Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:50

«Azərbaycan NATO-ya üzvlük üçün arzusunu bildirməlidir»


«Azərbaycan addım atmalıdır»
«Azərbaycan addım atmalıdır»

«Azərbaycan NATO-ya üzvlük üçün arzusunu bildirməlidir». Bunu NATO-nun Əməliyyatlar Bölməsinin Planlaşdırma Şöbəsinin rəhbəri Dieqo Ruis Palmer Bakıda bəyan edib.


Cənab Palmer deyir ki, NATO-nun aktiv tərəfdaşı kimi Azərbaycan öz yerini müəyyənləşdirib: Fərdi Tərəfdaşlıq proqramında iştirak edir, beynəlxalq təhlükəsizliyə töfhə verir və sair.


Amma NATO nümayəndəsi deyir ki, bu əməkdaşlığın məntiqi sonluğunu müəyyənləşdirmək üçün Azərbaycan addım atmalıdır:


«Azərbaycan üzvlüklə bağlı müraciət etmədiyi üçün bu məsələ indiki vaxtda gündəmdə deyil. Bunun üçün də hesab edirik ki, NATO-nun açıq qapılar siyasətindən istifadə edib Azərbaycan üzvlük üçün arzusunu bildirməlidir».


NATO nümayəndəsi onu da vurğulayıb ki, Bakının öz siyasi seçimini bildirməsi üçün vaxt yetişib.


Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov isə «Azadlıq» radiosuna deyib ki, NATO-ya üzvlük barədə qərar çıxarmaq sadə məsələ deyil. Azərbaycan yaxın tərəfdaş ölkələrin təcrübələrini nəzərdən keçirəcək:


«Hər ölkənin öz təhlükəsizlik sistemini azad seçmək hüququ var. Biz NATO ilə addım-addım əməkdaşlıq edərək islahatlar aparırıq. Bu islahatlar kiminsə xoş sözünə və ya siyasi qiymətinə görə yox, sadəcə Azərbaycanın maraqlarına görə edilir».


Əzimov deyib ki, yaxın illərdə NATO-nun genişlənməsi regionda müsbət və mənfi aspektlər yarada bilər. Buna görə də Bakı öz maraqlarına uyğun hərəkət edəcək.


Bir sıra yerli ekspertlər isə hesab edirlər ki, Azərbaycan NATO-ya üzvlük üçün müraciət etməkdən çəkinir. Belə ki, bu zaman ölkədən ordu, demokratiya və digər sahələrdə köklü islahatlar tələb olunacaq.


Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il «Sülh naminə tərəfdaşlıq» proqramının imzalanması ilə qoyulub. Hazırda əməkdaşlıq Fəaliyyət Planının ikinci mərhələsi çərçivəsində həyata keçirilir.


İyunun 16-da Bakıda «NATO-nun yay həftəsi» başlayıb. Həftə iyunun 21-də başa çatacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG