Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:19

«İqtidarın məxfi seçki planından xəbərdaram»


«Hakimiyyət istəyir ki, oktyabrın 15-də narazı sosial bazanın əksəriyyəti seçkilərə qatılmasın»

«Hakimiyyət istəyir ki, oktyabrın 15-də narazı sosial bazanın əksəriyyəti seçkilərə qatılmasın»

«Yeni Müsavat» qəzeti:


«Gürcüstanda vəziyyət qarışsa, Azərbaycan əldən gedəcək»


«Rusiyanın Gürcüstanda siyasi vəziyyəti pozmaqda məçqsədi bu ölkədən keçən neft-qaz kəmərləri, o cümlədən «Bakı-Tbilisi-Ceyhan»a nəzarəti ələ almaqdır. Bu xəbərdarlıqla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski Senatda keçirilən dinləmələr zamanı çıxış edib. Onun sözlərinə görə, ABŞ Rusiyanın Gürcüstana qarşı Abxaziya və Cənubi Osetiya ilə bağlı hədələrini müşahidə edir, əslində isə bu hədələrin arxasında dayanan məqsəd BTC-yə nəzarəti ələ almaqdır. «Əgər Gürcüstan hökuməti destabilizə edilsə, o zaman Qərbin Bakıya, Xəzər dənizinə və ondan sonrakı bölgəyə çıxışı məhdudlaşacaq», - deyə Bzejinski bildirib. Rusiyanın Avrasiya enerji bazarlarında hərəkətlərinin təhlilinə həsr edilmiş çıxışında politoloq deyib ki, Moskva bu bazarlarda öz inhisarçı mövqeyini möhkəmləndirmək və bu məqsədlə əlindəki siyasi, iqtisadi rıçaqlardan istifadə etmək istəyir».


«Azadlıq» qəzeti:


«Lökbatanda gizli dərnək»


«İyunun 13-ü axşamüstü hüquq–mühafizə orqanları Lökbatanda məxfi əməliyyat keçirib və 1957-ci il təvəllüdlü Səadət Cavadovanı həbs ediblər. «İeqova şahidləri» dini sektasının üzvü olan S.Cavadova öz mənzilini qadağan olunmuş icmanın gizli dərnəyinin ofisinə çeviribmiş. Neçə ildir ki, burada müntəzəm olaraq gizli kurslar keçirilirmiş. Əməliyyat zamanı mənzildən 19 hərbi xəritə, xeyli qadağan olunmuş dini ədəbiyyat, SD/DVD vasitələri və dərnək üzvü olan 200-dən çox şəxsin siyahısı aşkar edilib».


«Bizim yol» qəzeti:


«İqtidarın məxfi seçki planından xəbərdaram»


Prezidentliyə namizəd, politoloq Eldar Namazov «Bizim yol» qəzetinə müsahibə verib:


«Mənə hakimiyyətin məxfi seçki planı bəllidir. İqtidarın inzibati resursları, «karusel» üsulunu işə salmaqla təqribən 20-25% səs yığmaq imkanı var. 5% isə könüllü olaraq gəlib hakimiyyət namizədinə səs verəcək. Yerdə qalanların iqtidara səs verəcəyi inandırıcı deyil. Ona görə də hakimiyyət oktyabr seçkilərinə xüsusi plan hazırlayıb. Qanunda artıq yetərsay problemi yoxdur. Hakimiyyət istəyir ki, oktyabrın 15-də narazı sosial bazanın əksəriyyəti seçkilərə qatılmasın. Bu halda özünün topladığı 25-30% seçicisi qalır və qələbə əldə olunur. Odur ki, hakimiyyət real müxalifət namizədlərinin seçkilərə qatılmamasını istəyir. İkincisi, hakimiyyət istəyir ki, seçki kampaniyası cəmiyyətdə hiss olunmasın. Təbliğat-təşviqatın məhdudlaşdırılması da buna yönəlib. İqtidar çalışır ki, seçkilərə 40% seçici qatılsın və bunların fonunda İlham Əliyevə səs verənlərin faizi 70-80% olsun. Ssenari belədir».


«525-ci qəzet»:


«Seçki beynəlxalq standartlara cavab verəcək»


«Əlbəttə, biz də çox istəyərdik ki, Azərbaycanın Seçki Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı hər şey Venesiya Komissiyası və Avropa Şurası ilə razılaşdırılmış şəkildə olaydı. Təəssüf ki, Azərbaycanın siyasi partiyaları ilə birlikdə komissiyaların yaradılması məsələsində ortaq razılığa gəlinə bilmədi. Bu müzakirələrdə nə qədər partiya iştirak edirdisə, bir o qədər rəy səsləndi, bir o qədər təklif ortaya qoyuldu. Ona görə də razılıq əldə olunmadı». Bunu Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri komissiyaların indiki tərkibindən daha səmərəli təklif irəli sürməyin mümkün olmadığını bildirib: «Əgər gələcəkdə bu mümkün olacaqsa, yaxud komissiyaların professionallaşdırılması və ya hansısa şəkildə siyasi qüvvələrdən tam azad olunması prosesi gedəcəksə, bu, daha yaxşı olacaq. Amma biz düşünürük ki, bu gün bu tərkiblə demokratik seçkilər keçirmək mümkündür». Ə.Həsənov bu fikirləri Venesiya Komissiyasına da çatdırdıqlarını söyləyib: «Amma komissiyalar məsələsində razılığa gəlinməməsi heç də o demək deyil ki, Azərbaycanda demokratik, ədalətli, şəffaf seçkilərə hansısa xələl gələcək. Azərbaycanda bütün beynəlxalq standartlara cavab verəcək seçkilər keçiriləcək».


XS
SM
MD
LG