Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:17

«Bizi döyməsinlər, əlavə yardıma ehtiyacımız yoxdur…»


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov

«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov

Prezidentin yaxın günlərdə mətbuata dəstək proqramını təsdiqləyəcəyi gözlənilir. Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir. Onun sözlərinə görə, onların bununla bağlı hazırladıqları layihə artıq Prezidentin İcra Aparatına təqdim edilib.


Mətbuat Şurasının sədri deyir ki, bu layihə müstəqil mətbuatın özü-özünü dolandırmasını təmin etməlidir, yəni reklam bazarının yaradılması, onun formalaşması və bölüşdürülməsi və s. Əflatun Amaşovun sözlərinə görə, sənəddə əsasən məhz bu mələlər öz əksini tapacaq. Bundan başqa reklamlara görə ödənən əlavə dəyər vergisindən azad olma və reklam verən şirkətin reklama xərclədiyi vəsaitin onun istehsal etdiyi məhsulun maya dəyərinə daxil edilməsin kimi təkliflər də bu sırasındadır. Əflatun Amaşovun sözlərinə görə, bunda məqsəd mətbuatın iqtisadi asılılığını aradan qaldırmaqdır:


«İstəyimiz odur ki, media həm siyasi hakimiyyətdən azad olsun, həm də müxalifətdən. Tam müstəqil fəaliyyət göstərsin».


«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da deyir ki, bu konsepsiya həyata keçiriləcəksə mətbuatda sifarişli yazıların bir xeyli qarşısı alınar:


«Qəzet niyə kimdənsə asılı olmalıdır, sponsor axtarmalıdır? Niyə kimdənsə pul alıb onun tapşırığıyla başqasından hayıf çıxmalıdır?.. »


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov isə deyir ki, müstəqil qəzetlər hökumətin yardımı olmasa da, yaşaya bilər. Bir şərtlə ki, onlar özləri təzyiqləri dayandırsınlar:


«Bizi məhkəmələrə çəkməsinlər, bizim jurnalistləri döyməsinlər, həbsə atmasınlar, müstəqil mətbuata reklam verən şirkətlərə qadağalar qoymasınlar əlavə yardıma ehtiyacımız yoxdur…»


Azər Əhmədov deyir ki, hökumət yardımlarla müstəqil mətbuatın özünü asılı vəziyyətə sala bilər. Onun sözlərinə görə, mətbuatın inkişafı üçün bütünlükdə ölkə iqtisadiyyatı inkişaf etməlidir.


«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də deyir ki, ölkə iqtisadiyyatı indi neftdən asılı vəziyyətə düşüb. Onun fikrincə, qeyri-neft sektoru inkişaf etməsə, mətbuatın bütünlükdə inkişafına nail olmaq çətindir. Ancaq Mehman Əliyevə görə, mətbuatın indiki vəziyyəti təcili tədbirlər tələb edir. O, Mətbuat Şurasının hazırlayıb Prezident Aparatına təqdim etdiyi konsepsiyaya da müvəqqəti dövrün tələbləri kimi baxır.


Hələ keçmiş prezident Heydər Əliyevin vaxtında da mətbuata bir sıra güzəştlər edilmişdi. Onda qəzetlərin dövlət nəşriyyatına borcları silindi və bəzi mətbuat orqanlarına kreditlər verildi. Ancaq qəzetlərin vəziyyətləri bir qədər sonra yenidən pisləşməyə başladı. Həmin vaxtda bəzi müstəqil təhlilçilər hesab edirdilər ki, söz azadlığına münasibət bütünlükdə dəyişməsə və başqa sahələrdə də inkişaf olmasa, mətbuatın problemləri yoluna qoyulmayacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG