Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:14














Yamaq


Bir bağlı qapı arxasına söykənib,
Yamağı sökülmüş həyatıma
yeni yamaq vururam.
Tikişlərin gözəlliyinə-
yəni uydurduğum yalanların saflığına
ən çox özüm inanıram.
Mənə ümüd olanlar
hər gün ümüdlərinin yerini dəyişirlər
axşamdan-sabaha
sabahdan-axşama.
Öz eyibinə kor olan hamı kimi
baxıram mən də olanlara.
Dualarıma güvənib,
Günahlarıma sığınıram.
Xəyallarım bir-birinə dost,
Düşüncələrim düşmən olub,
savaşmaqdan yorulmayan.
Bütün bağlı qapılardan keçə bilən
bir zaman var hərəkəti duyulmayan.
Özüylə çox şey daşıyır ,
Kim bilir nələr çəkir,
necə yaşıyır?
Bəlkə ölüm də özünə ölüm istəyir o an.
Bağlı qapı arxasına söykənib
yamağı sökülmüş həyatıma
yeni yamaq vururam.
Yaşamadığım hisslərim bağışlasın məni.

Onsuz da...

Gəl dəyişək savablarımızla günahlarımızı
Onsuz da,
Bir zamanlar yaşamışıq- deyə
həyata vurduğumuz damğalardan başqa
bir şey deyil onlar.
Seçə bilmədiyimiz adımız kimidir,
həyatımız da.


Alatoran

Həqiqətlər tük ürpədir
Yalanlar könül açıb,ümüd bağlayırlar heçə.
İndiki zamanın tərs üzünə çevrilmiş
rəngsiz yuxularım dindirir məni hər gecə.
Uşaqlıq xatirələrimdi
qorxa-qorxa o qaranlıq otağın küncünə
qısılıb ağlayan.
Uşaqlıqda qorxardım qaranlıqlardan
İndi qaranlıqda
qaranlığı görə bilmədiyim üçün qorxuram.
Hər gözlərimi yumanda
nəfsimin çəkdiyi o rəsmlə qarşılaşıram.
Nə qədər istəsəm belə o an,
Səssizliyimin səsinə toxuna bilmirəm.
Bacarmıram,
Yaza da bilmirəm artıq.
Tir-tir titrəyən qələmin canı əlimdən qurtulub,
Onsuz da pəltək şeirimin
Qorxudan dili tutulub.

Günəşdən öncə

Kiçik həyəcanlarla başlayır
bütün böyük eşqlər.
ilk baxışın alovu yandırarkən qəlbini
Ovuclarına doldurub içdiyin su kimi
dadlıdır həyat.
Xəyalların boya-başa çatıb
Xatirələrə çevriləndə başlayır bütün acıların.
Hər nəfəsinin axırına gedib qayıtmaq
Uzaq bir səfərə çıxmaqdı onsuz.
Onunla keçirdiyin ömrü
Bütün tanıdığın həzzlərdən çələng düzəldib
Qoymaq istəyirsən başına tac əvəzi.
Bəzən üsyan etsən də yalqızlığına
Onu da sevirsən,
məhs o tərk etdi deyə,
ona aid olduğu üçün təkcə.
Hər səhər gözünü açanda yenə
Onu görəcəksən Günəşdən öncə.

Əlimi tutduğun gündən...

Əlimi tutduğun gündən tez-tez yıxılıram.
Kirpiklərimlə gülürəm həyata.
Daha baharı gözləmirəm əvvəlki kimi
Bütün mövsümlərdə yaşamağı bacarıram.
Yaxınlaşmaq ən uzaq yolların sonudur bəzən.
İndi səni sevmək-
Öz kölgəsini tutmağa çalışan körpələr kimi
Gerçək bildiyim şeylərə toxuna bilməmək...
Qəlbin atəşində peşmanlıqlar bişirmək...
“Gedirəm,
bu dəfə səni özümlə götürməyəcəyəm,
yanına qayıdım,deyə”
düşünmək...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG