Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:58

«Səni görüm yolun Masazır dairəsindən düşsün…»


Masazırda hər yer qazılıb
Masazırda hər yer qazılıb

«Kim kimə qarğış eləsə, desin səni görüm Masazırda «moyka» açasan». Masazır sakini Həmid kişi belə deyir. Hələ bu harasıdı. Müasir folklor nümunələrinin yarandığı Masazırda bir qarğış da var: «Səni görüm yolun Masazır dairəsindən düşsün». Xeyli vaxtdı yol çəkildiyindən, keçid salındığından Masazırda hər yer qazılıb. İsti havada torpaq, yağmurlu havada isə palçıq əlindən tərpənmək olmur. Amma onu da deyim ki, bu qarğışın ömrü müvəqqətidi. Çünki işlər yaxın zamanlarda bitməlidi.


Həmid kişi deyir ki, 60 manat təqaüdə möhtac olmasın deyə, övladlarının köməyilə evinin birinci mərtəbəsində maşınların yuyulması üçün yer açıb. Ancaq buna peşimandı. Çünki su olanda, işıq olmur, işıq olanda su. Son vaxtlar isə daha bir problem ortaya çıxıb. Bu da qışda üzünü görmədikləri, yayda da hərdən bir verilən qazla bağlıdı: «Qaz idarəsində mənə deyirlər ki, kompyuterdə 799 manat borcun var. Deyirəm bu borc hardan çıxıb, kosmosdan, yoxsa başqa bir yerdən. Axı qaz pulunu ödəyirəm».


Həmid kişi özünü Xırdalan qaçqını sayır. Problemlərin əlindən 6-7 il əvvəl Masazıra gəlib. İndisə deyir ki, vəziyyət düzəlməsə, evini satıb anadan olduğu Xızıya gedəcək.



Masazır sakinləri seçkiyə gedib-getməyəcəklərindən danışmaqda maraqlı deyillər. Amma deyirlər ki, seçki ilində prezident onların adına yazılan borcların bağışlanmasıyla bağlı göstəriş versə, bu, göydəndüşmə olar

Masazır qaz pulu, işıq pulu sarıdan borc içində üzür. Kənd ağsaqqallarının sözlərinə görə, bütün problemlərini aldıqları 60 manat təqaüdlə həll edirlər. Qəsəbə sakini Qəmbər bildirir ki, axırıncı dəfə nə vaxt ət yediyi yadından çıxıb. Belə dolanışıq azmış kimi 600 manat da işıq pulu borcu var: «Əlimdə ödəniş çeklərim var. Mənə deyirlər borcun yaranıb. İndi elə adam yoxdu ki, onun borcu olmasın. İşıq da elədi, qaz da, su da».


Masazırda az qala qəsəbə sakinlərindən çox, çinli və sabirabadlı yaşayır. Çinlilər qəsəbədəki müxtəlif firma və şirkətlərdə çalışır, sabirabadlılar isə Masazırın tən ortasından keçən yolun kənarında köhnə maşınlarda qarpız satırlar. Ancaq satıcılar alıcı qıtlığından şikayətlənirlər. Qarpızı indi yarı qiymətə də alan yoxdu.


Qəsəbənin girişində qızğın tikinti işləri getsə də, içərilərə doğru hər yerdə sakitlikdi. Ölkəni xörək duzuyla təmin edən duz gölü də Masazırda yerləşir. Qəsəbə sakinləri deyirlər ki, neft bütün ölkənin sərvəti olduğu kimi, duz da bizim sərvətimizdi.


Masazır sakinləri seçkiyə gedib-getməyəcəklərindən danışmaqda maraqlı deyillər. Amma deyirlər ki, seçki ilində prezident onların adına yazılan borcların bağışlanmasıyla bağlı göstəriş versə, bu, göydəndüşmə olar.


Masazırdan bir qədər aralıda yerləşən Saray qəsəbəsinin problemləri də oxşardı. Saray sakini Məhəmməd Quliyev illərdi ailənin yeganə ümid yeri olan inəyi satmaq qərarına gəlib. O, deyir ki, inək günə 10 litr süd verir, amma nə otarmağa, nə də suvarmağa yer var. Qapalı şəraitdə saxlamağa isə gücü çatmır. Bir tərəfdən, xəstəlik onu əldən salıb inəyə yaxşı baxa bilmir, digər tərəfdənsə satdığı süd-qatıq ot pulunu da çıxarmır.


Məhəmməd kişi deyir ki, zəmanənin üzü qara olsun, altı nəfər ailəni neçə illər çətin gündən, aclıqdan çıxaran bu inəyi indi bütün ailə saxlamaq gücündə deyil. O, inəyi kiməsə satmaq istəmir, deyir, qəssaba verəcəm ki, onu kiminsə qapısında görməyim: «Otun bir bağlamasını 3 manata, kəpəyin, yemin kilosunu isə 60 qəpiyə alıram. Bu inək bizi yox, özünü güclə saxlayır. Bundan başqa, qapının ağzına peyin yığmışdım, məni verdilər məhkəməyə getdim Xırdalanda 11 «şirvan» ödədim».



Saray mağazalarında nisyə dəftərləri lap çoxdu. Hətta elə borclar var ki, 7-8 il bundan əvvəldən qalıb. Qəsəbə sakini Vaqif deyir ki, burda az adam tapılar ki, onun hansısa mağazaya borcu olmasın.


Sakinlərin bir narazılığı da Sarayın yollarıyla bağlıdı. Adamlar deyirlər ki, qəsəbənin ortasından düz Sumqayıt şəhərinə qədər yol asfalt olsa da, digər yollar bərbaddı: «Gedin, məhəllələri gəzin, görün yollarımız nə gündədi».


Qəsəbə ağsaqqalı 80 yaşlı Həsən kişilə çörək mağazasından bir qədər aralıda rastlaşdım. Mənə göstərdiyi olan-qalan 40 qəpiklə mağazaya çörək almağa gedirdi: «Öğluma xəbər göndərmişəm ki, sabaha şörəkpulu göndər, göndərməsə, verəcəm məhkəməyə».


Həsən kişi deyir ki, vəziyyət ona görə belədi ki, prezidentin göstərişlərinə yerlərdə əməl olunmur, olunsa, hamı yaxşı dolanar, hər şey hamının ürəyincə olar, biri ac, digəri tox olmaz.


Saray qəsəbəsinin bəzi özünəməxsusluqları da var. Burda qarşılaşdığın adamlar az qala bütün suallara şeirlə, meyxanayla cavab verirlər. Qəsəbədə meyxana qadınlar arasında da yayılıb. Sarayın məhşur meyxanaçısı Xanımana Saraylı: «Mən deyirəm qızıl üzük atılmaz, atılsa da, heç dəmirə qatılmaz…»


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG