Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:09

«Endirim» fırıldağı …


«Endirimlərin həqiqəti əks etdirmədiyi barədə istehlakçılar narazılıqlarını bildirirlər»
«Endirimlərin həqiqəti əks etdirmədiyi barədə istehlakçılar narazılıqlarını bildirirlər»

«Bütün mallara 70 faiz endirim» – bu cümləni mağazanın üstündə görüb ora necə baş vurmamaq olar? 100 manatlıq şalvarı 30 manata kim almaq istəməz ki? Elə ona görə də paytaxtın geyim mağazalarında müştəri əlindən tərpənmək mümkün deyil. Onların arasında endirimli paltar almaq arzusunu qapıdaca boğanlar da var. Tələbə Ayaz kimi: «Müştərini, əsasən xarici müştəriləri cəlb etməkdən ötrü «skidka», «sale» yazırlar. Ancaq fakt etibarilə endirimlər demək olar ki, yoxdur».


Ayazın üz tutduğu mağazalar Nizami küçəsi boyunca düzülənlərdəndir. «50 faiz endirim» kampaniyasına aldanmağını da o özü üzə çıxarıb:


«Mən sadəcə həmin endirimləri yoxlamışam. Müəyyən bir müddət getdiyim mağazaya üstündə endirim yazılandan sonra bir daha getmişəm və demək olar ki, heç bir fərq görməmişəm. Fərq varsa da, çox cüzidir».


Alıcı Kamina da Ayazın fikirlərini paylaşır. Deyir ki, mağazanın qarşısında 70 faiz endirim yazılsa da, içəridə seçdiyin geyimin 10 faiz endirimlə satıldığı deyilir. Kamina bildirir ki, bununla müştəriləri şirnikləndirib aldadırlar:


«Köhnə mallara köhnə qiymətləri saxlayaraq endirim edirlər. Sadəcə əvvəlki qiymətin üstündə başqa rəqəm yazırlar və xətt çəkirlər. Halbuki xaricdə daha keyfiyyətli məhsulları endirimlə satırlar. Üstəlik, xaricdə həmin keyfiyyətli mallara daha yüksək endirimlər edirlər, nəninki bizim Azərbaycanda».


Azad İstehlakçılar Birliyi Ayaz və Kamina kimi müştərilərdən həftədə 2-3 dəfə şikayət zəngi qəbul edir. Birliyin sədri Eyyub Hüseynov:


«Endirimlərin həqiqəti əks etdirmədiyi barədə istehlakçılar narazılıqlarını bildirirlər. Dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda böyük, parıldayan rəqəmlərlə müştərini özlərinə cəlb edirlər. Reallıqda isə orda göstərilən endirim müşahidə olunmur. Bu, çox ciddi problemdir».


Bakının Nizami küçəsindəki endirimli mağazalardakı satıcılar nə aldanan müştərilərin, nə də ekspertin dediklərilə razılaşır. Satıcı Pərvanə Quliyeva deyir ki, endirim zamanı müştərilərin sayı xeyli artır, iş rejimi daha çətin olur:


«Məsələn, bu yay köynəyi indi 23 manatdır. Bunlar endirimlə 9 manata düşür. Bu, 60 faiz endirim deməkdir. Bu şalvarsa 74 manatdır. Endirimlə 21 manata veririk. 74 manata endirimlə 3 şalvar almaq olar».


Satıcı deyir ki, daha yüksək endirim qış geyimlərinədir. O etiraf edir ki, köhnə mallardan yaxa qurtarmağın ən yaxşı yolu elə endirimlərdir:


«Köhnə mallarımız endirimlə yaxşı gedir».


İqtisadi İnkişaf Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev isə deyir ki, endirim kampaniyalarında istehlakçıların hüquqlarının qorunması ilə nazirliyin qurumu – Antiinhisar Departamenti məşğul olur. Aparılan yoxlamalar bu sahədə bir sıra nöqsanlar üzə çıxarıb:


«Antiinhisar xidməti bu hallara qarşı qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görür, o cümlədən bura cərimə sanksiyalarının tətbiqi də aiddir».


Ölkədə endirim kampaniyalarının keçirilməsi qaydaları heç bir qanunla tənzimlənmir.


Endirimli mal alanda aldanmaq istəməyənlərin yeganə istinad mənbəyi «İstehlakçıların hüquqlarının qorunması haqqında» qanundur. Bu qanun alıcıya icazə verir ki, malın ilkin qiymət sənədlərini tələb edib indiki sənədlərlə müqayisə edərək endirimin həqiqi olub-olmadığını yoxlasın.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG