Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:01

Köçürmə məharəti bəzi abituriyentlərin köməyinə çatdı


Valideynlər uşaqlarının imtahandan çıxmasını gözləyirlər, 8 iyul 2008

Valideynlər uşaqlarının imtahandan çıxmasını gözləyirlər, 8 iyul 2008

İyulun 8-də 1-ci qrup üzrə ali məktəblərə qəbul imtahanları keçirildi. Azərbaycan Texniki Universitetinin əsas binasından çıxan abituriyentlərin arasında ağlayanlar da vardı, deyib-gülənlər də.


Abituriyentlərin bəziləri valideyninə imtahan suallarının asan olduğunu desə də, bəziləri köçürmə məharətlərindən ürək dolusu danışırdı:


- Suallar çətin, nəzarət güclü idi, dörd sualın cavabını köçürmüşəm. Çətinliklə arxada oturandan baxıb köçürdüm.


- Özümüz yazdıq, bir yerdə oturmuşduq, bir-birimizə kömək etdik.


- Nəzarət güclü idi deyə köçürə bilmədim, ona görə də hirslənib imtahandan tez çıxmışam.


İmtahanda köçürmə hallarının olmasını nə ekspertlər, nə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) istisna etmir. Ancaq TQDK-nın əməkdaşı Elnur Nağızadə deyir ki, imtahana polis, mühafizə xidmətinin əməkdaşları nəzarət edir. Abituriyentlərə imkan verilmir ki, imtahan zalına mobil telefon, yaxud şparqalka keçirsinlər. Elnur Nağızadəyə görə, köçürmə halları nəzarətçi müəllimin gözündən yayınsa da, sonradan TQDK bunu aşkar edə bilir:


«3-cü qrupa imtahan verən 16 nəfərin nəticəsi ləğv olunub. Çünki onlar bir-birindən köçürmüşdülər. Bu, onların cavablarının üst-üstə düşməsi ilə müəyyən olunur».


Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü isə hesab edir ki, test sistemi ilə qəbul imtahanları keçirilməyə başlayandan köçürmə hallarının sayı ilbəil azalmaqdadır. Digər tərəfdən, imtahana fənn müəllimlərinin deyil, əmək, bədən tərbiyəsi müəllimlərinin cəlb edilməsi köçürmə riskini azaldır. Amma Məlahət Mürşüdlü qeyd edir ki, hələ də başqa mənfi hallar, məsələn, bəzi valideynlərin qızıl üzük, yaxud pul verərək, nəzarətçi müəllimi şirnikləndirmə halları tamamilə aradan qalxmayıb:


«Müəllimlər var ki, onun auditoriyasında köçürmələr baş verib, o halda onlar 2-ci ili imtahanlara cəlb edilməyiblər, ya da onlara çatacaq məvacib verilməyib. Biz keçən il üç belə halla rastlaşmışıq. Yəqin bu il də olacaq».


Ali məktəblərə qəbul imtahanları bu il əvvəlkindən fərqli olaraq, daha tez başlayıb. İyunun 29-da 3-cü, iyulun 8-də 1-ci ixtisas qrupuna imtahanlar keçirilib. Bu günkü imtahanda təxminən 37.000 abituriyent iştirak edib. Onlardan ən yaşlısının 52, ən gəncinin isə 15 yaşı var.


Birinci qrup üzrə sənəd verənlərin imtahan nəticələri iyulun 12-də açıqlanacaq. Ancaq bəzi abituriyentlər xeyli nikbin idilər, artıq özlərini universitet tələbəsi kimi görürdülər.


Ali məktəblərə növbəti qəbul imtahanı 6 gündən sonra keçiriləcək. İyulun 14-də 2-ci, iyulun 20-də isə sonuncu - 4-cü qrupa imtahanlar keçiriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG