Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:14

Müttəhim «məni cəzalandırın» deyir


Sergey Strekalin məhkəmə zalında, 5 iyun 2008

Sergey Strekalin məhkəmə zalında, 5 iyun 2008

«Yeni Müsavat» qəzeti:



…Məlum olduğu kimi jurnalist Aqil Xəlil bıçaqlanıb. Sonra Strekalin televizora çıxıb deyib ki, onu bıçaqla mən vurmuşam. İş gəlib çıxıb məhkəməyə. İndi A.Xəlilin vəkili Elçin Sadıqov hakimdən məhkəməni dayandırmağını istəyir, deyir, Strekalinin Xəlili bıçaqlamağı haqda heç bir sübut yoxdur. Strekalin isə etiraz edir, işin davamını istəyir.


Siz heç Azərbaycan məhkəmə tarixində - o isə yetərincə zəngin, fısqırıq tarixdir - belə bir şey görmüsünüz? Eşitmisiniz? Mənim rastıma çıxmayıb. Zərərçəkən müttəhimi tanımadığını deyir, onun azad olunmağını istəyir, müttəhim isə deyir ki, yox, məni cəzalandırın.


Bax, ona görə də mən Strekalin yoldaşı Azərbaycanda vicdan nümunəsi adlandırdım. Adam yaxasını qırağa çəkmir, məmləkətdə olan bütün cinayətləri, əgər hökumət lazım bilsə, öz boynuna götürməyə hazırdır. Yoldaş hakim, siz hələ ondan soruşun, Qarabağın işğalında da yalnız özünün suçlu olduğunu etiraf edəcək. Pah atonnan, cəmi günahlarımızı götürməyə hazır bu mələk kimi insanı biz indiyəcən niyə tanımamışıq? Varmı başqa belə insan? Varmı, yoxmu? Yoxmu, varmı?...



«Bizim Yol» qəzeti:



Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus day.az saytına müsahibəsində «Soros» Fondunun Azərbaycan nümayəndəliyini kəskin tənqid edib...


L.Yunus deyib ki, bir sıra adamlar Fonda layihələr təqdim edib və onlara layihənin yaxşı hazırlandığını bildirsələr də, sonradan mənfi cavab verilib:


«Maraqlıdır ki, fond layihənin keçməməsi barədə rəsmi cavab vermir və bu, izah olunmur. Sonradan adamlar başa düşür ki, təqdim etdikləri layihə bir gün əvvəl təsis olunan və heç bir iş təcrübəsi olmayan təşkilata verilib. Bununla da insanlarda layihələrin oğurlanması barədə fikir yaranır»…


L.Yunusun ittihamları ilə əlaqədar Fondun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rövşən Bağırova müraciət etdik. R.Bağırov təəssüflə bildirdi ki, hüquq müdafiəçisinin öz fəaliyyətini kənara qoyub fond haqqında bu cür fikirlər səsləndirməsi onun üçün gözlənilməzdir: ««Soros» Fondu hüquq müdafiəçilərinə hərtərəfli dəstək verir. Ona görə də mən bu ittihamları əsassız və gülünc sayıram. Çünki L.Yunusun analoji açıqlamaları əvvəllər də olub. Ola bilsin ki, L.Yunus bizdən qrant ala bilmədiyinə görə bu cür danışıb».


O, L.Yunusun ittihamlarına cavab olaraq hər hansı bəyanat yaymayacaqlarını bildirdi: «Hər belə ittihama cavab versək, işləmək mümkün olmayacaq. Ümumiyyətlə, cəmiyyətə dəstək göstərən təşkilatlara müəyyən qısqanclıqlar olur. Biz hər il ictimaiyyətə hesabatımızı təqdim edir və qrantlar barədə hərtərəfli məlumatları veririk. Nəzərə alın ki, fondun İdarə Heyətində olanlar Azərbaycan cəmiyyətinin tanıdığı və hörmət etdiyi insanlardır. Yəni qərarlar çox şəffaf şəkildə qəbul olunur. Hansısa təşkilat qrant alır, digəri isə əsaslandıra bilmir. Amma kiminsə layihəsini oğurlayıb başqasına vermək tamamilə əsassız və məntiqsiz fikirdir».



«Yeni Azərbaycan» qəzeti:



Bakı şəhərinin və respublikamızın bir sıra bölgələrinin içməli su ilə təminatında mühüm rol oynayacaq Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi istiqamətində işlərin böyük bir hissəsi başa çatdırılıb. 248 km uzunluğunda olan kəmərin indiyədək 153 km-dən çox hissəsində tikinti-quraşdırma işləri yekunlaşıb.


Bu barədə «Azərsu» Səhmdar Cəmiyyətinin sədri Nizaməddin Rzayev bildirib. N. Rzayev deyib ki, Kəmərin keçdiyi ərazilərə düşən torpaq sahəsinin sahibi olan vətəndaşlara kompensasiyalar ödəniləcək. Hazırda komissiya bunun üzərində işləyir və ilkin hesablamalara görə, 4 min vətəndaş yardımlarla əhatə olunacaq.


İyulun 4-də YAP qərargahında keçirilən mətbuat konfransında «Azərsu»nun rəhbəri deyib ki, 248 km uzunluğunda olan kəmərin tikintisinə 460 milyon manatdan çox vəsait xərclənməsi nəzərdə tutulur...


Oğuz-Qəbələ-Bakı su kəməri saniyədə 5 kubmetr həcmində suyun paytaxta nəql olunmasına imkan verəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG