Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:42

«Amnesty International» Aqil Xəlili mükafatlandırdı


«Jurnalistikanın dünyanın bir çox yerlərində ekstremal peşə olaraq qalması kədərli haldır»
«Jurnalistikanın dünyanın bir çox yerlərində ekstremal peşə olaraq qalması kədərli haldır»

Jurnalistlər Əbdül Kərim əl Həyvani (Yəmən) və Aqil Xəlil (Azərbaycan) «İnsan hüquqları uğrunda jurnalistika» mükafatının qalibi elan olunublar. Bu mükafat hər il «Amnesty İnternational» təşkilatı tərəfindən verilir. Bu barədə «Turana» sözügedən qurumun Londondakı ofisindən bildiriblər.


Hər iki jurnalist öz məqalələrinə və hakimiyyəti tənqid etdiklərinə görə, təqib və təzyiq obyektinə çevriliblər. «Amnesty İnternational»ın KİV məsələləri üzrə direktoru Mayk Blakmor bildirib ki, hər il onlar dünyada insan hüquqlarını müdafiə edərək, həyatını riskə atan jurnalistləri mükafatlandırır:


«Jurnalistikanın dünyanın bir çox yerlərində ekstremal peşə olaraq qalması kədərli haldır. Əbdül Kərim və Aqil Xəlil yalnız həyatlarını risk altında qoyan jurnalistlərdən ikisidir. Onların işinə diqqət çəkərək, biz müvafiq hakimiyyətləri jurnalistlərin təhlükəsizliyini təmin etməyə, ifadə və yerdəyişmə azadlıqlarını dəstəkləməyə çağırırıq. Eyni zamanda, dünyada heç bir jurnalistin işinə görə, basqın və həbsə məruz qalmalı olmadığını da diqqətə çatdırırıq».


Qaliblərə mükafat 17 iyun tarixində Londonda təntənəli mərasimdə təqdim olunacaq. Ümumilikdə, KİV sahəsində 10 kateqoriya üzrə mükafat təqdim olunur: fotojurnalistika, TV xəbərləri, radio, onlayn mətbuat və s.


«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil fevralın 22-də peşə borcunu yerinə yetirərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları olduğu iddia edilən Dağbəyi Allahverdiyev və Akif Çovdarov tərəfindən döyüldüyünü bildirir. Bu hadisədən sonra isə jurnalist ürək nahiyəsindən bıçaqlanıb. Baş Prokurorluq A.Xəlilin homoseksuallar tərəfindən bıçaqlandığını iddia edir. Aqil Xəlil isə bunun iftira olduğunu və istintaq zamanı müstəntiqlərin təzyiqinə məruz qaldığını deyir.


Aqil Xəlilin fevralın 22-də döyülməsi ilə bağlı cinayət işinə xitam verilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG