Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:29

«Azərbaycan beynəlxalq öhdəliklərə tam biganədir»


«İndi bütün tövsiyələr yerinə yetirilsə belə, artıq ədalətli seçkilər keçirmək mümkün deyil»

«İndi bütün tövsiyələr yerinə yetirilsə belə, artıq ədalətli seçkilər keçirmək mümkün deyil»

Prezident seçkisinə artıq üç aydan da az bir vaxt qalıb. Ancaq Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycanla bağlı qəbul edilən tövsiyələrin yerinə yetirilib-yetirilməyəcəyi hələ də maraqla gözlənilməkdədir. Avropa Şurasının sessiyasında Azərbaycanla bağlı qəbul edilən 22 bəndlik qətnamədə jurnalistlərin azadlığa buraxılması, seçki komissiyalarının paritet əsasda formalaşması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, namizədlərə bərabər imkanların yaradılması, işgəncə hallarının araşdırılması və başqa tövsiyələr əksini tapmışdı.

Qətnamədə deyilirdi ki, məhz prezident seçkisinin azad və ədalətli keçirilməsi bu tövsiyələrdən asılıdır.


Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, bu tövsiyələrə biganə münasibət hakimiyyətin azad və ədalətli seçkilər keçirmək niyyətində olmadığını göstərir:


«Ən önəmli tövsiyələr jurnalistlərin azadlığa buraxılması, sərbəst toplaşmaq azadlığının tam həcmdə təmin edilməsi və komissiyaların paritet əsasda formalaşdırılmasıdır. Bu tövsiyələr yerinə yetirilərsə, seçki seçkiyə oxşayar».


İsa Qəmbər deyir ki, Avropa Şurasının yetkililəri bu tövsiyələrin yerinə yetirilməsində ciddi israr nümayiş etdirmirlər. Bu isə onun fikrincə, sözügedən qurumun mövcud şəraitlə barışdığı kimi başa düşülə bilər.


Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova isə deyir ki, əslində həm sərbəst toplaşmaq azadlığı, həm də namizədlərə bərabər imkanlar yaradılması ilə bağlı problem yoxdur. Düzdür, Aslanova etiraf edir ki, müxalifət istədiyi yerdə kütləvi aksiya keçirə bilmir. Ancaq onun fikrincə, əsas məsələ odur ki, hakimiyyət kütləvi aksiyalar keçirmək məsələsində özü üçün ayrıca şərait yaratmayıb. Millət vəkili jurnalistlərin seçkiyə qədər azadlığa buraxılacağını isə real saymır:


«Jurnalistlər peşə fəaliyyətlərinə görə həbs edilməyiblər. Onlar öz qanunsuz əməllərinə görə həbs ediliblər».


O, seçki komissiyalarının yenidən formalaşmasını da nə real, nə də zəruri hesab edir.


Politoloq İlqar Məmmədov isə seçkiyə qədər bəzi tövsiyələrin yerinə yetiriləcəyinə ümid bəsləyir. O, hesab edir ki, prezidentin jurnalistləri əfv edəcəyinə ümid bəsləmək olar. Məmmədov deyir ki, hakimiyyət seçkiöncəsi görüntü baxımından olsa da güzəştə getməyə məcburdur, amma bütövlükdə, beynəlxalq rəyləri nəzərə almır:


«Azərbaycan beynəlxalq öhdəliklərə tam biganədir. Buna «resurs millətçiliyi» deyirlər. Dünya bu təcrübəyə bəzi Afrika və Latın Amerikası ölkələrində rast gəlib. Neft və başqa resurslardan onlar özlərini daha güclü hesab edib sivil dünya ilə hesablaşmırlar. Ona görə hətta normal səsverməyə belə heç bir şans yoxdur».
İlqar Məmmədov deyir ki, hətta indi bütün tövsiyələr yerinə yetirilsə belə, artıq ədalətli seçkilər keçirmək mümkün deyil. Çünki ədalətli seçkinin təməli elə əvvəlki seçkidən dərhal sonra qoyulmalıdır. Onun fikrincə, sadəcə indi həmin tövsiyələr yerinə yetirilərsə, hakimiyyət demokratik seçkilərlə bağlı iradə nümayiş etdirmiş olar.


XS
SM
MD
LG