Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:00

Vətəndaşların siyasi hüquqları qorunurmu?


«Dövləti idarə edənlər siyasi hüquqların qorunmasını istəməsə, heç nə etmək mümkün deyil»

«Dövləti idarə edənlər siyasi hüquqların qorunmasını istəməsə, heç nə etmək mümkün deyil»

Azərbaycanda vətəndaşların siyasi hüquqlarının nə dərəcədə qorunması məsələsi seçkilər öncəsi daha çox müzakirə obyektinə çevrilir. İndi də belədir. Prezident seçkilərinə olan müddət azaldıqca bu barədə fikirlər daha çox müşahidə olunur. Əlbəttə ki, məsələyə hərənin öz yanaşması var.


Vəkil Adil İsmayılov hesab edir ki, Azərbaycanda nəinki vətəndaşın siyasi hüquqları, ümumiyyətlə vətəndaş hüquqları qorunmur. Səbəblər müxtəlifdir. Əsas səbəblər normal qanunların olmaması, olan qanunların işləməməsi, qanunu tətbiq edənlərin özlərinin müstəqil olmaması və sairədir:


«Siyasi iradə olmasa, dövləti idarə edənlər bu hüquqların qorunmasını istəməsə heç nə etmək mümkün deyil».


Adil İsmayılov iki dəfə parlament seçkilərində iştirak etmək istəyib. Deyir birində namizədliyi ümumiyyətlə qeydə alınmayıb. Növbəti sonuncu seçkilərə qatılsa da saxtakarlıqla üzləşib. Hər iki halda ədalətsizliklə üzləşib.


Vətəndaşların siyasi hüquqlarının qorunmasının indiki vəziyyətinin ürəkaçan olmadığını düşünənlərin heç də hamısı bunun günahını hakimiyyətdə görmür. Problemin kökünü vətəndaşların özündə axtaranlar da var. Məsələn, Vətəndaş Cəmiyyəti Uğrunda təşkilatın rəhbəri Eldar İsmayılov hesab edir ki, ölkədə siyasi hüquqlar sahəsində vəziyyətin nə yerdə olmasını beynəlxalq təşkilatların Azərbaycana dair hesabatlarından öyrənmək mümkündür. Ancaq vətəndaşlar özləri də qanunların necə deyərlər yanından keçməyə meyllidirlər. Hüquqların pozulmasına münbit şəraiti bu amil də yaradır:


«Biz vətəndaşları günahsız çıxarmaq istəyirik. Amma mən dəfələrlə görmüşəm ki, vətəndaşlar qanunları pozur və nəticədə ümumi mənzərə belə olur».


Adil İsmayılov deyir ki, siyasi hüquqların qorunmamasında olan problemi vətəndaşın üzərinə qoymaq və ya onun öz hüquqlarını bilməməsinə bağlamaq düz deyil. Məsələn o, özü qanunları pozmur. Hüquqlarını isə yaxşı bilir. Amma bu heç nəyi dəyişmir.


Əlbəttə ki, bunlar ekspert rəyləridir. Bəs vətəndaşlar özləri bu barədə nə düşünürlər? Bakı küçələrində söhbət etdiyim vətəndaşların məsələyə münasibəti müxtəlif oldu. Kimisi hüquqlarının yetərincə qorunduğunu, kimisi isə bu məsələdə vəziyyətin yaxşı olmadığını dedi. Günahı hakimiyyətdə görənlər də oldu, problemin vətəndaşların öz hüququnu bilməməsində axtaranlar da.


FAR iqtisadi siyasi araşdırmalar mərkəzinin rəhbəri Hikmət Hacızadə deyir ki, ölkədə vətəndaşların siyasi hüquqları heç cür qorunmur. O bunu mətbuatda oxuduqlarına, beynəlxalq təşkilatların hesabatlarına və ən mühümü gözü qarşısında baş verənlərə əsaslanaraq deyir.


Hikmət Hacızadə deyir ki, istər siyasi istərsə də ümumi hüquqların normal qorunması üçün ilk növbədə ölkədə ədalətli seçki prosesi təmin edilməlidir. Ədalətli hökumət olmalıdır. Hakimiyyət əmin olmalıdır ki, seçicilərin onu dəyişmək imkanı var. Belə olanda hüquqlar da normal qorunacaq.


XS
SM
MD
LG