Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:38

Seçki kampaniyası 4 gündür başlayıb...


Konstitusiyaya görə Azərbaycanda artıq 4 gündür ki prezident seçkisi getməlidir

Konstitusiyaya görə Azərbaycanda artıq 4 gündür ki prezident seçkisi getməlidir

«Bir namizəd kimi, prezident seçkilərində iştirakı planlaşdırılan bir siyasətçi kimi mən bu yaxın günlərdə məhkəməyə müraciət edəcəyəm. Mərkəzi Seçki Komissiyasını məhkəməyə verəcəyik. Çünki konstitusiyaya görə Azərbaycanda artıq 4 gündür ki prezident seçkisi getməlidir. Bu kompaniyanın başlanmasını MSK elan etməlidir».


Prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşan «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov deyir ki, Azərbaycanda seçki qaydaları artıq indidən pozulmağa başlayıb.


Çünki qüvvədə olan qanunvericiliyə görə seçki kampaniyası səsverməyə 120 gün qalmış elan olunmalıdır. Prezident seçkilərinin oktyabrın 15-də keçiriləcəyi rəsmən elan edildiyi üçün, kompaniyanın start verilmə tarixi də artıq 4 gündür ki gecikir.


Düzdür, orası da var ki, iyunun əvvəllərində Milli Məclis Seçki Məcəlləsinə etdiyi dəyişikliklərlə kampaniyanın müddətini 120 gündən 75 günə endirib.


Amma bu dəyişikliklər hələ qüvvəyə minməyib, çünki prezident onu imzalamayıb.


Eldar Namazov deyir ki, belə bir hüquqi paradoks seçkilər bir yana, ölkə konstitusiyasına və qanunun aliliyinə də hörmətsizlikdir. Onun fikrincə bu vəziyyət həm də seçkilərin nəticəsinə birbaşa təsir edə bilər:



Bir sıra ekspertlər isə diqqəti ona yönəldirlər ki, seçki qanunvericiliyinə əlavə və dəyişikliklər beynəlxalq təşkilatlar tərəfindən o qədər də xoş qarşılanmayıb. Buna görə də ölkə rəhbərliyinin sənədi təsdiqləməməsi çox güman, digər dəyişikliklərlə bağlı ola bilər

«Mən bilmirəm ki, Azərbaycan hakimiyyəti bundan nəsə udmaq istəyirsə bu, nə ola bilər. Əslinə qalsa mən güman edirəm ki burada hansısa düşünülmüş plan yox idi. Sadəcə olaraq məmurlar buna fikir vermirlər, qanunlara riayət etmirlər. Elə düşünürlər ki onların bütün hərəkətləri qanundan üstündür. Ona görə də belə bir hüquqi cəhətdən pat vəziyyət yaranıb. İndidən deyə bilərəm ki qabaqdan gələn prezident seçkilərinin legitimliyini belə hallar artıq şübhə altına alır. Buna yenidən hüquqi don geyindirmək qeyri-mümkündür».


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə məsələnin bu cür qoyuluşunu düzgün saymır. O deyir ki, Seçki Məcəlləsinə edilən dəyişikliklər barədə artıq parlamentin qərarı var. Yerdə qalan prosedur məsələlər isə sadəcə texniki uyğunsuzluqdur.


«Bütün dünya bilir ki, seçkiyə minimum 75 gün qalmış kompaniyanın elan olunması barədə qərar artıq parlament tərəfindən qəbul olunub. Ona görə də hesab edirəm ki dramatikləşdirməyə ehtiyac yoxdur. Ola bilsin ki formal hansısa uyğunsuzluq var. Amma parlamentdə artıq müzakirələr keçirilib və artıq qərar qəbul olunub».


MSK sədri deyir ki, siyasi qüvvələr hələ də seçki qanunvericiliyi ilə mübarizə aparmaqdansa seçkilərə hazırlaşsınlar. Çünki Məcəlləyə artıq dəyişiklik olunub və onun geriyə yolu yoxdur. Pənahov onu da vurğuladı ki, seçkinin hüquqi qaydaları barədə beynəlxalq təşkilatlar məlumatlandırılıb və bu il daha heç bir müzakirə aparılmayacaq.


Amma bir sıra yerli və beynəlxalq hüquqşünaslar yaranmış vəziyyəti qanun pozuntusu kimi qiymətləndirirlər. Venesiya Komissiyasının katibi Sergey Kuznetsova görə, ölkə rəhbərliyi qanunvericiliyinə dəyişiklikləri təsdiqləmədiyi üçün, seçkini elan etməkdə faktiki olaraq gecikib. Onun fikrincə, vəziyyət bu cür davam edə bilməz. Prezident məsələyə müdaxilə etməlidir.


O ki qaldı məsələnin məhkəmə yolu ilə həllinə, hüquqşünas Hafiz Həsənov bunu real saymır. O deyir ki, ölkədə azad məhkəmə sisteminin formalaşmaması və bu cür qanunlara münasibət üçün hüquqi bazanın olmaması belə bir vasitəni istisna edir. Amma hüquqşünas deyir ki, çıxış yolu var.


«Mənə elə gəlir ki yaxın günlərdə bu vəziyyət nəzərə alınacaq və yeni qanun dərc olunub qüvvəyə minəcək».


Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, qanuna əlavələr seçki kompaniyasının əvvəlki tarixinə, yəni seçkiyə 120 gün qalmış təsdiqlənməyibsə, deməli proses başlayıb və onu yeni qanun da dayandıra bilməz. Buna görə də məcəlləyə dəyişikliklər yalnız növbəti seçkilərdə istifadə oluna bilər.


Azərbaycan qanunvericiliyinə görə ölkə prezidenti parlamentin qəbul etdiyi qanunlara 56 gün ərzində münasibət bildirməlidir. Bununla yanaşı, bəlkə təcrübəsində hətta bir neçə ay Prezident Aparatında növbəsini gözləyən qanunlar var. Məsələn ötən il parlamentin qəbul etdiyi «Bağçılıq haqqında» qanun hələ də prezident tərəfindən təsdiqlənməyib.


Bir sıra ekspertlər isə diqqəti ona yönəldirlər ki, seçki qanunvericiliyinə əlavə və dəyişikliklər beynəlxalq təşkilatlar tərəfindən o qədər də xoş qarşılanmayıb. Buna görə də ölkə rəhbərliyinin sənədi təsdiqləməməsi çox güman, digər dəyişikliklərlə bağlı ola bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG