Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15

İlham Əliyevin Ağ Evə yolu haradan keçir?


«Lobbist şirkətə verilən pulların bir hissəsi Buş administrasiyasına da yol tapıb»

«Lobbist şirkətə verilən pulların bir hissəsi Buş administrasiyasına da yol tapıb»

İngiltərənin «Sunday Times» qəzetinin 13 iyul sayında amerikalı lobbist Stiven Peynin Mərkəzi Asiya və Azərbaycan hökumətləri üçün gördüyü qanunsuz lobbi fəaliyyətindən söz açılır.


Məqalədə deyilir ki, « Worldwide Strategic Partners » (WSP) lobbi şirkətinin rəhbəri Stiven Peyn Azərbaycan və Mərkəzi Asiya ölkələri hökumətlərinin, özbək müxalifətinin siyasi sifarişlərini yerinə yetirib.


ABŞ prezidenti Corc Buş və vitse-prezidenti Dik Çeyniyə yaxınlığı ilə tanınan Peyn həmçinin, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Məşvərət Şurasının üzvüdür.


Qəzetə araşdırmanı aparmağa Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qətlə yetirilmiş kürəkəni Timur Kulibayovun keçmiş müşaviri, 2006-cı ildə Qazaxıstandan qaçmış Yerjan Dosmuhammedov kömək edib.


«Sunday Times»ın xahişi ilə Dosmuhammedov guya keçmiş qırğız prezidenti Akayevin özünün dünyadakı imicini düzəltmək istəməsi barədə saxta bir hekayə ilə Peynə yaxınlaşıb. Peyn Dosmuhammedovla Londonun «Lansboro» otelinin restoranında görüşüb. O, görüşdə iştirak edən üçüncü şəxsin müxbir olduğunu bilməyib.


Görüşdən gizli çəkilmiş videoda S. Peyn 600-750 min dollar müqabilində Əsgər Akayevin Dik Çeyni, Kondoliza Rays və digər yüksək vəzifəli rəsmilərlə görüşünü təşkil etməyə boyun olur.


Qəzetin yazdığına görə, bu arada lobbist pulun 200-250 min dollarının birbaşa Corc Buş kitabxanasının hesabına köçürülməsini istəyib.


Qəzet yazır ki, bu cür kitabxanalar prezidentlərin xatirəsini əbədiləşdirmək üçün yaradılır və seçki kampaniyalarından fərqli olaraq, onların xaricdən ianə almasına maneə yoxdur.


Amerikada daha qısa adla – Erik Dos kimi tanınan Yerjan Dosmuhammedov deyib ki, hələ 2005-ci ilin payızında Qazaxıstan hökuməti Timur Kulibayev vasitəsilə ondan Dik Çeyninin Qazaxıstana səfərini təşkil etməsini istəyib. Məqsəd də ölkənin beynəlxalq mövqeyini gücləndirmək olub. Beləliklə də, Dos bir neçə günü Peynlə danışıqlara sərf edibmiş. Nəticədə razılıq əldə olunub və onun anladığına görə, Qazaxıstanın neft-qaz şirkətləri vasitəsilə Peynin firmasına 2 milyon dollar ötürülüb.


May ayında isə ABŞ vitse-prezidenti Çeyni Qazaxıstana qısamüddətli səfər edir. Qəzet yazır ki, o vaxt onun Nazarbayevə yağdırdığı təriflər xüsusi diqqət çəkibmiş. Media xüsusilə qeyd edibmiş ki, Çeyninin Qazaxıstandakı bəlağətli nitqi ilə onun bir gün əvvəl Litvada etdiyi çıxışda Rusiyada demokratiyanın boğulması barədə dedikləri təzad təşkil edir.


Dos hesab edir ki, lobbist şirkətə verilən pulların bir hissəsi Buş administrasiyasına da yol tapıb.


S. Peyn Çeyninin Qazaxıstana səfərini təşkil etdiyini Dosla söhbətində təsdiqləyib, amma Qazaxıstanla bağlı hər hansı təşkilatdan pul almadığını deyib. Lakin o boynuna alıb ki, keçmişdə Pakistan və Azərbaycandan olan şəxslərdən etdiyi yardıma görə pul alıb.


Ağ Evdən qəzetə bildiriblər ki, Buş kitabxanasına edilən ianələrlə onun administrasiyasının hərəkətləri arasında heç bir əlaqə yoxdur.


Amerika qanunvericiliyinə əsasən, hər hansı əcnəbinin siyasi maraqlarını təmsil edən şəxs agent kimi qeydiyyatdan keçməlidir. Əks halda, həmin şəxsi cərimə, yaxud həbs cəzası gözləyir.


«Sunday Times» yazır ki, Peyn və onun lobbi şirkəti əcnəbilərlə bağlı işləri Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyiblər.


Azərbaycanla bağlı işlərə gəldikdə, Peyn sifarişlərin qeydiyyatdan kənar olmasını belə izah edib ki, Azərbaycan üçün gördüyü işlər siyasi mövqeli olmayıb.


Halbuki, qəzetin saytında surəti təqdim olunan korporativ profayl kitabçasında Azərbaycanla bağlı aşağıdakı işlərin görüldüyü qeyd edilir:


- Azərbaycan hökumətinin 3 il çalışdığı, amma nail ola bilmədiyi bir işi görüb – Azərbaycan prezidentinin ABŞ-a səfərini və prezident Buşla görüşünü təşkil edib;


- 2005-ci il noyabr seçkilərindən öncə ABŞ vitse-prezidentinin Azərbaycan prezidentinə şəxsi telefon zəngini təşkil edib;


- Azərbaycan Xarici İşlər nazirinin Birləşmiş Ştatlara səfəri zamanı bir sıra görüşləri təşkil edib;


- ABŞ mətbuatında tənqidin azaldılması məqsədilə ABŞ Konqresinin Helsinki Komissiyasının üzvləri ilə noyabr seçkilərindən sonra iş aparıb;


- Azərbaycan müxalifətini nüfuzdan salmaq üçün mediada aqressiv kampaniya apararaq, hökumətin seçki ilə bağlı məhdudiyyətləri qüvvəyə mindirməsinə yardımçı olub;


- ABŞ Konqresinin arxivinə yerləşdirmək məqsədilə bir sıra məqalə və nitqləri təşkil edib;


- «İpək Yolu -2» qanun layihəsinin yazılmasına yardımçı olub.


- ABŞ-da Azərbaycan haqda ictimai rəyi yaxşılaşdırmaq üçün nüfuzlu Amerika siyasətçilərinin köşə yazılarını təşkil edib. Həmin siyasətçilərə senator Key Beyli Hatçison və Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş yardımçısı Elizabet Cons da daxil imiş.


Bütün bunlar «Sunday Times» qəzetində dərc olunan «Stiven Peyn – Sizi Ağ Evə Apara Bilən Lobbiçi» məqaləsindən parçalar idi.


«Sunday Times» qəzetinin yazdıqları Azərbaycanın siyasi düşərgəsində birmənalı qarşılanmayıb.


AXCP sədri Əli Kərimli «Azadlıq» radiosuna deyir ki, onlar da AXC hakimiyyəti dövründə ABŞ-da lobbiçiliklə məşğul olan bir firmayla müqavilə bağlayıblar. Həmin müqaviləyə görə, Amerika mətbuatında Kəlbəcərin erməni silahlı quvvələri tərəfindən işğal edilməsilə bağlı məlumatlar yayılmalıydı. Ancaq Ə.Kərimli deyir ki, Azərbaycanın indiki hakimiyyəti apardığı lobbiçilik fəaliyyətində milli yox, şəxsi maraqları əsas götürüb:


«Neft pulları nəinki Azərbaycan xalqının seçkidə səsinin alınmasına yönəldilir, həm də beynəlxalq təşkilatların loyal münasibəti üçün xərclənir».


YAP Siyasi Şurasının üzvü Mübariz Qurbanlı isə Azərbaycan hakimiyyətinin ABŞ-ın siyasi dairəsində lobbiçilikdən istifadəsini istisna etmir. Amma deyir ki, Birləşmiş Ştatlar Azərbaycanla demokratik ölkə kimi rəftar edir:


«Ona görə də orda səslənən fikirləri mən ucuz sensasiya sayıram».


Politoloq Leyla Əliyeva isə hakimiyyətin lobbiçilik fəaliyyətini maliyyələşdirməsini təbii sayır. Amma deyir ki, bu zaman dövlətin, yoxsa rejimin maraqlarının güdüldüyünü araşdırmaq lazımdı:


«Biz məqalədə məhz rejimin maraqlarını müdafiə edən iddiaları görürük».


Digər politoloq İlqar Məmmədov isə deyir ki, Stiven Peynin sözlərindən uzağa gedən nəticələr çıxarmaq olmaz. Onun sözlərinə görə, heç bir hakimiyyət Vaşinqtonun strateji siyasi kursuna, siyasətinə təsir edə bilməz. Məmmədovun fikrincə, əgər prezidentlərin görüşü Amerikanın maraqlarına zidd deyilsə, «yox» demirlər. Politoloq düşünür ki, İlham Əliyev iki və ya on milyon dollarla ABŞmerika siyasətinə təsir göstərə bilməz.


Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim isə məsələni şərh etmək istəmədi. Onun sözlərinə görə, rəy vermək üçün məlumatla ətraflı tanış olmalıdırlar.


ABŞ-ın Azərbaycandakı səfirliyindən də deyirlər ki, «Sunday Times» qəzetindəki məqalədə səslənən iddialarla bağlı öz mövqelərini ictimaiyyətə açıqlayacaqlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG