Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:25

«Siz bu torpağı götürüb qaça bilməzsiniz»


«Dünyada muxtariyyətin hansı modeli varsa, gəlin, onun üzərində işləyək»
«Dünyada muxtariyyətin hansı modeli varsa, gəlin, onun üzərində işləyək»

«Ermənistanın mövqeyində bəzi yeni məqamlar var». Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 10-da bəyan edib. O, deyib ki, bu yenilik Ermənistanın yeni rəhbərliyi ilə Sankt-Peterburqda keçirilən görüş zamanı məlum olub. Amma nazir bu məqamların nədən ibarət olduğunu açıqlamayıb:


«Tanışlıq xarakteri daşıyan görüşdə qərara gəlindi ki, danışıqlar davam etdirilsin. Həmsədrlər regiona gəlməlidirlər, onlar ayın sonuna qədər fikirləşməlidirlər ki, mövcud təkliflər əsasında tərəflərin fikirlərini uzlaşdırsınlar».


Məmmədyarov deyib ki, danışıqlarda tam fərq olmasa da, yeni nüanslar əmələ gəlib:


«Biz Madrid təklifləri ətrafında işləyirik. Bəzi məqamlar var ki, razılaşdırmamışıq, amma bu, prinsipial xarakter daşıyır. İndi vaxt lazımdır ki, iş aparılsın».


Bununla belə nazir deyib ki, Azərbaycan münaqişənin tez həllini istəyir:


«Ermənistanlı həmkarıma deyirəm ki, siz bu torpağı götürüb qaça bilməzsiniz, orada hasar tikə bilməzsiniz. Onsuz da istər-istəməz qonşuluq siyasəti aparmalısınız. Nə qədər geniş qonşuluq siyasəti aparsanız, bu, sizin milli maraqlarınıza uyğun olar».


Məmmədyarov deyib ki, Azərbaycan ərazi bütövlüyü çərçivəsində kompromislərə hazırdır. Bu kompromis birincisi, münaqişənin sülh yolu ilə həllinə sadiqlik, ikincisi isə Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilməsi ola bilər:


«Dəfələrlə Ermənistana çatdırmışam ki, dünyada muxtariyyətin hansı modeli varsa, gəlin, onun üzərində işləyək. İstəyirsiniz, Tatarıstan variantını götürək. İstənilən model üzərində işləməyə hazırıq».


Nazir deyib ki, statusdan əvvəl Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalı, məcburi köçkünlər yurdlarına qayıtmalı, iqtisadiyyat inkişaf etməli və kommunikasiyalar açılmalıdır.


E.Məmmədyarov onu da deyib ki, münaqişənin həllinə dair danışıqlarla bağlı Azərbaycan beynəlxalq ictimaiyyəti məlumatlandıracaq:


«Razı ola bilmərik ki, bu məsələ gizli yolla hansısa danışıqlar səviyyəsində həll olunsun».


Nazir habelə deyib ki, sülh Dağlıq Qarabağın inkişafını tezləşdirə və Ermənistanın Azərbaycanla əməkdaşlığını mümkün edə bilər.


İyunun 6-da İlham Əliyevlə Serj Sərkisyanın görüşündən sonra hər iki ölkənin Xarici İşlər nazirləri birgə bəyanatla çıxış ediblər. Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan deyib ki, dövlət başçıları onlara Minsk Qrupu ilə işi davam etdirmək göstəriş verib. O, bildirib ki, söhbət danışıqları sıfırdan başlamaqdan yox, qaldığı yerdən davam etdirməkdən gedir.


Əvvəllər Azərbaycan münaqişənin mərhələli, Ermənistan isə paket həllini istəyirdi. 2004-cü ildən Praqada başlanan və indiyə qədər davam edən danışıqlar isə münaqişənin 9-10 təməl prinsip üzərində həllini nəzərdə tutur. Ötən ilin sonlarında həmsədrlər bu prinsipləri bir yerə toplayaraq Madriddə Xarici İşlər nazirlərinə təqdim ediblər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG