Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:09

Hesabat həqiqəti əks etdirir, ya qərəzlidir?


İfadə və sərbəst toplaşma azadlıqlarına qoyulan məhdudiyyətlər siyasi partiyaların fəaliyyətini çətinləşdirib

İfadə və sərbəst toplaşma azadlıqlarına qoyulan məhdudiyyətlər siyasi partiyaların fəaliyyətini çətinləşdirib

ABŞ Dövlət Departamentinin 2010-cu il hesabatında deyilir ki, keçən il Azərbaycanda söz və sərbəst toplaşmaq azadlıqları, siyasi partiyaların fəaliyyəti və vətəndaşların dinc yolla hakimiyyəti dəyişmək hüquqları məhdudlaşdırılıb:

«Azərbaycanda ötən il keçirilmiş parlament seçkiləri ATƏT-in demokratik seçkilər üçün müəyyən etdiyi bir çox əsas standartlara cavab verməyib...

İfadə və sərbəst toplaşma azadlıqlarına qoyulan məhdudiyyətlər siyasi partiyaların fəaliyyətini çətinləşdirib. Həbsxanalarda işgəncə və döyülmə nəticəsində azı 7 nəfər ölüb, hüquq-mühafizə orqanları isə bununla bağlı heç bir tədbir görməyib. Hökumət siyasi səbəblərə görə həbsləri davam etdirib. Mediaya təzyiq və məhdudiyyətlər daha da pisləşib...

Hakimlər müstəqil fəaliyyət göstərə bilmir, məhkəmələr icra hakimiyyətindən asılıdır...».

REAL HESABAT

Hər il olduğu kimi, bu il də Dövlət Departamentinin hesabatına Azərbaycanda müxtəlif dəyərləndirmələr səslənir. Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, hesabat ölkədəki reallıqları əks etdirir. Onun fikrincə, insan hüquqları üçün keçən il Azərbaycanda çox əlverişsiz şərait olub:

«Bu hesabat reallığı əks etdirir. Hesabatdakı məlumatlar çox diqqətlə yığılıb. Təəssüf ki, Azərbaycanda bu gün insan hüquqlarının vəziyyəti çox ağırdır. Qanunlar işləmir. Siyasi dustaqların sayı artır. İşgəncələrlə bağlı vəziyyət çox pisləşib. Azərbaycanda bununla bağlı sənədlər təqdim etmək üçün müstəqil ekspertiza yoxdur. Məhkəmələrin müstəqilliyindən isə danışmağa dəyməz.
Fuad Qəhrəmanlı
Hesabatda da bunlar əks olunub».

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı da bildirir ki, hazırkı hesabat Dövlət Departamentinin bundan əvvəlki ildə hazırladığı hesabatla müqayisədə daha kəskin və təfərrüatlıdır. Hakimiyyət əslində bu cür qiymətləndirilmələrdən nəticə çıxarmalıdır:

«Hesabat tamamilə obyektiv hesab oluna bilər. Çünki indi Azərbaycanda insan hüquqları, sərbəst toplaşma, mediaya olan münasibəti, məhdudiyyətləri aydın əks etdirir. Bəlkə də gündəlik bu problemi yaşayan Azərbaycan vətəndaşlarına hesabat kəskin görünməyə bilər. Ancaq kifayət qədər kəskin yazılmış və ölkədəki ictimai-siyasi mənzərəni əhatə edən bir sənəddir. Hakimiyyət nəticə çıxarmalıdır. Ancaq reallıq odur ki, Azərbaycan hakimiyyəti onun fəaliyyətini tənqid edən vəziyyəti beynəlxalq təşkilatları qərəzdə ittiham edir».

ŞİŞİRDİLMİŞ, TƏHRİF OLUNMUŞ FAKTLAR

Millət vəkili Çingiz Qənizadə isə hakim YAP-ın saytına müsahibəsində bildirib ki, hesabatda həqiqətə söykənməyən, həddindən artıq şişirdilmiş məqamlar çoxdur:

«Hesabatda qeyd olunur ki, guya mediada və siyasi fəaliyyətdə sərt məhdudiyyətlər var, hökumət siyasi opponent hesab etdiyi şəxslərin məhkəməsiz həbs olunması hallarını davam etdirir.
Çingiz Qənizadə
Əslində, bu, tamamilə ədalətsiz yanaşmadır. Çünki bu gün məhkəmənin qərarı olmadan hüquq normalarında nəzərdə tutulan saatdan artıq heç kim polis orqanlarında saxlanılmır. Belə bir fakt varsa, yaxşı olardı ki, bunlar da hesabatda əks olunardı. Amma bu, yoxdur, sadəcə ümumi söz toplusudur. Hesabatda deyildiyinin əksinə olaraq, Azərbaycanda dini azadlıqlar da məhdudlaşdırılmır. Bütün dünya bilir ki, Azərbaycan ən böyük tolerant ölkədir. Həbsxanalarla bağlı deyilənlər də ədalətsizdir».

«ABŞ Dövlət Departamentinin yaydığı hesabatda Azərbaycan reallıqlarının ciddi şəkildə təhrif edilməsi məqamlarına rast gəlmək mümkündür».

Bunu isə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, hesabat qərəzli və qeyri-obyektivdir:

«Azərbaycan insan haqlarının qorunması ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri ardıcıl surətdə yerinə yetirir. Hesab edirəm ki, hər hansı dövlətin Azərbaycandakı reallıqları təhrif edərək hesabat hazırlamasına haqq qazandırmaq mümkün deyil. Burada qərəz də, qeyri-obyektivlik də aydın şəkildə görünməkdədir».

SAKİNLƏR NƏ DEYİR?

Rəyini öyrəndiyimiz Bakı sakinləri arasında Dövlət Departamentinin hesabatında deyilənlərlə razılaşanlar da oldu, razılaşmayanlar da:

Bütün dünya bilir ki, Azərbaycan ən böyük tolerant ölkədir
- Məncə bizdə vəziyyət yaxşıdır. Hər yerdə nələrsə, hansı çatışmazlıqlarsa olur.

- Yəqin xaricilər də bilir ki, burda nələrsə müəyyən bir klana, bir qrupa aiddir. Bunu onlar çox yaxşı bilir.

- Bu onların fikridir, ancaq heç də elə deyil.

- Belə vəziyyət təkcə Azərbaycanda deyil, bütün MDB ölkələrində belədir. Belə vəziyyətin qarşısı ictimai nəzarətlə alına bilər.

- Şəxsən mən hər şeydən razıyam. Nə olub ki? Prezidentimiz bizim üçün hər şey yaradır. Hesabatı yazanlar özlərindən yazırlar.

- Mən bir şeyi deyə bilərəm, ölkədə yiyəsizlikdir.

- Bizim hökumət köhnə sovet hökumətinin bir az demokratik modelidir.

- Hesabatda düz deyirlər, Azərbaycanda müstəqil məhkəmə nə gəzir ki...

Şərhləri göstər

XS
SM
MD
LG