Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:25

«Polis və vətəndaş arasındakı təzad aradan qaldırılmalıdır»


İyulun 2-si Azərbaycan polisi peşə bayramını qeyd edir
İyulun 2-si Azərbaycan polisi peşə bayramını qeyd edir

İyulun 2-si polislər öz peşə bayramlarını qeyd edirlər. Azərbaycan Daxili Orqanlarının yaranmasının 90 illik yubileyilə əlaqədar olaraq Polis Akademiyası və Bakı Əyləncə Mərkəzində təntənəli mərasim keçiriləcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, 90 illik tarixi boyu, xüsusən də 1994-cü ildən bu yana daxili işlər orqanlarında bir sıra islahatlar həyata keçirilib və bu gün polis orqanları öz vəzifələrini lazımınca yerinə yetirirlər.


«1994-cü ildə cinayətkarlığa qarşı mübarizəni gücləndirmək üçün imzalanmış fərman vətəndaşların normal, təhlükəsiz yaşayışının, sabitliyinin təminatında müsbət rol oynayıb. DİN-in strukturlarında müasir dövrün tələblərinə uyğun islahatlar aparılıb. Fəaliyyəti tənzimləyən qanunlar qəbul edilib».


Amma söhbət etdiyim Bakı sakinləri daxili işlər orqanlarında aparılmış mövcud islahatların yetərli olmaması fikrindədirlər. Həmsöhbətlərim daha çox polis-vətəndaş münasibətlərindən narazıdırlar.


Azərbaycanda polis orqanlarında nöqsanların mövcudluğu, polisin cəzasızlıq şəraitində fəaliyyət göstərməsi bir sıra beynəlxalq hesabatlarda da yer alıb. Keçmiş polis əməkdaşı Mahmud Hacıyev deyir ki, nöqsanları aradan qaldırmaq üçün köklü islahatlara ehtiyac var. Ən başlıcası isə polisin peşəkarlığı artırılmalı, polis vətəndaş arasındakı təzad aradan qaldırılmalıdır.


«Peşəkarlıq və səviyyə həddən artıq aşağı düşüb. Son illər tez-tez deyirlər ki, polisdə struktur dəyişikliklər oldu. Dəyişikliklər köklü, kompleks şəkildə olmalıdır. Polis sırf ictimai asayişin qorunmasını və cinayətkarlığa qarşı mübarizəni tənzimləyən bir manevrli, kompakt güc strukturu olmalıdır».


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyilən iradlarla razılaşmır. Deyir ki, bu cür fikirlər yalnız polisin işini gözdən salmaq məqsədi daşıyır.


Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə yaradılıb. Məqsəd cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək olub. 1998-ci ildən isə iyulun 2-si prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG