Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:10

Ailəsi İntiqam İsmayılovla görüşə bilmir


Ailəsi siyasi fəaliyyətinə görə İ.İsmayılovun təqib olunduğunu iddia edir

Ailəsi siyasi fəaliyyətinə görə İ.İsmayılovun təqib olunduğunu iddia edir

85 yaşlı Fatma İsmayılova bir neçə gün əvvəl həbs olunan oğlunu hələ də görə bilməməsindən şikayətlənir. Deyir ki, gəlini ilə dəfələrlə təcridxana qarşısına getsələr də, yeganə oğlu İntiqam İsmayılovu onlara göstərmirlər. Yaşlı qadın oğluna fiziki işgəncə verilməsindən narahatdır. Ehtimal edir ki, İntiqamın sifətində döyülmə izləri olduğundan görüşə icazə vermirlər.


Naxçıvanın Culfa rayonunun Nəhəcir kənd sakini, 1961-ci il təvəllüdlü İntiqam İsmayılov ümumvətəndaşlıq pasportu alarkən tələb olunan rüşvəti ödəməkdən imtina etdiyi üçün polis tərəfindən saxlanıb. Naxçıvan Şəhər Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə ictimai yerdə asayişi pozmaqda təqsirli bilinərək 15 günlük həbslə cəzalandırıb.


Həyat yoldaşı Gülbir İsmayılova «Azadlıq» radiosuna deyir ki, Naxçıvan Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı Şöbəsində onlardan pasportların hər biri üçün rüşvət tələb olunub. İntiqam İsmayılov da bundan Muxtar Respublikanın Ali Məclisinə şikayət edib. Ali Məclisdən məsələyə müdaxilə edilsə də, yenə də pasportlar verilməyib. Üstəlik, «tapşırıq yuxarıdandı, hamıdan almalıyıq» adı ilə şöbədən rüşvət ödəmək üçün onlara pul da təklif olunub. Özü də Gülbir xanımın sözlərinə görə, Pasport Qeydiyyatı Şöbəsinin məsul işçisi tərəfindən.


Fatma İsmayılova oğlunun məhkəmə prosesində onun iştirakına icazə verilmədiyini deyir.


Muxtar Respublika Daxili İşlər Nazirliyi ilə əlaqə saxlasaq da, məsələyə münasibət bildirən olmadı.


İntiqam İsmayılov Müsavat Partiyasının üzvüdür. 2005-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputatlığa namizəd olub. Siyasi fəaliyyətinə görə bir neçə il əvvəl dərs dediyi kənd orta məktəbindən işdən çıxarılıb. Ailəsi siyasi fəaliyyətinə görə onun təqib olunduğunu iddia edir.


Müsavat Partiyası Naxçıvan təşkilatının məlumatına görə, İntiqam İsmayılovun məsələsi araşdırılır. Bu haqda beynəlxalq qurumlara məlumat verilib. Partiyadan onu da bildirirlər ki, iyulun 3-ü apellyasiya şikayəti verməyin son tarixi olsa da, şikayət hələ də verilməyib. Buna səbəb hökmün surətinin hələ də İntiqam İsmayılovun yaxınlarına verilməməsi, eləcə də onunla görüşə heç kimin buraxılmamasıdır. Yaxınlarının dediyinə görə, müxalifətçi olduğundan Naxçıvanda onu müdafiə edəcək vəkil də tapmaq mümkün olmayıb.


XS
SM
MD
LG