Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:47

«Tövsiyələrə əməl etməyən hökumətlər risklə üz-üzədirlər»


«İnsan haqlarına, demokratik qaydalara hörmət etməyən quruluş stabil olmur»

«İnsan haqlarına, demokratik qaydalara hörmət etməyən quruluş stabil olmur»

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:


- Avropa Şurasına üzv qəbul ediləndən Parlament Assambleyası Azərbaycanla bağlı səkkiz qətnamə qəbul edib. Ancaq problemlər hələ də qalır. Artıq Azərbaycanda belə fikirlər tez-tez səslənir ki, Avropa Şurası öz təsir imkanlarını itirib. Siz necə hesab edirsiniz?


- Məncə, təsir imkanları hələ qalır. Məsələn, Avropa İnsan Haqları Məhkəməsi. Bu məhkəmənin qərarlarından qaçmaq, ona əməl etməmək o qədər də asan deyil. Çünki burada Nazirlər Komitəsi var və Komitə qərarların icrasının monitorinqini aparır. Əgər hökumət qərarlara biganədirsə, onlar dəfələrlə xəbərdarlıq edirlər. İnsan Haqları Komissarlığının özünün bütün hökumətlərə çıxışı var, biz qeyri-hökumət təşkilatları ilə, insan haqları üzrə müvəkkillərlə işləyirik. Bu, böyük imkandır və hökumətlər üzv olduqları gündən etibarən bizim tövsiyələrimizə çox ciddi yanaşırlar və xeyli də islahat aparıblar. Odur ki, Avropa Şurası hələ də təsirlidir. Amma əlbəttə, biz gərək nə dərəcədə səmərəli işləməyimiz barədə ehtiyatlı davranaq, bu məsələyə fikir verək. Güman edirik ki, hər bir hökumətin istəyi budur ki, ölkəsinə demokratiya gətirsin, əgər bu, belə deyilsə, ciddi problemdir. Parlament Assambleyasına gəlincə, bu qurum məhkəmə kimi sərt davrana bilmir, ancaq məsləhət verə bilir. Odur ki, məncə, Avropa Şurasının hələ də təsir imkanı var.


- Amma tövsiyələrdən nəticə çıxarmayan hökumətlər də var axı.


- Tövsiyələrə əməl etməyən hökumətlər risklə üz-üzədirlər. Onlar səsvermə hüququndan məhrum ola bilərlər. Onlara sanksiya tətbiq edilə bilər. Əlbəttə, onları hətta üzvlükdən xaric də edə bilərlər. Avropa Şurasının artıq belə bir təcrübəsi var. Əvvəl də dediyim kimi, hər bir hökumət özünün beynəlxalq nüfuzundan əhəmiyyətli dərəcədə asılıdır. Vacib deyil ki, sənin çoxlu pulun var, əgər sənin beynəlxalq nüfuzun aşağıdırsa, bu, ölkə üçün çox pisdir. Məncə, beynəlxalq nüfuzu olmayan hökumətlər öz ölkələrində də dəstəklərini itirirlər.


- Necə hesab edirsiniz, Azərbaycan hökuməti beynəlxalq nüfuzunun qeydinə nə dərəcədə qalır?


- Azərbaycanın əsas problemi budur ki, tövsiyələri tam icra etmir. Nə mənim ofisimin, nə də AŞ PA-nın tövsiyələrinə tam əməl etmir. Azərbaycanda həllini tapmamış problemlər hələ də var.


- Oktyabrda Azərbaycanda prezident seçkisidir. Artıq seçki qanunları da hazırdır. Nə gözləyirsiniz?


- Mən proqnoz vermək istəmirəm. Güman edirəm ki, hökumət beynəlxalq standartlara uyğun seçki keçirəcək, keçirməsə, əlbəttə ki, beynəlxalq ictimaiyyət onu tənqid edəcək.


- Azərbaycan hökumətinin Avropa Şurasının tövsiyələrinə əməl etməməsinin nəticəsi nə ola bilər ki?


- Bilirsiniz, əgər bir hökumət Avropa institutlarının tövsiyələrini rədd edirsə, o, əslində öz xalqının maraqlarını rədd etmiş olur. Belə siyasət bir müddət keçərli ola bilər. Bu, uzun çəkməyəcək. Təcrübə göstərir ki, insan haqlarına, demokratik qaydalara hörmət etməyən quruluş stabil olmur.


XS
SM
MD
LG