Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28

«Deyirdilər ki, Eynulla Fətullayevin kitabını yandırmaq lazımdır»


Emin Fətullayev oğlunun şəkillərinə baxır

Emin Fətullayev oğlunun şəkillərinə baxır

«Haçan Eynulla da, o biri jurnalistlər də azadlığa çıxar biz də bayram edərik. Necə bayram edək ki, oğlum azadlıda deyil…»


Həbsdə olan jurnalistlərdən biri «Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin anası Gülşən Fətullayeva belə deyir. Gülşən Fətullayeva oğlu həbs edildikdən sonra çox dəyişib. İndi onların evindəyik. Təqribən bir il əvvəl bu evdə axtarış aparılanda Eynulla Fətullayevin anası ilə ilk dəfə tanış olmuşdum. Onda Gülşən Fətullayeva daha şux görünürdü:


«Mən hər dəfə Eynulla ilə görüşdükdən sonra bu hala düşürəm. Gedirəm, görürəm halım pisləşir. Çünki bilirəm ki, oğlumu günahsız tutublar. Bəs bir ana kimi mən bunu nətər çəkməliyəm?»


Eynulla Fətullayev ötən il aprelin 20-də Yasamal Rayon Məhkəməsində çıxarılan hökmlə 2 il 6 ay azadlıqdan məhrum edilib. O, Xocalı sakinlərinin şərəf və ləyaqətini təhqir etməkdə günahlandırılırdı. Ancaq Eynulla Fətullayevin ilk həbsindən bir neçə ay keçməmişdi ki, ona qarşı daha 3 ittiham irəli sürüldü. Bu dəfə isə o, terrorla hədələmədə, mili ayrıseçkilik yaymaqda və vergidən yayınmada ittiham edilirdi. Bu ittihamlar üzrə isə ona 8 il 6 ay həbs cəzası verildi. Eynulla Fətullayevin atası Emin Fətullayev isə bu ittihamları rədd edərək oğlunun həqiqətləri yazdığına görə həbs edildiyini düşünür:


«Bəyəm korrupsioner məmurlardan, oğru nazirlərdən və xalqın malını talayanlardan yazmaq dövlətçiliyin əleyhinə olmaqdır?..»


İndi onların ailəsində heç kim işləmir. Emin Fətullayev deyir ki, 10 il əvvəl məhz oğlunun yazılarına görə, onu Bakı Zərgərlik Zavodundan işdən çıxarıblar. Üstəlik Eynullanın anası Gülşən Fətullayevanı da müəllimə işlədiyi 225 saylı məktəbdən xaric ediblər. Emin Fətullayev deyir ki, indi yalnız beynəlxalq jurnalist təşkilatlarından gələn yardımlar hesabına dolanırlar:


«58 yaşım var. Bu 1 il 3 ayda çox şey öyrəndim. Bütün dost-qohum bizi atdı. Mən indi dərk edirəm ki, niyə 37-də Azərbaycanda bu qədər insanlar həbs edilib. Müəyyən orqanlar var ki, axtarış zamanı ətrafı dağıdırlar. İnsanların gözü qorxur…»


Evdə skripka var. İndi o susur. Emin Fətullayev deyir ki, bu Eynullanın skripkasıdır. Atasının deməsinə görə o, uşaq yaşlarından skripkada çalmağı bacarırdı. Ancaq özünə musiqini yox tarixi sənət seçib. Emin Fətullayevin deməsinə görə, Eynulla hələ 9-cu sinifdə oxuyarkən Azərbaycan Demokratik Respublikası adlı əsər yazaraq onu kitab halında çapdan çıxarıb. Bu kitabın çapından sonra bəzi tarixçilər Eynullanı plagiatlıqda ittiham ediblər. Hətta belə fikirlər səslənib ki, bu kitabı yandırmaq lazımdır. Emin Fətullayev isə deyir ki, 9-cu sinifdə oxuyan uşağı plagiatlıqda günahlandırmaq düzgün deyil. Onun sözlərinə görə başa düşmək lazım idi ki, bu əsər 9-cu sinif şagirdinin mütaliəsinin məhsuludur:


«Mən MTN-də də dedim. Belə oğlanı həbsxanaya salmazlar…»


Evin bütün divarlarına Eynulla Fətullayevin şəkilləri vurulub. Orda Eynulla Fətullayevin eks-prezident Ayaz Mütəllibovdan tutmuş ən müxtəlif siyasi xadimlər və beynəlxalq təşkilatların təmsilçiləri ilə birgə çəkdirdiyi şəkillər var. Bu evdə təkcə bu skripka və bu şəkillər Eynulla Fətullayevi və onun keçmiş fəaliyyətini yada salmır. Eynulla Fətullayevin atası Emin Fətullayevin söhbət əsnasında toxunduğu məsələlər də elə onun vaxtı ilə nəşr etdirdiyi qəzetlərdəki yazıların mövzuları ilə səsləşirdi:


«650 min iş yeri açıblar. Bu keçmiş Şmidt zavodu kimi 60 zavod deməkdir. Mən Zərgərlik Zavodunda işləyirdim. Orda 2 min işçi var idi. Bu elə 30-dan çox zavodun açılması deməkdir. Elə zavoddan 50-ni göstərin də mənə? Belə iş olar?»


Günün bütün mövzuları

XS
SM
MD
LG