Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:41

«Müstəqillik əldə etdikdən sonra uşaqların istirahətini məhv etdik»


Çingiz Mustafayev adına uşaq düşərgəsində 22 günün qiyməti 220 manatdır
Çingiz Mustafayev adına uşaq düşərgəsində 22 günün qiyməti 220 manatdır

Həmkarlar İttifaqları Konfederasiyasının məlumatına görə, hər il düşərgələrdə 2400-ə yaxın məktəbli istirahət edir. Amma bu göstərici əslində elə də böyük deyil. Nəzərə alsaq ki, Azərbaycanda 7 yaşından yuxarı 1 milyon yarımdan artıq uşaq var və sovet dövründə 600-700 min uşağın düşərgələrdə istirahət etmək imkanı vardı, onda 2400-ün kiçik rəqəm olduğunu görmək çətin deyil.


Həmkarlar İttifaqları Konfederasiyası Aparatının rəhbəri Həsən Cəfərov deyir ki, onlar bu il uşaqların istirahətini yalnız dörd düşərgədə təşkil edə bilib. Bu da təmsil etdiyi təşkilatın maliyyə çatışmazlığı ilə bağlıdır. Onun sözlərinə görə, düşərgələrin ikisi Mərdəkanda, ikisi isə Nabranda yerləşir.



Həmkarların yolu ilə istirahət valideynlərə aya cəmi 12 manat 50 qəpiyə başa gəlir. Belə ki, valideyn yollayışın cəmi 10 faizinin ödənişini edir, qalan məbləğ isə həmkarlar təşkilatları və təsərrüfat orqanlarının hesabına ödənilir. Həsən Cəfərov: «Bu il dörd sağlamlıq düşərgəsində istirahət edən uşaqların təxminən 1200 nəfəri tam güzəştlə, yəni tamamilə pulsuz istirahət edəcək. Bu, həmkarlar və təsərrüfat orqanlarının birgə çıxartdığı qərar əsasındadır. Onların maddi durumu nəzərə alınaraq bu qərar verilib».


29 ildir uşaq düşərgələrindən birinə rəhbərlik edən Raqif Şirəliyev isə deyir ki, hazırda bütün düşərgələr maddi problemlə üzləşib. Əksəriyyəti sovet dövründən sonra ya özəlləşib, ya da bağlanıb. Amma təmsil etdiyi Daxili İşlər Nazirliyinin (DİN) Çingiz Mustafayev adına uşaq düşərgəsi bu dövr ərzində bir dəfə də olsun qapanmayıb. Düşərgəyə bu gün də yüzlərlə uşaq gəlir:


«İndi hər növbədə 100 nəfər olur. Üç növbə var. Əvvəllərsə, bir növbədə elə 250 nəfər olardı. Sovet dövründə düşərgələr daha çox idi».


DİN-in Çingiz Mustafayev adına uşaq düşərgəsində 22 günün qiyməti 220 manatdır. Düşərgənin birinci növbəsi ötən ay bitib, ikincisi isə iyulun 5-dən başlanır.



Düşərgəyə baş çəkəndə ikinci növbənin açılışına cəmi 1-2 gün qalırdı. Amma yorğan-döşəyə təmiz ağ keçirilməmişdi, digər tərəfdən də yataq otaqlarından rütubət iyi gəlirdi. Lakin düşərgənin rəisi bildirdi ki, bura nazir müavinin uşaqlarından tutmuş, adi vətəndaşların övladları da istirahət etməyə gəlir.


Bakıda söhbət etdiyim sakinlərin əksəriyyəti isə sovet dövründən sonra uşaq düşərgələrinin fəaliyyətindən bixəbər olduqlarını, ya da düşərgələrə etibar etmədiklərini dedilər.


Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov isə deyir ki, əhalinin sosial durumu aşağı olduğundan, valideynlər övladlarını düşərgələrə göndərə bilmirlər:


«2006-cı ildə tövsiyələrdə verilmişdi ki, Azərbaycanda uşaqların istirahəti dövlət tərəfindən qorunmur, dövlət buna heç bir şərait yarada bilmir. Müstəqilliyimizi əldə etdikdən sonra biz uşaqların istirahətini məhv etdik».


Azərbaycan 1992-ci ildən BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Konvensiyaya görə, dövlət uşaqların istirahəti üçün şərait yaratmalıdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG