Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:03

Hakimlərin səlahiyyətinin uzadılmasında məqsəd nədir?


Məhkəmənin doqquz hakimindən altısının hakimlik dövrü gələn həftə başa çatır
Məhkəmənin doqquz hakimindən altısının hakimlik dövrü gələn həftə başa çatır
Bir neçə gündən sonra, iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimlərinin əksəriyyətinin səlahiyyət müddəti bitir. Belə ki, məhkəmənin doqquz hakimindən altısının, yəni 1998-ci ildə təyin olunmuş ilk heyətin 10 illik hakimlik dövrü gələn həftə başa çatır. Amma Milli Məclis yay tətilinə getməzdən öncə, «Konstitusiya Məhkəməsi haqqında» qanuna əlavə və dəyişiklikləri qəbul edib. Həmin dəyişikliyə görə, Konstitusiya Məhkəməsinin hakimləri səlahiyyət müddəti bitdikdən sonra da yeni hakim təyin olunana qədər vəzifələrini icra etməyə davam edəcəklər.


Hüquqşünas Erkin Qədirli deyir ki, məhkəmə fəlsəfəsinə uyğun olaraq, hakim səlahiyyət müddəti bitəndən sonra o zaman vəzifələrini icra edə bilər ki, icrasında iş olsun. Amma praktikada yeni hakim təyin olunana qədər səlahiyyət müddətinin davam etdirməsi kimi hal yoxdur:


«Güman ki, hakimliyə namizədlər barədə yekdil rəy yoxdur. Sonradan qanuna düzəlişlər etdilər ki, hakimlərin səlahiyyət müddəti başa çatana qədər yeniləri təyin olunmasa, qeyri-müəyyən müddətə qədər vəzifələrini davam etdirə bilərlər. Qeyri-müəyyən müddət isə nə qədər olacaq, onu demək olmur. Çünki qanuna düzəliş son müddəti təyin etmir».


Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayev isə deyir ki, parlamentin qəbul etdiyi dəyişiklikləri prezident hələ ki, imzalamayıb. Dəyişikliklərin qüvvəyə minməsi üçün prezident fərman verməlidir:


«Əgər prezident Milli Məclisin qərarı ilə hakimlərin səlahiyyətini artırmasa, yeniləri təyin olunmalıdır. Bunlardan təkrar 10 illiyə təyin olunanı da ola bilər».


Amma bəzi ekspertlər hesab edirlər ki, hökumət hələlik Konstitusiya Məhkəməsinin hakimlərini təyin etməyə tələsmir. Çünki qarşıdan prezident seçkisi gəlir və Konstitusiya Məhkəməsinin seçkinin nəticələrinə təsir etmək səlahiyyəti var. Hüquqşünas Erkin Qədirli güman edir ki, bu səbəbdən hökumət hakimlərin kimliyinə həssas yanaşır. Prezident seçkisi ərəfəsində birdən-birə 6 hakimi dəyişmək, ya da əvəzləməyə tərəddüd edir:


«Hakimiyyət istəyir ki, prezident seçkisinin nəticələri mümkün qədər az şübhə doğursun. Buna necə nail olacaq bilmirəm, ancaq buna nail olmağın yollarından biri də Konstitusiya Məhkəməsinin üzvlərinin prezident seçkisinin hakimiyyəti qane edə biləcək nəticələrini problemsiz təsdiqləməsindən ibarətdir. Elə adamlar lazım ola bilər ki, prezident seçkisini ehtimal olunan qanun pozuntularına baxmayaraq, hakimiyyətin indiki namizədinin lehinə təsdiqləyə bilsin».


Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev isə bu fikirlərlə razılaşmır. O deyir ki, hakimlərin səlahiyyəti «Konstitusiya Məhkəməsi haqqında» qanunla müəyyənləşir. Qanun isə Milli Məclis tərəfindən qəbul edildiyindən ona əlavə və dəyişikliklər ola bilər. Amma Nuriyev hesab edir ki, yeni təyinata qədər hakimlərin səlahiyyətinin qeyri-müəyyən müddətə uzadılması digər seçkili qurumlar üçün presedent yarada bilər. Digər tərəfdənsə, Ə.Nuriyev hakimlərin təyinatının uzadılmasının prezident seçkiləri ilə əlaqəli olduğuna inanmır:


«Mən düşünmürəm ki, bu, ciddi əsaslara söykənən arqumentlərdi».


İyulun 14-də Konstitusiya Məhkəməsinin 10 illik yubileyidir. İlkin olaraq yeddi hakimdən ibarət tərkibdə fəaliyyətə başlayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG