Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:24

Avropa Birliyi Kubaya qarşı sanksiyaları ləğv edib


«Raulla Fidel arasında heç bir fərq yoxdu. Raul da inqilabın davamçısıdı»
«Raulla Fidel arasında heç bir fərq yoxdu. Raul da inqilabın davamçısıdı»

Kubaya bəziləri «Azadlıq adası» deyirlər, amma bəlkə də azadlığı bu ölkənin vətəndaşları qədər arzu edən çox azdı. 50 ilə yaxın çəkən Fidel Kastro hakimiyyəti bu yaxınlarda sona yetib, onun qardaşı Raul Kastro dövlət başına gələn kimi sıravi insanların həyatını asanlaşdıracaq bəzi islahatlar aparıb.


İndi imkanlı şəxslər fərdi kompyuterlər və mobil telefonlar ala, maşın kirayəyə götürə və bir zamanlar ancaq əcnəbilər üçün nəzərdə tutulan otellərdə qala bilərlər. Raul Kastro indiyəcən Kubanın sosialist cəmiyyətinin dayaqlarından olmuş hamıya bərabər maaş prinsipini ləğv edib. Bundan başqa, fermerlərin qazanclarının artması gözlənilir. Yeni rəhbər həm də bir neçə ölüm hökmünü ləğv edib və bir sıra siyasi məhbusları azadlığa buraxıb.


Bütün bunları nəzərə alan Avropa Birliyi iyunun 20-də Kubaya qarşı sanksiyaları ləğv edib. Birliyin xarici əlaqələr komissarı Benita Ferrero Valdner deyib ki, məqsəd Kubanı daha çox islahat aparmaq üçün həvəsləndirməkdi:


«Düzdür, Kubaya qoyulan sanksiyalar götürülüb, amma biz baxacağıq görək hökumət necə hərəkət edəcək. Görüləsi işlər arasında siyasi məhbusların azadlığa buraxılması, insan haqları sahəsində vəziyyətin yaxşılaşdırılması əsas yer tutmalıdı, görək necə olur».



Çexiyanın Xarici İşlər naziri Şvarsenberq deyib ki, Kubada insan haqlarının vəziyyəti diqqətdə saxlanacaq və situasiya düzəlməsə, sanksiyalar bərpa edilə bilər

Avropa Birliyi Kubaya qarşı sanksiyaları 2003-cü ildə qoymuşdu və iki il sonra dondurmuşdu.


Sanksiyalara görə, Avropa Birliyi və Kubanın yüksək vəzifəli rəsmiləri görüşə bilməzdilər. Hərçənd bu sanksiya ABŞ-ın Kubaya qoyduğu ticarət və sərmayə embarqosundan çox yüngüldü.


Avropa Birliyindəki səsvermədən əvvəl Amerika xəbərdarlıq edib ki, sanksiyaların götürülməsi Kubanın diktator rejiminə legitimlik bəxş etməkdi. Vaşinqton Raul Kastronun apardığı islahatları səthi, kosmetik hesab edir.


Bir Havana sakini isə «Röyters»ə deyib ki, Raul da elə qardaşının tayıdı və hakimiyyətin əsas dayağı yenə də zorakılıqdı:


«Məncə, Raulla Fidel arasında heç bir fərq yoxdu. Raul da inqilabın davamçısıdı. Əgər Avropada düşünürlərsə ki, onlar arasında fərq var, Raul nəyisə dəyişdirəcək, onda özlərini aldadırlar».


Başqa bir paytaxt sakini isə avropalıların addımını alqışlayır:


«Məncə, bu ağıllı addımdı, ən azı onlar göstərirlər ki, Amerikanın oynadığı oyunda iştirakçı deyillər. Sanksiyaların götürülməsi yeni dövrün məntiqinə uyğundu və dünya bu yolla getməlidi».


Avropada Kubaya qarşı sanksiyaların götürülməsi tərəfdarlarına İspaniya başçılıq edib. Çexiya və bir sıra ölkələr bunun əleyhinə çıxıblar. Çexiyanın Xarici İşlər naziri Şvarsenberq deyib ki, Kubada insan haqlarının vəziyyəti diqqətdə saxlanacaq və situasiya düzəlməsə, sanksiyalar bərpa edilə bilər.


Kubanın özündə isə hələ də bir çox insanın arzusu nə yolla olursa-olsun qonşuluqdakı Amerikaya keçmək və azadlıq havasını doyunca sinəsinə çəkmək, azad dünyanın bir parçası olmaqdı.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG