Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:59

Obamamaniya


«Mən prezident olsam, İran liderləri ilə sərt və prinsipial dialoq aparacağam»

«Mən prezident olsam, İran liderləri ilə sərt və prinsipial dialoq aparacağam»

İndoneziyada dua edirlər ki, Barak Obama Amerika prezidenti olsun. Çünki Obama uşaqlığını İndoneziyada keçirib. Keniyada da dua edirlər ki, Obama prezident olsun. Çünki onun atası keniyalıdır. Həm də Obamanın özü xristian olsa da, atası müsəlmandır. Havay adlarında isə bayramdır, çünki Obama burda anadan olub...


Bunları xəbər verən «Assoşeyted Press» yazır ki, Barak Obama Demokrat Partiyasından prezidentliyə vahid namizəd olan kimi dünyada bir Obamamaniya başlanıb. Bunun səbəbini Mexikoda bir qız belə izah edib: «Corc Buş varlıların adamı idi, Barak Obama isə xalqın içindən çıxıb, xalqın adamıdır».


Misirdə bir dükan sahibi isə agentliyə deyib ki, növbəti prezident istər ağ olsun, istər qara, onun siyasəti eyni olacaq.


Ancaq bunu indidən demək çətindir. Obama ilə prezidentliyə respublikaçı namizəd Con Makkeyn arasında prinsipial məsələlərdə fikir ayrılığı var. Obama namizəd olan kimi deyib ki, İrana imkan verməyəcək atom bombasını düzəltsin. Ancaq Tehranla danışacaq. Con Makkeyn isə indiki prezident Corc Buş kimi İranla danışığın əleyhinədir. O, Obamanı qınayır ki, sadəlöhv və təcrübəsizdir. Makkeynin dediklərində əsas var, ya yox, demək çətindir, ancaq Barak Obamanın namizəd olan kimi «İsrailin paytaxtı bölünməz Qüds olmalıdır» söyləməsi Fələstində böyük narazılıq doğurub. Fələstin lideri Mahmud Abbas Obamanın sözlərini tamamilə rədd etdiyini bildirib.


Amerika hərbi dəniz donanmasının keçmiş zabiti, vaxtilə hərbi əsirliyi də görmüş respublikaçı namizəd Con Makkeyn iyunun 4-də deyib: «Senator Obama heç bir ilkin şərt qoymadan bu fərdlə (İran prezidenti Əhmədinejad nəzərdə tutulur) danışıq aparmaq istəyir. Əziz dostlar, bu, səhvdir, bu, sadəlöhvlükdür, bu, yalnız təcrübənin yoxluğunu və fikir yürütmək bacarığının olmamasını göstərir».


Barak Obamanın cavabı isə belə olub: «Bəzilərinin dediyinin əksinə olaraq, mənim kiminləsə danışıq təəssüratı oyatmaq marağım yoxdur. Mən prezident olsam, İran liderləri ilə sərt və prinsipial dialoq aparacağam».


Con Makkeyn isə deyir ki, Amerikanın yəhudi icması ilə görüşdə Holokostu – 6 milyon yəhudinin qırğınını danan Əhmədinejadla dialoqdan danışan siyasətçini başa düşmür.


XS
SM
MD
LG