Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:25

«Artıq qanun da vətəndaşların mülkiyyət hüquqlarını qorumur»


Mülki Məcəlləyə son dəyişiklikdən sonra dövlət maraqları əsasında vətəndaşın mülkü əlindən alına bilər

Mülki Məcəlləyə son dəyişiklikdən sonra dövlət maraqları əsasında vətəndaşın mülkü əlindən alına bilər

«Yerimizi sökmək istəyirlər, hazırda iş məhkəmədədir».


Bakının Xətai rayonunda yerləşən 20 müəssisənin Şura sədri Vidadi Hüseynov belə deyir. Onun sözlərinə görə, iyirmi ildi qurub-yaratdıqları müəssisələri sənədsiz-sübutsüz sökmək istəyirlər.


Sahibkarlar isə bunun əleyhinə çıxırlar. Vidadi Hüseynov:


«Özəlləşdirmək üçün sənədlərimizi çoxdan vermişik. Əgər ərazi özəlləşdirilirsə, qanuna görə, birinci bizə təklif olunmalıdı. Həm də orda bizim də əmlakımız var».


Bir müddət öncə isə paytaxtın Hövsan-Zığ dairəsində yolun genişləndirilməsi zamanı onlarla sahibkarın mağazası buldozerin ağzına verildi. Onlara isə heç bir kompensasiya ödənilmədi. Xırdalan dairəsinin genişləndirilməsində də oxşar hal baş verdi; həm sahibkarlıq obyektləri söküldü, həm də şəxsi evlər həyətinin bir neçə metrini itirdi.


Bəzi hüquq müdafiəçiləri ölkədə mülkiyyət toxunulmazlığıyla bağlı ciddi problemlər yaşandığını söyləyirlər. Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəylinin sözlərinə görə, artıq mövcud qanunvericilik də vətəndaşların mülkiyyət hüquqlarını qorumur. Belə ki, Mülki Məcəlləyə son dəyişiklikdən sonra dövlət maraqları əsasında vətəndaşın mülkü əlindən alına bilər. Özü də vətəndaş torpaq sahəsini 200 gün ərzində azad etməlidi.


Son dəyişikliyə görə, mülkə qiyməti də müvafiq icra hakimiyyəti qoyur. Yəni əmlak sahibi mülkünə istədiyi qiyməti qoya bilməyəcək. Ənnağı Hacıbəyli deyir ki, artıq mülkiyyət hüququnun qeyri-qanuni pozulması məsələsi qalıb bir yana, onları daha çox qanunvericiliyə edilən bu dəyişiklik narahat edir. Onun fikrincə, son dəyişiklik mülkiyyət toxunulmazlığı hüququna qanunsuz müdaxilədi.


Düzdü, qanun vətəndaşın məhkəməyə müraciət etmək hüququnu tanıyır. Amma Ənnağı Hacıbəyli hesab edir ki, bu iddiayla məhkəmələrə üz tutanlar əliboş qayıdacaqlar. Yeri gəlmişkən, yerinin bərpası və dəymiş ziyanın ödənilməsi iddiasıyla məhkəməyə müraciət edən «Merkuri» ticarət mərkəzi mübahisəni uduzub. Mərkəzin rəhbəri Rizvan Abdullayevin sözlərinə görə, məhkəməyə bütün sənədləri təqdim etsələr də, hakim onların iddiasını təmin etməyib.


Rizvan Abdullayev deyir ki, onlar mülki hüquqlarının müdafiəsi üçün bütün məhkəmə instansiyalarını keçmək, lazım gələrsə, Avropa Məhkəməsinə də müraciət etmək niyyətindədirlər.


Mülki Məcəlləyə dəyişikliyə səs verən millət vəkilləri isə hesab edirlər ki, bu, heç də mülkiyyət toxunulmazlığı prinsipini pozmur. Onların fikrincə, belə bir qərar vacibiydi, çünki mühüm dövlət layihələrini həyata keçirən zaman bəzi mülkiyyətçilər öz mülklərinə yüksək məbləğ tələb edirdilər. Bu da həmin layihələrin icrasını sual altına alırdı. Deputat Fəzail Ağamalı: «Elə adam var ki, 30 kvadratmetr yerə 1 milyon manat istəyir».


İtaliya mətbuatının yazdığına görə, Roma aeroportu inşa ediləndə bir vətəndaş tikinti layihəsinə düşən sahəsi üçün astronomik məbləğ istəyib. Aeroport rəhbərliyi həmin sahəni almaqdansa, öz layihəsinə müəyyən dəyişiklik edib, dövlət ehtiyacları amilini qabardıb vətəndaşın mülkini əlindən zorla almayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG