Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:47

Yolumuzu niyə kəsirlər?...


«Vətəndaşların saatlarla avtomobil tıxaclarda qalması onlara maddi və mənəvi ziyan vurur»

«Vətəndaşların saatlarla avtomobil tıxaclarda qalması onlara maddi və mənəvi ziyan vurur»

Bir növ məmurların mənzil başına daha rahat çatmaları üçün avtomobil yolların bağlanması – yəni nəqliyyatın hərəkətinin müvəqqəti dayandırılması (əgər buna müvəqqəti demək olarsa) Bakı ətrafında da tıxacların vüsət almasına səbəb olur. Özü də nə az, nə çox, düz hava qaralmağa başlayandan təxminən gecə yarısınadək. Xüsusilə də istirahət günləri. Məsələn, bazar günü Bakının Novxanı kəndindəki bağlara və ya çimərliyə gedənlərin istirahəti oradan qayıdarkən əməlli-başlı müsibətə çevrilir.


Sadə insanlar yolda avtobus tapacaqları ümidilə payi piyada şəhərə doğru üz tuturdular. Səbəb isə odur ki, nə vaxtsa bağına gələcək hansısa dövlət rəsmisindən ötrü artıq xeyli əvvəldən həmin yolun üstündə peyda olan yol polisi nəqliyyatın hərəkətini öz bildiyi şəkildə məhdudlaşdırır.


Bu günlərdə aeroport yolunun genişləndirilməsi ilə bağlı həmin istiqamətində də yollar bağlanıb. Vətəndaşlar deyir ki, əvvəllər yollar yalnız prezident keçəndə bağlanırdısa, indi yol polisi lazım bildikdə digər məmurlar və kimlərinsə qohumları üçün də bu xidməti göstərir.


Bəs qanunla hansı hallarda yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər? Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov deyir ki, yol hərəkəti haqqında qunun 12-ci maddəsinə əsasən əgər yollarda hər hansı qazıntı, təmir-tikinti işləri aparılarsa hərəkətin məhdudlaşdırılmasına icazə verilir. Bundan başqa xüsusi təyinatlı nəqliyyat vasitələrinin müşayiəti zamanı yolun hərəkət hissəsinin digər nəqliyyat vasitələri üçün hərəkətinə məhdudiyyət qoyula bilər.


Vaqif Əsədov deyir ki, yollarda tıxacların yaranmasının əsas səbəbi sürücülərin yol hərəkəti qaydalarını pozmasıdır. İki sürücü qaydanı pozanda yollarda hamını narahat edən belə vəziyyət yaranır.


«Yol» ictimai birliyinin rəhbəri Azər Həsrət isə hesab edir ki, yolların nəinki tez-tez, ümumiyyətlə bağlanması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması düzgün deyil. Zəruri hallarda deyək ki, prezidentin təhlükəsiz şəkildə keçib gedə bilməsi üçün xüsusi dəhlizlər yaratmaq və ya beynəlxalq, eləcə də milli əhəmiyyətli tədbirlər zamanı yolları bağlamaq yox, hərəkətə müəyyən məhdudiyyətlər tətbiq etmək mümkündür. Ancaq hansısa nazir aeroporta gecikir və ya istirahət mərkəzinə əylənməyə gedirsə, bunun üçün vətəndaşların hüquqları məhdudlaşdırıla bilməz:


«Vətəndaşların saatlarla avtomobil tıxaclarda qalması onlara maddi və mənəvi ziyan vurur. Bu vaxt əlavə benzin sərf edilir, vaxt itirilir. Kütləvi psixoz yaranır. İnsanların əsəbləri korlanır. Bu işdə və ailədə də problemlər yaradır. Məmurlar əllərindəki imkandan belə özbaşına istifadə edib vətəndaşların hüququnu pozmamalıdırlar».


Bakıdakı tıxaclar mənə ötən il Tbilisidə müşahidə etdiyim bir hadisəni xatırladır. Prezident Mixail Saakashvili ənənəvi festivalın iştirakçıları ilə görüşürdü. Gənclər, yeniyetmələr isə onun bir az aralıda dayanmış prezident maşınına sürtünərək sərbəstcə o tərəf bu tərəfə keçirdilər. Saakaşvilinin nə gəlişi, nə də gedişi heç kimin hərəkətinə mane olmurdu…


Günün bütün mövzuları

XS
SM
MD
LG