Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:08

«Hakim var ki, iki eşşəyin arpasını bölə bilmir»


«Peşəkar hüquqşünasların hakim təyin edilməsi iqtidar üçün çox böyük təhlükədir»
«Peşəkar hüquqşünasların hakim təyin edilməsi iqtidar üçün çox böyük təhlükədir»

«Bizim yol»: «Hakim var ki, iki eşşəyin arpasını bölə bilmir»


«Qəzetimizin dünənki manşet yazısı ciddi rezonans doğurub. Mövcud iqtidarın sələflərini yarıtmaz kadr siyasəti aparmaqda ittiham etdiyi bir şəraitdə ötən həftə təyin olunan hakimlərin bioqrafiyasını araşdırarkən qəzetimiz ilginc faktları ortaya çıxardı. Məlum oldu ki, parlamentin təsdiqlədiyi hakimlərin əksəriyyəti əvvəllər fəhlə, çilingər, paltarsaxlayan, kolxozçu, qarovulçu işləyib. Eyni zamanda onların çoxu ali hüquqşünas təhsilini imtiyazlı status qazanandan sonra qiyabi formada alıblar. Dərc olunan araşdırmaya «Hüquqi Dövlət Araşdırmalar Fondu»nun prezidenti Müzəffər Baxışovdan münasibət almışıq. Xatırladaq ki, M.Baxışıov hakimliyə namizədliklə bağlı keçirilmiş 2 test imtahanında ən yüksək nəticə toplasa da, onu şifahi müsabiqədən kəsiblər. Hüquqşünas bildirir ki, Azərbaycanda savadlı, peşəkar hüquqşünasların hakim təyin edilməsi iqtidar üçün çox böyük təhlükədir: «Çünki bu kateqoriyadan olan insanlar bir qayda olaraq aldıqları təhsilə, mənsub olduqları dünyagörüşünə görə sifariş yerinə yetirməyə meylli olmurlar. Bu isə avtoritar rejimlər üçün məqbul deyil».


20 illik hüquqşünas fəaliyyətinə əsaslanan müsahibimiz deyir ki, Azərbaycanda yüksək vəzifə tutmaq üçün mükəmməl bilik yox, əksinə savadsız olmaq əsas şərtdir: «Hələ biz tələbə olan zaman müəllimlərimiz deyirdi ki, bu savadsız tələbələri qoruyun, onlar sizin rəhbərləriniz olacaq. Biz o zaman bu sözlərə gülürdük, zaman isə sübut etdi ki, müəllimlərimiz haqlıymış. Müəllimlərimizin fikirlərinin bu günə qədər aktual qalmasının səbəbi ondadır ki, illər keçsə də Azərbaycanda idarəetmə təfəkkürü dəyişməyib. Normal, demokratik sistemdə heç kim bacarıqsız, qeyri-peşəkar kobud desək, iki eşşəyin arpasını bölə bilməyənlərə ədalətin qorucuyusu postunu vermir».


«Yeni Müsavat»:


«BMT-dən absurd qərar. İnsan haqları Azərbaycan və Nigeriyaya həvalə olundu»


«BMT-nin İnsan Haqları Şurasının qarşısında qoyulmuş missiyadan nə dərəcədə uzaq qurum olduğunu təsdiqləyən daha bir hadisə baş verib. Bu təşkilatın rəsmi internet saytının yaydığı məlumata görə, Nigeriya səfiri İnsan Haqları Şurasının bir il müddətinə yeni sədri seçilib. 57 yaşlı Yhoeiqan Uxomoibha bu vəzifəyə seçilənədək ölkəsinin BMT-nin Cenevrədəki ofisi yanında səfiri olub. O, deyib ki, yeni vəzifədə əsas işi insan haqlarının müdafiəsinə dəstək verməkdən ibarət olacaq. Şuraya həmçinin dörd yeni vitse-prezident də seçilib. Bunlar Azərbaycanın Cenevrədəki səfiri Elçin Əmirbəyov, Filippin diplomatı Basiliyo Erlinda, Argentina səfiri Alberto Dumont və Kanadadan Marius Qrinusdur. Məlumata görə, Əmirbəyov həmçinin şuranın xüsusi məruzəçisi də seçilib. İnsan Haqları Şurası bu ilin sentyabrında müntəzəm illik sessiyasını keçirəcək.


BMT-nin İnsan Haqları Şurası bu təşkilatın İnsan Haqları Komissiyasının yerində yaradılıb. Çünki həmin komissiya insan haqlarının müdafiəsi istiqamətində heç bir iş görmürdü və tərkibi bir qayda olaraq insan haqlarını ən kobud şəkildə pozan, bəzən sərt diktator rejimlərinin hökm sürdüyü ölkələrin təmsilçilərindən təşkil olunurdu. Lakin göründüyü kimi, İnsan Haqları Şurası da sələfindən heç nə ilə fərqlənmir. Bu quruma rəhbərliyi insan haqları sahəsində bərbad durumun hökm sürdüyü Nigeriyanın nümayəndəsi həyata keçirəcək, 3 jurnalistin həbsdə olduğu, müstəqil mətbuata qarşı tez-tez hücumlar edildiyi və insan haqları sahəsində vəziyyətin ağır olduğu Azərbaycanın nümayəndəsi isə bu işdə ona kömək edəcək. Təbii ki, bu tərkibdəki şuradan insan haqlarının müdafiəsi sahəsində hansısa ciddi fəaliyyət gözləməyə dəyməz. Bugünlərdə ABŞ elan edib ki, şuranın tərkibinin insan haqlarını pozan ölkələrin təmsilçilərindən təşkil olunmasına və bu qurumun fəaliyyətsizliyinə etiraz olaraq onun işində iştirak etməyəcək».


«Exspress» qəzeti:


«Yeni köhnə Amaşov…»


«Jurnalistlərin qurultayında nə gözlənilirdisə, o da oldu...Azərbaycan jurnalistlərinin V qurultayında sürpriz olmadı, heç barəsində günlərlə danışılan qalmaqallar da olmadı. Hər şey necə gözlənilirdisə və ya planlaşdırılmışdısa, elə də cərəyan etdi: Nizamnaməyə dəyişikliklər edildi və Əflatun Amaşov yenə də Mətbuat Şurasının sədri seçildi.


«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov sədrin səlahiyyət müddətinin iki ildən dörd ilə qədər artırılması təklifinin əleyhinə çıxıb: «Bu qurultayda hər şeydən danışılır, yalnız azad mətbuatla bağlı problemlərdən başqa. Professionallıqdan və mətbuatın məsuliyyətindən çox danışılır. Amma mətbuat demokratiya olan yerdə professional və məsuliyyətli olur».


Mətbuat Şurası sədrinin müavini Qulu Məhərrəmli də Nizamnamə dəyişikliyinin əleyhinə olduğunu deyib. Onun fikrincə, Nizamnaməyə yalnız bir nəfərin - yəni hazırkı sədrin vəzifədə saxlanılması xatirinə dəyişiklik etmək olmaz.


«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev də gözlənildiyi kimi Nizamnamə dəyişikliyinin əleyhinə olduğunu bildirib. Avropaya inteqrasiya məsələsinə toxunan A.Əliyev Nizamnaməyə edilən dəyişikliyin bu prosesin fəlsəfəsinə zidd olduğunu vurğulayıb: «Bir adamı seçirik, sonra ona istənliən donu geyindirməyi bacırırıq. Onsuz da Azərbaycanın bir çox ictimai, siyasi, sosial problemlərlə bağlı imici mənfidir. Mətbuat Şurasının Nizamnaməsinə bu gün təklif olunun dəyişkliklər qəbul olunacağı təqdirdə Azərbaycanın imici haqqında daha bir mənfi rəy formalaşacaq».


A.Əliyev jurnalistlərin qurultayının sponsorluğunun hər hansı bir başqa təşkilata («Azərcell») həvalə edilməsini mətbuatın öz qurultayını təşkil etmək gücündə olmaması, mətbuatın hazırkı vəziyyətinin bir simptomu kimi qiymətləndirib: «Bu, Azərbaycan jurnalistikasının durumunu göstərən bir faktdır».


O, «öz tədbirini keçirmək üçün 2 min dollar tapa bilməyən və yardım üçün sponsora müraciət edən orqanın gələcəkdə işləmək bacarığına» şübhə etdiyini deyib.


MŞ üzvü Zeynal Məmmədli də Şura sədrinin səlahiyyət müddətinin artırılması təklifinin əleyhinə çıxıb: «Sədrin səlahiyyət müddətinin artıb-azalmasının heç bir mənası yoxdur. Bu, vəziyyətin daha da pisləşməsinə xidmət edəcək».


XS
SM
MD
LG