Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

«Azərbaycanda alternativ medianın inkişafına ciddi əngəllər var»


«Azərbaycanda hələ də ayrı-ayrı nazirliklərin təsisçisi olduğu qəzetlər qalmaqdadır»

«Azərbaycanda hələ də ayrı-ayrı nazirliklərin təsisçisi olduğu qəzetlər qalmaqdadır»

«Ölkə əhalisinin 90 faizi informasiyanı telekanallardan alır. Ona görə iqtidar bütün telekanalları çox ciddi nəzarətdə saxlayır. Formal olaraq 5-6 müstəqil telekanalın heç biri gerçəkdən müstəqil deyil».


Bunu «Azərbaycan Naminə» Forumun prezidenti Eldar Namazov deyir. O, bildirir ki, 2003-ci ildə Azərbaycanda müstəqil telekanal açmaq istəsə də, cəhdləri uğursuz alınıb. Namazovun fikrincə, iqtidar bütün vasitələrlə teleməkanda rəqabət mühitinin yaranmasının qarşısını alır:


«Bu, avtoritar rejimlərin ənənəvi siyasətidir: məhkəmələri, media qurumlarını nəzarətdə saxlamaq, müxalifət partiyalarının işinə məhdudiyyətlər qoymaq və s.»


Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna-Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı isə ölkənin yalnız elektron deyil, yazılı media məkanında da rəqabət mühitinin olmadığı qənaətindədir. Onun sözlərinə görə, ölkədə hakimiyyətə, müxalifətə birbaşa bağlı olan media orqanları qaldıqca, bu sahədə normal rəqabət imkanlarından söhbət gedə bilməz. E.Şıxlı bildirir ki, dünya praktikası çoxdan imtina etsə də, Azərbaycanda hələ də ayrı-ayrı nazirliklərin təsisçisi olduğu qəzetlər qalmaqdadır:


«Onlar üçün istənilən zaman, istənilən məbləğdə maliyyə vəsaiti ayrılır. Çoxu ayda bir-iki dəfə çıxır. Gündəlik qəzetlər əməkdaşlarına 200 manat aylıq əməkhaqqı verəndə sevinirsə, onlar işçilərinə 500-600 manat maaş verirlər».



«Kütləvi informasiya vasitələri istər hökumət, istərsə də müxalifət siyasətindən azad olacaqsa, buna biznes kimi baxılacaqsa, media normal inkişaf edəcək. Başqa variantda mən o inkişafı görmürəm»

E.Şıxlının fikrincə, Azərbaycanda qəzet açmaq telekanal yaratmaqdan xeyli asandır. Telekanal yaratmaq ideyası böyük vəsaitlərlə bağlı olduğundan buna mütləq siyasi rəng verilir:


«Azərbaycanda 1-2 milyon pulu olub telekanal açmaq istəyəndə belə düşünülür ki, bu insanın hansısa siyasi məqsədləri var. Gəlin, Gürcüstandakı «Rustavi», Rusiyadakı keçmiş NTV kanallarının təcrübəsinə baxaq. Nələr olmadı, nələr etmədilər ki, bu kanalları susdursunlar. Sonda susdurdular da. Azərbaycanda isə sonradan belə problemlər yaşamamaq üçün bu cəhdlərin qarşısını öncədən alırlar».


«Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev də düşünür ki, Azərbaycan mediasının bir sıra köklü problemləri rəqabət mühitinin olmamasından qaynaqlanır. Onun fikrincə, mediaya ideoloji vasitə deyil, biznez növü kimi yanaşılsa, o zaman bəzi problemləri aradan qaldırmaq mümkün olar:


«Kütləvi informasiya vasitələri istər hökumət, istərsə də müxalifət siyasətindən azad olacaqsa, buna biznes kimi baxılacaqsa, media normal inkişaf edəcək. Başqa variantda mən o inkişafı görmürəm. İndi mətbuata dövlət yardımından, hansısa kreditlərin ayrılmasından çox danışırlar. Bunların heç bir mənası yoxdur. Əgər media orqanının normal yaşaması üçün şərait yaradılmırsa, o zaman kənardan olan dəstəklərin heç birisi onun inkişafına yardım etməyəcək, əksinə geriyə çəkəcək, media orqanını hansısa siyasi qurumun ruporuna, ya da şantaj vasitəsinə çevirəcək».


B.Həziyevin fikrincə, hələlik iqtidar media bazarına çox ciddi nəzarət etdiyinə görə, alternativ medianın yaranması üçün də ciddi problemlər var. Bu səbəbdən son illər yaranan internet qəzetlərin, bloqların çoxu bağlanıb. Əhalinin internetdən informasiya almaq vərdişlərinin aşağı olması, internetdən istifadə qiymətlərinin bahalığı da Azərbaycanda alternativ medianın inkişafı üçün ciddi əngəllər yaradır.


«Multimedia» Mərkəzinin rəhbəri Osman Gündüz isə bildirir ki, son illər Azərbaycanda internetin inkişaf tempi yüksəlsə də, bir sıra ciddi problemlər hələ də həllini gözləyir:


«İnternetdə qlobal şəbəkəyə bağlanmada böyük problemlər var. Hələlik bütün provayderlər internetə bir şirkət vasitəsilə bağlanır. Yəni Azərbaycanda internetin keyfiyyəti istənilən səviyyədə deyil. Buna görə də alternativ media yaradılması işi Azərbaycanda yetərincə ləng gedir».


O.Gündüzün fikrincə, vətəndaşlar sürətli internet imkanları əldə etməyənə qədər ölkədə alternativ medianın ciddi inkişafı mümkün olmayacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG