Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

«İnsan hüquqları əsasən dövlət orqanlarında pozulur»


«Məhkəmələrdə qanun işləməlidir, korrupsiya, yaxud kiminsə sifarişi yox»

«Məhkəmələrdə qanun işləməlidir, korrupsiya, yaxud kiminsə sifarişi yox»

İyunun 18-i Azərbaycanda Milli İnsan Haqları Günüdür. Ombudsman Elmira Süleymanovanın sözlərinə görə, Azərbaycan vətəndaşları daha çox sosial problemlərlə üzləşirlər. Ombudsman Aparatına daxil olan şikayətlər daha çox torpaq bölgüsü, mənzil problemi və vətəndaşların dövlət orqanları ilə münasibətlərindəki qanunsuz məqamlarla bağlıdır.


Elmira Süleymanova 1996-cı ildə qəbul edilən İnsan Haqları Üzrə Milli Fəaliyyət Proqramının uğurla icra olunduğunu deyir. Onun sözlərinə görə, Azərbaycanda söz azadlığı ilə yanaşı vətəndaşların siyasi azadlıqları ilə bağlı da bir sıra problemlər qalmaqdadır. O, beynəlxalq qurumların Azərbaycan hökumətini daha çox vətəndaşların siyasi azadlıqlarını məhdudlaşdırmaları ilə bağlı tənqid etdiyini də bildirib:


«Düzdü, seçki problemləri tənqidə məruz qalır. Ancaq biz deyə bilmərik ki, burada təkmilləşmə yoxdur. Məsələn, hələ 2005-ci ildə keçirilən sonuncu parlament seçkisində hamı gördü ki, seçki qanunvericiliyini pozduğuna görə, bir neçə nəfər işdən çıxarıldı, bir neçə nəfərsə töhmət aldı».


Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov isə Azərbaycanda vətəndaşların siyasi azadlıqlarının tam təmin olunduğunu düşünür:


«Sərbəst toplaşmaq haqqında» qanuna bütün beynəlxalq qurumlar müsbət rəy verib. Avropa Şurası Venesiya Komissiyasının son toplantısında bu sənədlə bağlı yekun qərar qəbul olundu. Venesiya Komissiyası hesab edir ki, qəbul edilmiş sənəd Avropa standartlarına uyğundur».



«Kağız üzərində Azərbaycan vətəndaşlarının çoxlu hüquqları var. Ancaq bunların heç bir reallaşdırılmır. Hər hansı dövlət orqanında vətəndaşın öz hüquqlarını müdafiə etməsi mümkün deyil»

Fuad Ələsgərov Avropa Şurası Parlament Assambleyasının Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi təyin etməsi məsələsinin qapanmasını da vacib sayır. Onun sözlərinə görə, heç bir ölkədə, o sıradan Azərbaycanda da siyasi məhbus yoxdur. O, Avropa Şurasının Azərbaycan üzrə siyasi məhbus siyahısına İran xüsusi xidmət orqanları ilə işbirliyi qurmuş iki Azərbaycan vətəndaşının adının əlavə edilməsini də absurd sayır. Ələsgərov siyasi məhbus probleminin Azərbaycan üçün çox həssas məsələ olduğunu bildirir və beynəlxalq qurumları bundan alver predmeti kimi istifadə etməməyə çağırır.


Fuad Ələsgərovun sözlərinə görə, əgər kimsə istintaq, yaxud məhkəmə prosesində hüququnun tapdandığını düşünürsə, Avropa İnsan Haqları Məhkəməsinə şikayət ünvanlaya bilər. Fuad Ələsgərov son illər Azərbaycan məhkəmələrinin çıxardığı qərarlardan Avropa Məhkəməsinə edilən şikayətlərin artdığını da bildirib.


Rəsmilər Azərbaycanda vətəndaşların fundamental azadlıqlarının təmin olunduğunu bildirsələr də, bu fikri bölüşməyənlər də var. Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, Azərbaycanda insan haqları ilə bağlı son dərəcə ciddi problemlər qalmaqdadır:


«Ən ciddi problem söz və sərbəst toplaşmaq azadlığının olmaması, məhkəmələrin ədalətsiz qərarlar çıxarmasıdır. Hökumət qanunları tənzimləməlidir. Sərbəst toplaşmaq azadlığı bərpa olunmalıdır. İnsan haqları müdafiəçiləri piket, mitinq keçirməyə cəhd göstərənləri polis bölmələrindən çıxarmaqdan artıq beziblər. Məhkəmələrdə qanun işləməlidir, korrupsiya, yaxudkiminsəsifarişiyox».



Novella Cəfəroğlunun sözlərinə görə, demokratiyanın təməl prinsipləri olan söz, sərbəst toplaşmaq azadlıqları, ədalətli məhkəmə hüququ təmin edilməyənə qədər Azərbaycanın demokratik inkişafından söhbət gedə bilməz.


Bakı sakinləri arasında keçirdiyimiz sorğuda onlar da əsas hüquq və azadlıqlarının təmin olunmadığından şikayətləndilər:


- Əsasən hüquqlar dövlət orqanlarında pozulur. Dövlət vətəndaşının heç bir hüququnu təmin etmir.


- Kağız üzərində Azərbaycan vətəndaşlarının çoxlu hüquqları var. Ancaq bunların heç bir reallaşdırılmır.


- Hər hansı dövlət orqanında vətəndaşın öz hüquqlarını müdafiə etməsi mümkün deyil.


XS
SM
MD
LG