Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:58
Azərbaycanda istehlak kreditləri başqa ölkələrlə müqayisədə yüksək faizlərlə verilir. Amma buna baxmayaraq, son illər ölkədə kredit bumu müşahidə olunmaqdadır.


İqtisadi təşəbbüslərə yardım mərkəzindən Azər Mehdiyev deyir ki, hazırda ölkədə təqdim olunan kreditlərin həcmi 6 milyard manatlıq səviyyəyə çatıb. Bunun isə 40 faizə qədərini müxtəlif xarakterli istehlak kreditləri təşkil edir. Son dövrlər kreditlərin alınması şərtlərinin xeyli dərəcədə yüngülləşdirilməsi, alınan malların – özünün girov qoyula bilməsi halları belə kreditləri götürənlərin sayının artmasına gətirib çıxarır.


Ölkəyə böyük neft pullarının gəlməsi, iqtisadi fəallığın güclənməsi də pula tələbatı, kredit əldə etmək istəyənlərin sayını artırır. Bütün bunlar əlbəttə ki, həm də qiymət artımına səbəb olur. Əsasən kiçik həcmli kreditlərə tələbatın çox olması isə məhz yoxsul və yeni inkişaf etmiş cəmiyyətlərə xasdır. Azər Mehdiyev belə deyir.


Onun sözlərinə görə nə qədər ki, əhalinin əmanət imkanları məhduddur böyük bir hissə öz ehtiyaclarını xırda kreditlər hesabına ödəməyə meylli olacaq.


Bakının mobil telefonların satışı mağazalarından birində isə bizə dedilər ki, kreditlə telefon götürənlərin sayı getdikcə artır, nəinki azalır. Onların çoxu sadə insanlardı. Elə mağazalar var ki, onlar daha çox satış yox, kredit hesabına gəlir əldə edirlər, çünki çoxlarının telefonun pulunu bir dəfəyə ödəmək imkanı yoxdur.


Bütün bunlar əlbəttə ki, kreditə üstünlük verənlərin sayını artırır.


İstehlak kreditlərin faizlərinin başqa ölkələrlə müqayisədə Azərbaycanda yüksək olmasının səbəbi barədə mütəxəssislər təxminən eyni şeyi deyirlər. Yəni ölkədə inflyasiya 20 faizdən yüksəkdir. Buna görə də kredit faizlərinin orta hesabla 28 faiz olması onlara təəccüblü gəlmir. Bir çoxları hesab edir ki, bu il götürdüyü kreditə görə ödəyəcəkləri vəsait bir müddət sonra öz dəyərini saxlamayacaq. Və inflyasiyanın hesabına götürdükləri əşya sonda onlara ucuz başa gələcək.


İqtisadçı ekspert Vüsal Qasımlı isə deyir ki, istehlak kreditlərini verənlərin və götürənlərin sayının artması hər iki tərəf üçün müəyyən təhlükədir. Əslində nə banklar, nə də istehlakçılar hələ ki, bu təhlükəni hiss etmirlər. Amma onun əlamətləri artıq görünür. Ölkədə inflyasiyanın sürəti, manatın alıcılıq qabiliyyəti nəzərə alınanda bu kreditlərdən bankların ciddi gəliri olmadığı anlaşılır. Bu isə banklar üçün təhlükəli vəziyyətdir. Əhali də gəlirlərinin sonrakı aqibəti barədə ciddi düşünməlidir. Çünki heç də həmişə gözlənilən olmur.


Vüsal Qasımlı qonşu Rusiyada banklar və istehlakçılar arasında yaranmış böhranı xatırladır. Hətta dövlət məsələyə müdaxilə etməli olub. Azərbaycanda isə bunun qarşısını indidən almaq üçün artıq istehlak kreditlərinin verilməsinə dövlətin qeyri rəsmi də olsa məhdudiyyətlər qoyması hiss olunur.


Onun sözlərinə görə , yaxşı olar ki, əmanətlərin sığortalanması kimi kreditlərin də sığortalanması həyata keçirilsin. Eyni zamanda dövlət kommersiya banklarına bu kimi məsələlərlə bağlı müəyyən tövsiyələr versin.


Günün bütün mövzuları

XS
SM
MD
LG