayı düz deyir. Çox layiqli oğlandır. Fikir
eləməyiniz ki, bacım oğlu olduğuna görə tərif edirəm. Xeyr, doğrudan da başlı
oğlandır.
Ə l i b ə y. Bu işdə qohumluq, dostluq, aşnalıq gözləmək lazım deyil. Məhz
vətənimizin xeyrini mülahizə etmək lazımdır. Bizim ölkədə nəcabətdə, mal
dövlətdə hamıdan artıq Heydərqulu ağadır. Mənim özüm də üç ildir ki, onun pulu
ilə təhsil edirəm, lakin bununla belə o da seçkiye qutu qoya Firidun bəy də, mən
insafımdan keçib Firidunu qoyub Heydərqulu ağaya şar salmaram.
H e y d ə r q u l u a ğ a (tez ayağa qalxıb). Necə? Necə? Nə deyirsən? A gədə
Firidun, bir gör onun ağzından çaxır iyi gəlirmi? Yəqin o buraya içib gəlmiş.
F i r i d u n b ə y. Mən sizin nökəriniz deyiləm. Təvəqqe edirəm ədəb ilə
danışasınız.
H e y d ə r q u l u a ğ a. Kəs səsini gəda oğlu, gəda! Atan ölənə kimi mənim
qapımda nökər idi. Baban da atamın nökəri. Buyur görək, Ağa Firidun bəy mən
səninlə nə tövr rəftar edirəm. Sən gərək minlərcə şükür edəsən ki, mənimlə bir
məclisdə oturub söhbət edirsən.
F i r i d u n b ə y. Siz hələ qəflət yuxusundasınız, ayılmamısınız. O zaman ki,
siz ağalar dilsiz, ağılsız rəiyyətin malının, canının, namusunun sahibi olub nə
istəmişsinizsə etmişsiniz - getdi. İndi hürriyyət zamanıdır. İndi insan mülk-maaş ilə
yox, elm, ədəblə şərəf qazanır.
H e y d ə r q u l u a ğ a. Ha-ha-ha. Camaat, eşidirsiniz nə deyir? Daha biz
Motal Qurbanəlinin oğluna nə üçün rişxənd edirik. A gədə, mən qəflət
yuxusundayam ya sən. Ayıl, gör nə fikrə düşmüsən. Məyər padşahlıq duması sənin
kimi köpəklər yeridir?
S ə m ə d b ə y, R ə s u l b ə y, M i r z ə K ə r i m, Ə l i b ə y (hamısı birdən).
Eyib olsun sizə, Heydərqulu ağa.
H e y d ə r q u l u a ğ a. Xeyr, eyib sizə olsun ki, bu kibi eşşəyi meydana
çıxarıb vəkil seçməyi təklif edirsiniz.
F i r i d u n b ə y. Bimərifət, nadan.
H e y d ə r q u l u a ğ a. A gəda, mən bimərifətəm? Mən nadanam? Ayı oğlu,
ayı!
Kürsünü əlinə götürüb Firidun bəyin üstə hücum edir. Qonaqlar ayağa qalxırlar. Cəfər
bəy Heydərqulu ağanın əlindən tutur.
C ə f ə r b ə y. Heydərqulu ağa, sənə qurban olum, sakit ol. Heydərqulu ağa.
Çəkil kənara,görüm bu pota oğlu nə cürət edib o sözləri mənə deyir?!.

Kürsü ilə vurub Firidun bəyin başını yarır. Küy, qalmaqal qalxır.

Pərdə

Günün bütün mövzuları

XS
SM
MD
LG