Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:44

Bakıda qeyri-təbii səslərin səviyyəsi çoxalıb


Bakıda qeyri-təbii səslərin səviyyəsi 20-30 il qabaqla müqayisədə bir neçə dəfə çoxdur

Bakıda qeyri-təbii səslərin səviyyəsi 20-30 il qabaqla müqayisədə bir neçə dəfə çoxdur

Bakının əksər küçələrində bütün günü səs-küy əksik olmur. Böyük şəhərlərdə səsdən qulaq tutulması bəlkə də kimlərəsə normal görünə bilər, ancaq həkimlər deyirlər ki, yüksək səs-küy insan sağlamlığına ziyandır. Məsələn, yaşayış evlərində, evlərin ətrafında səs-küy norması 45-55 desibeldir. Bundan artıq səs-küy, vibrasiya insanın əhvalına, iş qabiliyyətinə pis təsir göstərir, onda aqressiyanı artırır, eşitmə qabiliyyətini zəiflədir.


Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov hesab edir ki, hazırda Bakıda qeyri-təbii səslərin səviyyəsi 20-30 il qabaqla müqayisədə bir neçə dəfə çoxdur. Bu isə şəhərdə aparılan tikinti işləri və maşınların sayının kəskin artması ilə əlaqədardır:


Səs-küy əslində ətraf mühitin fiziki çirklənməsi deməkdir. Səs-küy çirklənməsini daha çox rayonlardan, ya da xaricdən paytaxta gələnlər hiss edirlər.


Prezident İlham Əliyev iyulun 8-də ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmana görə, səs-küy normaları təsdiq edilməli, Nazirlər Kabineti bir ay müddətində nəqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, o cümlədən insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyəsinə nəzarəti həyata keçirmək üçün təkliflər hazırlamalıdır.


Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının üzvü Musa Quliyev deyir ki, yeni qaydalarla restoran, kafe-bar, kinoteatrlardakı səsləri də tənzimləmək mümkün olacaq:


«Bakı şəhəri son illər həddən artıq yüklənib. İnsanların, texnikanın, şadlıq evlərinin çoxluğu, hər gün keçirilən tədbirlər sağlam adamlara mənfi təsir göstərir, o da qaldı səhhətində problem olanlara. İnsan qulağının qəbul etdiyi müəyyən diapazon var. Bu saat şadlıq evlərinin hamısında normal insan qulağının qəbul etdiyi diapazondan artıq səs-küy var».


Musa Quliyev deyir ki, əvvəllər də səs-küy, vibrasiyanı tənzimləyən normalar var idi, amma ona nəzarət mexanizmi yox idi. İndi prezidentin fərmanı ilə bu mexanizm müəyyənləşib.


Ekoloq Telman Zeynalov isə hesab edir ki, fərmandan qabaq müvafiq sənədləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Yol Polisi İdarəsi birgə hazırlamalıydı. Və qeyd edilməliydi ki, əgər səs-küy 10 desibeldən artıq olsa, onda həmin sürücü ya böyük məbləğdə cərimələnəcək, ya da avtomobildən məhrum ediləcək. Ekoloq hesab edir ki, əks təqdirdə bu kimi fərmanların xeyri olmayacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG