Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:46

«Bizə qaz axırıncı dəfə Elçibəyin prezidentliyi dövründə gəlib»


Bakı kəndlərində köhnə kanalizasiya çirkab suları yaşayış binalarının qarşısına daşıyır

Bakı kəndlərində köhnə kanalizasiya çirkab suları yaşayış binalarının qarşısına daşıyır

«Bakı kəndlərinin sosial iqtisadi inkişafı üzrə» 2004-2008-ci illər üçün nəzərdə tutulan dövlət proqramında kəndlərin elektrik enerjisi və təbii qazla bütünlüklə təmin edilməsi nəzərdə tutulub. Bundan əlavə magistral və məhəllədaxili yolların təmiri, su kəmərlərinin yenilənməsi, kanalizasiya sistemi yaradılması və əhalinin məşğulluğu ilə bağlı bir sıra tədbirlərin gerçəkləşdirilməsi də nəzərdə tutur.


Artıq dövlət proqramın icra müddətinin başa çatmasına bir neçə ay qalıb. Bakı sakinləri deyir ki, Avropa dövlətlərinə qədər gedib çıxan Azərbaycanın təbii qazını və elektrik enerjisini öz mənzillərində həsrətlə gözləməkdə davam edirlər:


«- Axırıncı dəfə bu məhəllələrə qaz nə zaman verilib?


- 1992-ci ildə. Elçibəyin prezidentliyi dövründə.


- Rəsmi strukturlara müraciət edirsiniz?


- Müraciət edirik, ancaq heç kim gəlib baxmır. Deyirlər ki, sizin məhəlləyə qaz çəkmək üçün 70-80 metr boru alınmalıdır. Pul yığın, alın, gələk çəkək.


- Yol qıraqlarında qaz var, kəndin içərilərində qaz yoxdur».


Bu, Bakının Maştağa, Bilgəh və Nardaran kəndlərində yaşayanların dedikləridir. Sakinlər 16 ildir rəsmi strukturlara müraciət etməkdən təngə gəldiklərini bildirirlər. Nəticəsi isə yoxdur. Maştağa Sakini Vahid Orucuv deyir ki, kəndə qaz verilməsə də, qaz pulu üçün qapılarını tez-tez döyürlər:


«Bir adam gəlib baxmır ki, qaz var, yoxdur. Elə qaz idarəsindən gəlib deyirlər, pulunu ver. Bir baxın, görün, burada bir kibrit dənəsi alışır?»


«Azəriqaz» Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı bildirir ki, 2008-ci ilin qışında da Bakı kəndlərinin bütünlüklə təbii qazla təmin edilməsi inandırıcı görünmür:


«Biz deyə bilmərik ki, yüz faiz bu məsələ həll ediləcək. Sadəcə, dairəvi xətlər başa çatdırılacaq. Məhəllədaxili qoşulmalar isə bir qədər də vaxt aparacaq. Ona görə soyuqlar düşənə qədər deyə bilmirik ki, bütün kəndlər sonadək qazlaşdırılacaq. Problemin 100 faiz həll ediləcəyini demək çətindir».



Bakı kəndlərini ən çox narahat edən həm abonent hesablarında illərlə yığılıb qalan qaz pulu borclarıdır. Problem ondadır ki, Bakı kəndlərində qaz sayğaclarının quraşdırılması bir neçə aydır başa çatıb. Buna qədər isə abonentlərə normativlər üzrə borclar yazılıb. Elə abunəçilər var ki, hesablarında 500-600 manat borc var

Bakı kəndlərində yaşayanları ən çox narahat edən həm abonent hesablarında illərlə yığılıb qalan qaz pulu borclarıdır. Problem ondadır ki, Bakı kəndlərində qaz sayğaclarının quraşdırılması prosesi bir neçə aydır başa çatıb. Buna qədər isə abonentlərə normativlər üzrə borclar yazılıb. Elə abunəçilər var ki, hesablarında 500-600 manat borc var. «Azəriqaz»ın təmsilçisi deyir ki, hansı abunəçi mənzilinə qaz gəlmədiyini rəsmiləşdirməyibsə, qaz pulunu mütləq ödəməlidir:


«Əgər bizim səhvimizə görə kiməsə borc yazılıbsa, onda borclar silinəcək».


Bakı kəndlərinin çoxunda kanalizasiya xətti də yoxdur.


2008-ci ilin sonuna qədər Maştağa, Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı qəsəbələri üçün vahid kanalizasiya sisteminin yaradılması planlaşdırılır. Maştağa bələdiyyəsindən bildirirlər ki, işlər plan üzrə gedir. Hələlik ötən əsrin 60-cı illərində çəkilmiş köhnə kanalizasiya xətləri çirkab sularını paytaxtın kanalizasiya sisteminə deyil, yaşayış binalarının qarşısına daşıyır. Günlərlə daşınmayan zibilin kanalizasiya sularına qarışıb hansı mənzərə yaratdığını təsəvvür etmək isə o qədər də çətin deyil.


Maştağa, Bilgəh, Nardaran kəndlərində ümumilikdə təxminən 100 minə qədər əhali yaşayır. Ancaq bu kəndlərə işləyən marşrutlara yenə də kiçik tutumlu köhnə avtobuslar çıxır. Bakı şəhər Nəqliyyat Departamentinin sözçüsü Samir Həsənov deyir ki, Bakıya iri tutumlu avtobuslar gətirildikcə problem yoluna qoyulacaq:


«Bütün marşrutlarda eyni zamanda qayda yaratmaq mümkün deyil. Çünki iri tutulu avtobuslar hissə-hissə gətirilir. Gətirildikcə də isə onlar marşrutlar üzrə bölüşdürüləcək».


2007-2008-ci illərdə Bakıda bir neçə yeni yollar və körpülər tikilib. Bakı sakinləri deyir ki, magistral yollar yenilənsə də məhləllədaxili yolların təmiri heç kimin yadına düşmür.


Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov paytaxtda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə işlərin davam etdiyini deyir. Ancaq görüləcək işlər sırasında məhəllədaxili yolların təmiri yoxdur:


«Qəsəbələrə biz yol çəkmişik. Təxminən bir ay öncə Zabrat-Balaxanı-Mehdiadab istiqamətində yol açıldı. Ancaq məhəllə daxili yolların təmiri bələdiyyələrin səlahiyyətindədir».


Namiq Həsənovun sözlərinə görə, iyunun 13-dən Sabunçu dairəsindən hava limanı istiqamətindəki magistral yol bağlanacaq. Səbəb 14 kilometrlik 8 və 12 zolaqlı yolun tikintisidir. Buna görə də Buzovna, Suraxanı, Mərdəkan, Şüvəlan istiqamətində hərəkət edən marşrutlar Zabrat-Maştağa yolu ilə hərəkət edəcək. Tikinti işlərinin nə qədər sürəcəyi bəlli olmasa da bu kəndlərdə yaşayanların mənzil başına ən azı 1 saat


gec çatacağı indidən bəllidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG