Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:11

Hakimiyyət bütün maliyyə əməliyyatlarını nəzarətə götürür


«Güman etmirəm ki, çirkli pulların dövriyyəsi hakimiyyətin nəzarətindən kənardır»
«Güman etmirəm ki, çirkli pulların dövriyyəsi hakimiyyətin nəzarətindən kənardır»

«Azadlıq» qəzeti:


Milli Məclis yeni bir qanun qəbul etməyə hazırlaşır. «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanun layihəsi yaz sessiyasının sonuna qədər birinci oxunuşda qəbul ediləcək.


Milli Məclisin komissiya sədri Əli Hüseynov bildirib ki, bu qanunun qəbul edilməsi Azərbaycanın Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikdir.


Ə. Hüseynov bildirib ki, qanun qəbul olunduqdan sonra Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə aparan yeni orqan yaradılacaq. Qanun layihəsində bu orqanın hansı statusla və adla yaradılması ölkə başçısının ixtiyarına verilir.


Yeni kəşfiyyat xidməti 20 min manatdan artıq bütün əməliyyatları yoxlayacaq.


İqtisadçı-ekspert Qubad İbadoğlu qurumun çirkli pulların siyasi hakimiyyətin nəzarətindən kənara çıxmaması üçün yaradılması ehtimalını istisna edir:


«Mən güman etmirəm ki, çirkli pulların dövriyyəsi, korrupsiya vasitəsilə qazanılan, mənimsənilən pullar siyasi hakimiyyətin nəzarətindən kənardır. Onsuz hakimiyyət indi də ona lazım olan məqamlarda kiməsə qarşı cinayət təşəbbüsü ilə çıxış edə, yeri gələndə, həbsxanaya da sala bilir. Ümumiyyətlə, çirkli pullar vasitəsilə külli miqdarda varidat əldə etmiş şəxslər hər zaman daxili sarsıntı ilə yaşayırlar və bu, onları idarə etmək üçün bir vasitəyə çevrilir. Qəbul olunacaq qanun hiss olunur ki, çirkli pulların qazanılmasını, maliyyə cinayətləri ilə əldə edilmiş gəlirlərin mərkəzləşdirilməsini daha sistemləşdirəcək. Digər tərəfdən, böyük məbləğlərlə yanaşı, kiçik məbləğlər də daim nəzarətdə olacaq. Bu baxımdan, hesab edirəm ki, qanunun tələbləri kifayət qədər sərtdir».



«Ayna» qəzeti:


Rusiya prezidenti Dmitri Medvedevin iyulun əvvəllərində Azərbaycana səfəri zamanı Kremlin Xəzərdə yaratmaq istədiyi «Kasfor» hərbi birləşməsi ilə bağlı məsələ də müzakirə ediləcək.


Bu barədə «Ayna»ya Rusiyadakı diplomatik qaynaqlardan məlumat daxil olub.


«Məsələ indiyədək müdafiə və xarici işlər nazirlikləri səviyyəsində müzakirə edilib. İndi isə növbə prezidentlərə çatıb... Bu məsələ ilə bağlı prezidentlərin Sankt-Peterburq görüşündə ümumi fikir mübadiləsi aparılıb və Xəzərin təhlükəsizliyini birgə qorumağın vacib olduğu barədə qənaət formalaşıb», - deyə məlumatda qeyd olunur.


Rusiyadakı mənbələrin məlumatına görə, Xəzəryanı dövlətlərin «Kasfor» ideyasını dəstəkləməsi yolunda əsas maneə artıq dəf edilib. Xüsusilə Azərbaycan və Türkmənistanın mövqeyində bu məsələdə Rusiya ilə yaxınlaşma hiss edilir. «Bu isə Rusiyanın təşəbbüsünün yaxın vaxtlarda gerçəkləşəcəyinə əminlik yaradır», - deyə mənbə bildirib.



«Yeni Müsavat» qəzeti:


Hikmət Hacızadənin başına az qala lətifəyə bənzər bir hadisə gəlib. Neçə il öncə qaradərili insanların yaşadığı bir ölkədə səfərdə olan Hikmət Hacızadə bir zənci ilə ordan-burdan söhbət edirmiş, həmin qaradərili Azərbaycanda vəziyyətin necə olduğunu soruşub. Hikmət bəy də heç nəyi şişirtmədən Azərbaycandakı vəziyyəti həmin şəxsə anladıb. Zənci onun dediklərini eşidən kimi başlayıb ağlamağa. Sonra da deyib ki, a bəy, sizin gününüz bizim dərimizin rəngindən də qaradır ki.


Qaradərili olanda nolar, çox düz buyurub... Bu gün Azərbaycan hakimiyyətinin, ayrı-ayrı məmurların, oliqarxların xalqa münasibəti ötən əsrin 50-60-cı illərinin Amerikasında ağların qaralara münasibətindən qətiyyən fərqlənmir. Bu gün Azərbaycan insanının günü də həmin illərin Amerikasında yaşayan qaradərililərin günündən yaxşı deyil. Hər yerdə süründürməçilik, hər yerdə özbaşınalıq, hər yerdə rüşvət, talançılıq, saxtakarlıq, hər yerdə güclünün zəif üzərində hökmranlığı, hər yerdə bərabərsizlik. Budu Azərbaycanın günü. Dərimizin rəngi günümüzün rənginə tərs münasibdir...



«Yeni Azərbaycan» qəzeti:


Oktyabr ayı da gəlib keçəcək, seçki bitəcək, nəticələr elan olunacaq, inauqurasiya keçiriləcək... NABUCCO da, Brodı kəmərləri də çəkiləcək, amma müxalifət 2008-ci il prezident seçkiləri ilə bağlı mövqeyini dəqiqləşdirməyəcək...


Amma seçkidə iştirakı dəqiqləşən müxalifət partiyalarında da vəziyyət yaxşı deyil. Onlar da etiraf edirlər ki, seçkidə iştirakları və ya boykot heç nəyi dəyişməyəcək. Çünki, ümumiyyətlə, onların bu seçkidə iştirakçı qismində varlığı belə cəmiyyət üçün maraqsızdır. O cəhətdən də başa düşüb qeyd etməyi özlərinə borc bilirlər ki, seçkini boykot etməklə «paslanaraq», qoşulmaqla «işləyərək» əriyəcəklər...


Dünyada analoqu olmayan Azərbaycan müxalifəti 15 ildir ki, eyni ideya, eyni tezis, təfəkkür və strategiya ilə «silahlanıb».... Elə bunun nəticəsidir ki, öz azsaylı tərəfdarları da onlardan üz çevirdilər.


İndi də «əriyəcəklərini» deyirlər. Barı heç olmasa, şam kimi əriməklə bir məntiq və məqsəd nümayiş etdirəydiniz. Mənasız ömür, mənasız ərimə. Bu, ikitərəfli zərbədir.


XS
SM
MD
LG