Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:21

«Şimaldan «yaşıl qasırğa» gəlir»


«Büdcədən vəsait ayrılan kimi çəyirtkələri qırmağa başlayacağıq»
«Büdcədən vəsait ayrılan kimi çəyirtkələri qırmağa başlayacağıq»

«Ekspress» qəzeti:


«Azərbaycanın şimal rayonları real təhlükə ilə üzləşə bilər. Yaxın iki həftə ərzində Rusiyanın cənub bölgələrindəki milyonlarla çəyirtkənin sərhədi keçərək Qusar, Quba, Xaçmaz, Xudat və Nabrandakı tarlalara, zəmilərə, bağlara və əkinlərə daraşması ehtimal olunur.


Son bir həftə ərzində Rusiyanın Cənub Federal Dairəsinin 13 bölgəsindən yeddisində çəyirtkələr göydə bulud təki hərəkət edərək minlərlə hektar əkini məhv edib.


Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional İdarəsinin mətbuat xidmətinin rəhbəri Oleq Qrekovun dediyinə görə, çəyirtkə «ordu»ları Volqoqrad və Həştərxan vilayətləri, Stavropol diyarı, Dağıstan, Kabarda-Balkar, Kalmıkiya və Çeçenistanda müşahidə olunur. 175 min hektar ərazində əkinlər artıq büsbütün məhv olmaq ərəfəsindədir.


«Hələlik yalnız sutkada 3 min hektara zəhərli kimyəvi maddələr səpərək çəyirtkələrə qarşı mübarizə aparmağa çalışsaq da, işlər yetərincə effektiv deyil. Əgər mübarizə indiki templərlə davam edərsə, ziyanverici həşəratın sürfələrinin olduğu ərazilər vaxtında dərmanlanmasa, «hucum»un miqyası daha da artacaq», - deyə O.Qrekov bildirib.


Dağıstan Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən «Ekspress» əməkdaşına verilən məlumata görə, respublikanın 22 rayonunu çəyirtkə basıb.


«Həmin rayonlarda fövqəladə vəziyyət elan etmişik. Büdcədən vəsait ayrılan kimi çəyirtkələri qırmağa başlayacağıq. Lazımi kimyəvi və zəhərli maddələr, aqrokimyəvi vasitələr alınması üçün rəhbərliyə müraciət etmişik. Əlimizdən gələni edirik ki, çəyirtkə daha geniş areala yayılmasın. Bu ziyanverici həşəratın Azərbaycana keçə bilməsinə gəldikdə isə, hadisələrin belə inkişaf variantını birmənalı istisna etmək olmaz», - Dağıstanın Baş nazir müavini, Kənd Təsərrüfatı və Ərzaq naziri Murat Şıxsəidov bildirib».


«Bizim Yol»:


«YAP-da kütləvi təmizləmə gözlənilir»


«Murtuz Ələsgərov, Cəlal Əliyev, Əvəz Ələkbərov, Yusif Hümbətov yeni rəhbərlikdə olmayacaq…Qurultay ərəfəsində Yeni Azərbaycan Partiyası çalxalanır. Çünki bu dəfəki ali toplantı təşkilatda bir çox yeniliklərlə yadda qalacaq. Partiya rəhbərliyində təmsil olunan bir sıra tanınmış şəxslərin əvəzlənəcəyi artıq dəqiqləşdiyindən «köhnələr» təşvişə düşüb. Xüsusilə mərhum Heydər Əliyevi Bakıya dəvət edən «91»lərin böyük əksəriyyəti partiyadakı hadisələri prezident İlham Əliyevin diqqətinə çatdırmaqla özlərinə qarşı aqressiv münasibəti yumşaltmağa çalışırlar. Onların hədəfi Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevdir. Cənab Mehdiyevin onlara necə mane olması barədə dəqiq məlumat yoxdur. Amma narazı «91»lər hesab edirlər ki, onlara qarşı biganə münasibətin kökündə aparat rəhbərinin rolu böyükdür».


«Azadlıq» qəzeti:


«Aeroportda müdhiş qarət»


«İş adamı Qorxmaz Abbasov və qardaşı Coşqun basqına məruz qalıb. Hadisə iyunun 10-da axşam saatlarında Qorxmaz Abbasovun «Aeroport bazarı» kimi tanınan «Binə» Ticarət Mərkəzindəki valyutadəyişmə məntəqəsinin yaxınlığında baş verib. Qəzetə məlumat verən mənbənin sözlərinə görə, basqınçılar qardaşlardan 250 min dollar aparıblar. Qorxmazla Coşqun evə getmək istəyiblər. Maşına oturanda görüblər ki, təkər boşalıb. Qorxmaz usta dalınca gedib, Coşqun isə maşında gözləyib. Maşında 207 min manat, yəni təqribən 250 min dollar pul olub. Bu zaman iki nəfər maskalı şəxs maşına basqın edib. Onlarda silah da olub. Hətta Coşqunu qorxutmaq üçün havaya atəş də açıblar və pulu götürüb hadisə yerindən uzaqlaşıblar».


«Azərbaycan» qəzeti:


«Tarixin dönüş anı»


«Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. O, Azərbaycanın tərəqqi və inkişaf yolunu müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, ehkamlaşmış köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir. 1993-cü il Azərbaycanın dövlət müstəqilliyi tarixində ən mürəkkəb və həlledici il hesab edilir. 15 iyun tarixi zərurətin nəticəsi idi. Həmin gün xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni bir siyasi dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi adlamasına əsaslı təminat yaratdı. Ulu öndərimizin təbirincə desək: «Biz bütün çətinliklərdən keçdik, bütün bu maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq».


XS
SM
MD
LG