Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:04

İnhisarçılar varlanmaq və yenə də varlanmaq fikrindədilər


Zöhrab İsmayıl, 16 aprel 2007
Zöhrab İsmayıl, 16 aprel 2007

«İndiki vəziyyətdə ən yüksək səviyyələrdə bəyanatlar verilməsinə baxmayaraq monopoliyaların aradan qaldırılması əslində həmin bəyanatı verənlərin hakimiyyətlə vidalaşması deməkdi».


«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu belə deyir. Onun sözlərinə görə, monopoliyaların bir səbəbi varlanmaq, ölkə iqtisadiyyatının bütün sahələrinə nəzarəti həyata keçirməklə bağlıdırsa, digər səbəb iqtisadi imkanların siyasi opponentlərin əlinə düşməsinin qarşısını almaqdı:


«Monopoliyalar olan yerdə iqtisadi azadlıqlar sıfıra enir, iqtisadi azadlıqlar olmayan yerdə isə hər hansı islahatdan, demokratikləşmədən və cəmiyyətin güclənməsindən söhbət gedə bilməz».


Məsələnin sırf iqtisadi tərəfinə gəlincə, iqtisadçılar hesab edir ki, görünən odur ki, inhisarçılar varlanmaq və yenə də varlanmaq fikrindədilər. Onlar bunu nə vaxtsa vəzifədən gedəcəyini yaddan çıxarmayan məmur uzaqgörənliyi hesab edirlər. Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl deyir ki, burda varlanmaq istəyindən başqa digər bir niyyət də var. Bu da siyasi hakimiyyətə nəzarət istəyidi. Onun sözlərinə görə, hakimiyyətə nəzarət etməyin bir yolu da iqtisadiyyata, biznesə nəzarətdən keçdiyindən əksər sahələrdə ayrı-ayrı məmurların himayəsində olan monopoliyaların mövcudluğu başadüşüləndir:


«Təbii ki, burda böyük gəlir etmək marağı da var. Ayrı-ayrı yüksək vəzifəli məmurların marağı əsasən bununla məhdudlaşır. Amma siyasi hakimiyyətin marağı hakimiyyətə nəzarəti tam ələ almaq, qətiləşdirmək üçündür. Siyasi hakimiyyətə nəzarət həm mediaya, həm biznesə və digər yerdə qaln sahələrə nəzarətdən keçir».


Zöhrab İsmayı deyir ki, hakimiyyət sadalanan bu reseptlə idarə olunur.


Məsələnin digər tərəfinə, monopoliyanın kökünün kəsilməsinə, sağlam siyasi və iqtisadi mühitin yaradılmasına gəlincə, ekspertlər bu məsələdə bir qədər ehtiyatlı danışırlar. Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl indiki siyasi vəziyyətdə monopoliyaya qarşı mübarizə aparmağı xeyli çətin bir məsələ sayır:


«İndiki siyasi situasiyada belə bir mübarizə aparılsa, bu, hakimiyyətin özü üçün ciddi problemlər yarada bilər».


İqtisadçılarla yanaşı sıravi adamlar da monopoliyanın aradan qaldırılmasına o qədər də ümidli görünmürlər. Bakıda söhbətləşdiyim adamlara görə, monopoliyanın aradan qaldırılması üçün gərək indiki məmurların hamısı öz vəzifəsindən uzaqlaşdırılsın.


«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, bütün sahələrdəki inhisarçılığı, monopoliyanı aradan qaldırmağın yeganə yolu qanunların aliliyinə əməl etməkdi. O, deyir ki, bu olarsa onda bütün sahələrdə monopoliyalar aradan qalxar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG