Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:55

Beynəlxalq Universitetin taleyi…


ABU-da təhsil alan 400-ə yaxın tələbənin şəxsi işləri qaydasında olmayıb
ABU-da təhsil alan 400-ə yaxın tələbənin şəxsi işləri qaydasında olmayıb
«Bizim yol» «Ekspress» qəzetləri

Qəzetlər Azərbaycan Beynəlxalq Universitetinin rektorunun harada olması və Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi arasındakı münaqişəyə geniş yer ayırıb.


«Bizim yol» qəzeti universitet rektorunun ölkəni tərk etdiyini yazır, təhsil naziri Misir Mərdanov isə «Ekspress» qəzetinə açıqlamasında Elşad Abdullayevi hələ də tapa bilmədiyini deyib.


«ABU rektoru Elşad Abdullayev hələ də tapılmayıb. Onun tapılması barədə mətbuatda gedən məlumatlar səhvdir», - deyə Təhsil naziri «Ekspress»ə bildirib: «Mən demirəm ki, o qaçıb. Biz onu axtarırıq ki, universitetdə yaranmış problemi həll edək, amma hələlik rektoru tapa bilməmişik».


Amma elə həmin qəzet yazır ki, Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov Elşad Abdullayevin harada olduğunu müəyyənləşdirib. Qəzetin yazdığına görə, rektor nazirliyə zəng edərək Moskvada müalicədə olduğunu bildirib.


«Bizim yol» İlham Pirməmmədova istinadən ölkə prezidentinin ABU-dakı problemlərdən xəbərdar edildiyini yazır.


«Hələ ötən il ABU-da təhsil alan 400-ə yaxın tələbənin şəxsi işləri qaydasında olmayıb. Belə ki, həmin tələbələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qərarı olmadan universitetə qəbul olunub. Üstəlik, onlardan bir qisminin imtahan kəsirləri olduğu, bir qisminin isə istehsalat təcrübəsi keçmədiyi müəyyənləşib».


İ. Pirməmmədov: «Biz bu məsələni araşdırdıqdan sonra dövlət imtahanlarına buraxıla biləcək tələbələrin siyahısını universitetə təqdim etdik. Ancaq nöqsanları aradan qaldırmadan və bizim xəbərimiz olmadan bütün tələbələrə qiymət yazıblar».


«Azadlıq» qəzeti


«Bizi ən çox siyasiləşməkdə qınayırlar. Az qala bütün bəlaları da bu yerdə axtarırlar. Təkcə özümüz yox, beynəlxalq təşkilatların da təmsilçiləri bunu bizə irad tutur. Adam özü-özündən xoflanır. Yəni bizim başqa məşğuliyyətimiz, başqa sahələrə marağımız yoxdur?».


«Azadlıq» qəzeti cəmiyyətin siyasiləşməsi ilə bağlı iddiaları sual altına qoyur.


Müəllif internetdə xəbərlərin oxunma statistikasını yoxlayaraq müəyyənləşdirib ki, şou-biznes xəbərlərini oxuyanların sayı siyasi xəbərləri oxuyanlardan dəfələrlə çoxdur.


«Bu gün Azərbaycan oxucusunu daha çox nə düşündürür, onun maraq dairəsinə daha çox hansı məlumatlar, xəbərlər daxildir? Yaxşı ki, internetdə bunun çarəsini tapıblar. Hər xəbərə sayğac qoyulub və bu xəbəri neçə nəfərin oxumasını bilmək bir klavişi basmaqla mümkün olur…


Düşünürəm ki, Qarabağla bağlı hər hansı informasiya Azərbaycan oxucusunu maraqlandıra bilər. Bu istəklə Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının direktoru Sabina Freyzerin açıqlamaları diqqəti çəksin gərək... Nəticəyə fikir verin; bu xəbəri cəmi-cümlətani 16 nəfər oxuyub...


Maraq üçün internetdə başqa ünvanlara üz tuturam. Daha doğrusu, siyasi olmayan xəbərlərin sayğacına baxıram. Teymur Əmrahın Mehriban İsayevanı dişləməsi ilə bağlı informasiyaya 115 oxucu diqqət yetirib. Xuraman Şuşalının avqust ayında ərə gedəcəyi barədə yaydığı xəbəri isə 111 nəfər nəfəs dərmədən izləyib. Çünki saytda müğənninin şəkilləri də yerləşdirilib...»



«Yeni Azərbaycan» qəzeti


«Hərəsinin sırasında barmaqla sayılacaq qədər tərəfdarı qalan bu (müxalifət – red.) partiyalar hansı əsaslarla iddia irəli sürməkdə davam edir, göylə gedir, başa düşülən deyil».


«Yeni Azərbaycan» qəzetində deyilir ki, nə Müsavat Partiyası, nə AXCP, nə AMİP, nə də ADP ötən 15 ildə bir addım irəliləyə bilməyib. Əksinə, haradan gəlmişdilər, ora qayıdırlar.


Məqalə müəllifi yazır: «Məndən inciməsinlər, amma onların heç biri XXI əsrdə partiya göstəricilərinə, standartlarına, intellektual tələbinə cavab vermirlər.


Gəlin görək, onların 15 il müxalifətdə olduğu zaman kəsiyində ölkəmizdə nə dəyişib. Nə iqtisadi, nə də sosial məqamların üzərində dayanmayacağam. Sadəcə, bir faktı deyim ki, 1990-93-cü illərdə azərbaycanlıların həyatının böyük bir parçası olan SİYASƏT həyatımızdan kənarlaşıb…


Bir zamanlar siyasətlə qalxan, siyasətlə yatan, siyasətlə çörək yeyən, evlənən, boşanan, anadan olan və ya ölən millətimiz bu yükdən azad olur...»



«Yeni Müsavat» qəzeti


Avropa İnsan Haqları Məhkəməsi Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin iddiasını təmin edib... Azərbaycan hakimiyyətini 1500 avro məbləğində cərimələyib.


«Yeni Müsavat» yazır ki, həm cərimə məbləğinin azlığı, həm də prosesin həddən artıq uzun müddət çəkməsi Avropa Məhkəməsi ilə bağlı Azərbaycan ictimaiyyətinin ümidlərini azaldır.


«Belə ki, 3 il öncə Avropa Məhkəməsinə müraciət edən Əhrar sədrinə ləng cavab verilməsi, üstəlik qarşılaşdığı polis təzyiqinə görə cəmi 1500 avro kompensasiya ödənilməsi yerli ekspertlər tərəfindən tənqidlə qarşılanır. Belə ki, şikayətçinin müalicə, vəkil xərcləri, habelə bu müddət ərzindəki inflyasiya həddinin yüksəlməsi bu məbləğin səmərəsizliyə işarədir...».


Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı Avropa Məhkəməsindən ancaq Azərbaycanın şikayətçi olmadığını söylədi. Məhkəməyə öncə şikayət gedir, sonra buna hansısa palata qrupu baxır və hökumətə suallar göndərir. Növbəti mərhələdə isə hökumətin verdiyi cavablarla bağlı cavab hüququ şikayətçiyə verilir. Nəhayət, bu mərhələdən sonra işə baxılır: «Vaqif Hacıbəylinin işi 2005-ci ildə Avropa Məhkəməsinə verildi və ona 3 il müddətində baxıldı. Amma elə işlər var ki, onlara 6-7 il baxılır».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG