Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:34

Demokratiyanın cavabsız sualları


Hakimiyyətin taktikası seçkidən seçkiyə olduğu kimi təkrarlanır
Hakimiyyətin taktikası seçkidən seçkiyə olduğu kimi təkrarlanır

Seçki Məcəlləsinin ardınca «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna da əlavə və düzəlişlər təsdiq edildi. Bununla da seçkinin qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə iş yekunlaşdı. Əslində isə məsələ daha mürəkkəbdir. Faktiki olaraq ciddi təkmilləşmə işi aparılmadı. Demək olmaz ki, 2005-ci ilin parlament seçkisinin keçirildiyi qanunvericilik bazası ilə indiki arasında ciddi fərq var.


Azərbaycan Avropa Şurasına üzv olandan belə ümidlər yaranmışdı ki, ən azı qanunvericilik sahəsində fəaliyyət dönməz xarakter alacaq, qanunlar müasirləşməkdə və demokratikləşməkdə davam edəcək. Amma illər keçdikcə belə ümidlər seyrəlir, Avropa Şurasının ölkə hakimiyyətinə təsiri azalır. Hakimiyyət isə təzadlı siyasət yürütməkdə davam edir. Daxili opponentlərin və cəmiyyətin, o cümlədən də beynəlxalq təşkilatların rəyi demək olar ki, nəzərə alınmır. Elə beynəlxalq təşkilatların da, o cümlədən Avropa Şurasının özünün də münasibəti ziddiyyətli formada təzahür edir.


Azərbaycan Avropa Şurasına üzv olandan səkkiz il sonra bildirilir ki, nə qədər ki, Qarabağ problemi həll olunmayıb, ölkədə demokratiya tam formada təsdiqini tapmayacaq. Əslində isə demokratiya yolundakı problemlər başqa səbəblərdən yaranır. Bu səbəblər çoxdur. Əsas odur ki, demokratik və şəffaf seçki keçirmək iradəsi üstünlük təşkil etmir. Hətta beynəlxalq təşkilatların hesabatlarında qeyd olunur ki, Azərbaycan cəmiyyətinin hakimiyyəti seçki yolu ilə dəyişmək imkanları məhduddur. Belə imkanların məhdudluğu insanların seçki prosesinə, ümumiyyətlə siyasətə marağını azaldır.



Bəlkə də elə müxalifətin ən böyük səhvi ondadır ki, hansısa möcüzə və ya kənar təsir nəticəsində qeyri–adi dərəcədə münbit şəraitin yarana biləcəyinə ümid edir
İki qanun təsdiq olundu. İndi seçkinin başlanmasını gözləmək qalır. Bu müddət ərzində müxalifətin, qeyri-hökumət təşkilatlarının və mətbuatın fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? Ancaq mətbuat nəyi bacarıbsa, nə mümkün olubsa, onu edib. Müxalifət və qeyri–hökumət təşkilatları haqqında isə bunu iddia etmək mümkün deyil. Qeyri–hökumət təşkilatlarının şəbəkəsi zəifdir. Amma müxalifət bacara bildiyindən çox az iş gördü. Hər iki qanun böyük zaman fasiləsindən sonra qəbul edildi. Bu böyük zaman fasiləsində müxalifət hər hansı fəaliyyətlə yadda qalmadı.


Bəzi müxalifət partiyaları hətta seçkiyə münasibətlərini müəyyənləşdirə bilməyiblər. Əvvəlcə may ayının sonuna qədər gözləməyi qərara aldılar. Qanunların qəbulu və təsdiqi iyun ayına qədər çəkdiyindən bu tarix də unuduldu. İndi iyul ayının sonunu gözləməyi tövsiyə edirlər. Bu gözləmə taktikası artıq indidən özünün qeyri-effektivliyini sübut edir. Bəlkə də əvvəllər buna bəraət qazandırmaq olardı, çünki Avropa Şurasının reaksiyasını gözləyənlər var idi. İndi bu reaksiya da məlumdur. Üstəlik, o da məlumdur ki, daha qəbul olunmuş qanunlara hər hansı yeni baxış keçirilməyəcək. Ən maraqlısı odur ki, hakimiyyətin müəyyən taktikası var və bu taktika demək olar ki, seçkidən seçkiyə olduğu kimi təkrarlanır. Hakim partiya qanunların təftişini yubadır, sonra da müzakirələr üçün vaxtın qalmadığını iddia edir. Müxalifətin isə heç bir taktikası yoxdur. Müxalifət hakim partiyanın təktikasını bilir, amma onu dəyişməyi bacarmır və ya buna cəhd göstərmir.


Seçki ilə bağlı qanunların daha tez və qısa bir zamanda təftişinə başlamaq olardı. Seçki qanunvericiliyinə dəyişikliklər zamanı müxalifətin də rəyi soruşulur və optimal müddət razılaşdırılır. Müxalifət bu prosesdən də yararlanmağı bacarmır. Hakimiyyət isə vəziyyəti öz xeyrinə dəyişmək üçün fürsəti əldən vermir. Yeni qanunlar müxalifət üçün yeni perspektivlər də vəd etmir. Bəlkə də elə müxalifətin ən böyük səhvi ondadır ki, hansısa möcüzə və ya kənar təsir nəticəsində qeyri–adi dərəcədə münbit şəraitin yarana biləcəyinə ümid edir. Hakim partiyanın böyük inzibati və iqtisadi resursları var, amma bununla belə öz imkanlarını genişləndirmək üçün daim axtarışda və özünə yeni üstünlüklər əldə etməkdədir. Müxalifət isə fərqli siyasi müstəvidədir, onun imkanları arzularına adekvat deyil. Ortalıqda məqsəd aydınlığı yoxdur. Azərbaycan müxalifəti nə istəyir? O, nəyə ümid edə bilər və nəyə qadirdir? Onun missiyası nə olmalıdır? Müxalifət nə etməlidir? Bu seçki də qurtaracaq, amma bu suallara cavab verilməyəcək. Beləcə, cavabsız sualların sayı bir az da artacaq.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələri olub Azadlıq Radiosunun rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG