Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:21

«Bu gün üçün ən optimal variant mövcud seçki komissiyalarinin tərkibidir»


«Bu gün üçün bundan yaxşısını təşkil etmək mümkün deyil»

«Bu gün üçün bundan yaxşısını təşkil etmək mümkün deyil»

«Avropa Şurasının Seçki Məcəlləsi haqda yeni rəyi ilə bağlı fikir ayrılıqlarımız var. Biz bunu təbii saymırıq. Elə məsələlər var ki, onu Azərbaycanın reallıqlarından çıxış edərək qiymətləndirmək lazımdır. O cümlədən də, Venesiya Komissiyasının seçki komissiyalarının tərkibi ilə bağlı təkliflərini». Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Turan»a belə deyib.


Onun sözlərinə görə, Azərbaycanın siyasi partiyalarının seçki komissiyalarının tərkibi ilə bağlı vahid mövqeyə gələ bilməyəcəyi əvvəlcədən bəlli idi: «Bu gün üçün ən optimal variant mövcud komissiyaların tərkibidir. Komissiyalarda həm müxalifət, həm çoxluq, həm də bitərəflər təmsil olunur. Bu, 2000-ci ildən sonra axtarılıb tapılmış formadır. Venesiya Komissiyası hesab edir ki, seçki komissiyaları daha çox etimad doğurmalıdır. Biz də tərəfdarıyıq ki, komissiyalar daha çox insanın etimadını qazanmalıdır. Amma bu gün üçün bundan yaxşısını təşkil etmək mümkün deyil».


Həsənov ümid edir ki, gələcəkdə Azərbaycanda seçki komissiyaları peşəkarlaşdırılacaq: «Siyasətdən asılı olmayan peşəkar insanlar, seçki institutlarının təmsilçiləri bu işləri aparacaq».


Onun fikrincə, sərbəst toplaşmaq azadlığı ilə bağlı Venesiya Komissiyası ilə Azərbaycan arasında fikir ayrılığı yoxdur: «Qanuna əlavə və dəyişikliklər əsas verir ki, hər bir vətəndaş, siyasi partiya, qüvvə sərbəst toplaşmaq hüququnu reallaşdıra bilsin. Bu məsələdə yeganə irad toplantıların harada keçirilməsi ilə bağlıdır. Bu da şəhərin mövcud infrastruktur imkanları çərçivəsində həll olunur. Sərbəst toplaşmaq azadlığının fundamental hüquq olduğunu Azərbaycan hökuməti dəyərləndirir və reallaşması üçün mövcud yaşayış sahəsinin kommunikasiya və infrastruktur imkanlarını nəzərə almaq şərtilə imkanlar yaradır».


Şöbə müdiri bütün siyası partiyaların, o cümlədə iqtidar partiyasının, təşkilatların, namizədlərin mitinqləri eyni yerdə keçirəcəyini deyib.


Əli Həsənov boykotla bağlı bəyanatların hamının fikri olmadığını və seçkini boykotun mümkün olmadığını bildirib: «Əgər hər hansı təşkilat və ya namizəd seçkidə iştirak etməsə belə, bu, seçkinin boykotu deyil. Sekini ancaq seçicilər boykot edə bilər. Bu isə real deyil. Çünki seçkiyə kifayət qədər seçici qatılacaq və kifayət qədər namizəd prezidentlik uğrunda mübarizə aparacaq. Bu səbəbdən boykot təklifi qeyri-ciddidir və mövcud reallığa uyğun deyil».


İyunun 13-də Avropa Şurası Venesiya Komissiyasının 75-ci sessiyasında Azərbaycanın «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunu və Seçki Məcəlləsinə dəyişikliklər müzakirə edilib. Komissiyanın nümayəndəsi Sergey Kuznetsov «Azadlıq» radiosuna deyib ki, məsələ ilə bağlı qurumun yekun rəyi mənfi olub.


XS
SM
MD
LG